Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-22 07:46:05
3-5 aya müəllim olanlar: əmək haqqı uğurunda yeni hoqqa - Psixoloq problem

3-5 aylıq kurs oxumaqla psixoloq olmaq olarmı?

XXI əsrdə bütün sahələrdə, xüsusilə də təhsildə psixoloqa olan ehtiyac getdikcə artmaqdadır.

Məktəb illəri hər bir insan üçün  psixoloji baxımdan ən həssas dönəm sayılır.  Lakin bu gün  orta təhsil müəssisələrində ehtiyacı olan şagirdlərlə işləyəcək  məktəb psixoloqlarının kəmiyyət və keyfiyyətləri  heç də ürəkaçan deyil.

Azərbaycan təhsil sahəsində bu istiqamətdə xeyli boşluqlar var. Psixoloji xidmət haqqında əsasnamədə psixoloqun istənilən yaş mərhələsində olan uşaqların hərtərəfli şəxsi və intellektual inkişafını təmin etmək, istedadlı şagirdləri aşkarlamaq, onlarda özünütərbiyə bacarığını formalaşdırmaq kimi vəzifələri qeyd olunsa da, bu, hələ ki, formal xarakter daşıyır. Bəzi məktəblərdə ümumiyyətlə, psixoloq vəzifəsini icra edən mütəxəssis yoxdur. Bəzilərində isə bu boşluğu qeyri-ixtisas sahibi olan kadrlarla doldurmağa çalışırlar.

Valideynlərin çoxu isə təəssüf ki, övladlarının oxuduğu məktəbin psixoloqu ilə mütəmadi əlaqə saxlamaq əvəzinə, heç onunla qiyabi tanışlığa da can atmır. Bu isə şagirdlərin intellektual fərd kimi yetişməsinə, hətta onların gələcəkdə tutacağı sosial statuslarına təsirsiz ötüşməyəcək bir problemdir. 

Bu gün yüzlərlə şagirdin təhsil aldığı bir çox məktəbdə cəmi bir psixoloq ştatı  var ki, onun da öz işinə nə dərəcədə ciddi yanaşması sual altındadır. Əksər  tədris ocaqlarında başqa ixtisasa aid müəllimlər həm də məktəb  psixoloqu  kimi “fəaliyyət göstərirlər”.

305 fatimə qasımova 1manat

Quba rayonunda ixtisası üzrə məktəb psixoloqu kimi fəaliyyət göstərən Fatimə Qasımova AzEDU.az-a açıqlamasında bir çox məktəblərdə bu problemin yaşandığını vurğulayıb. Onun sözlərinə görə, digər fənn müəllimlərinin psixoloqları asanlıqla əvəzləməsi məktəblərdəki psixoloji xidmətə ağır zərbə vurur:

“Sırf psixologiya üzrə təhsil alan kadrlar dörd il ərzində nəzəriyyəni geniş şəkildə öyrənirlər. İxtisas artıranlar isə cəmi altı aya bütün proqramı mənimsəməyə çalışırlar. Axı dördillik nəzəriyyəni qısa müddətdə öyrənmək nə dərəcədə müsbət nəticə verə bilər?! Onlar özlərini ixtisastəhsilli psixoloqlarla eyniləşdirməyə çalışırlar və işə qəbul məsələsində bizi demək olar ki, üstələyirlər. İxtisasartırma kurslarına üz tutmalarının səbəbi isə öz dərs saatlarının az olmasıdır. Düşünürlər, belə olsa, daha çox dərs saatı götürə bilərlər ki,  bu da əməkhaqqının yüksək olması baxımından sərfəlidir. Məktəb psixoloqu kimi zəif fəaliyyətlərini də məhz az və qeyri-stabil maaş ilə əlaqələndirirlər. Bu halda, onları işləməyə təhrik edən, stimul verən heç nə olmur. Belələri daha çox kəmiyyətə üstünlük verənlərdir”.

Psixoloq həm də, bu işi icra edən qeyri-ixtisas sahiblərinin demək olar ki, yalnız əlavə maaş xətrinə işlədiklərini vurğulayıb:

“Məktəb psixoloqlarının əksəriyyəti öz üzərində işləmir, psixologiya ilə bağlı araşdırmalar aparmırlar. Amma təbii ki, bunu bütün qeyri-ixtisaslı kadrlara aid etmək olmaz. Bəzilərinə ikinci sahəsi olan psixologiya  həqiqətən, maraqlıdır. Sadəcə, 90%-i demək olar ki, yalnız əlavə maaş xətrinə işləyir. Psixoloq müxtəlif seminarlarda, psixoloji layihələrin, məruzələrin hazırlanmasında iştirak etməlidir”.

İxtisası politologiya olan, ixtisasartırma kursu keçərək, Dağlı kənd orta məktəbində psixoloq kimi çalışan Südabə Rizamova isə əksinə, şagirdlərlə lazımi qədər maraqlandığını, hətta ehtiyac olarsa, onların evlərinə gedib valideynləri ilə danışıqlar apardığını deyib:

“Uşaqların problemlərini araşdırıb, aradan qaldırılması üçün müntəzəm iş aparırıq. Hətta şagirdlərin evlərinə gedib, valideynləri ilə danışdığım vaxtlar da olub. Müxtəlif testlər vasitəsi ilə onların iş qabiliyyətini yoxlayırıq, özünü qiymətləndirmə, inam kimi keyfiyyətlər aşılayırıq. Həyəcanlarını aradan qaldırıb, gərginliyə qalib gəlmələrinə çalışırıq. Ailəsində hər hansı bir problem olan şagirdləri xüsusi  nəzarətdə saxlayırıq. Onlar üçün birinci sinifdən etibarən, psixoloji xəritə hazırlayırıq və bu, hər il davam edir.”

Buna baxmayaraq, özündən bir psixoloq kimi kifayət qədər razı qalmadığını bildirib:

“Bu, çox məsuliyyətli işdir. Hər bir uşağa fərdi yanaşmaq lazımdır. Çünki  hamının psixologiyası eyni deyil. Bu həm də ailədəki mühitdən asılıdır. Mən işimi çox sevirəm, amma bu sahədə yetərli olduğumu deyə bilmərəm. Heç kim mükəmməl deyil. İnsan nə qədər işləsə də, onun mütləq yetərli olmayan tərəfi, nöqsanı olur. Bu barədə yalnız şagirdlər fikir bildirə bilər.”

305 allahverdi eminov 1aze

Məsələ ilə bağlı AzEDU.az-a danışan təhsil üzrə mütəxəssis Allahverdi Eminov qeyri-ixtisaslı məktəb  psixoloqlarına münasibətinin çox pis olduğunu vurğulayıb:

“Əgər bir məktəbdə laboratoriya, eksperiment aparmaq üçün şərait yoxdursa, siz hansı psixoloqdan danışırsınız? Onlar bu sahəyə ixtisaslarını dəyişməklə yiyələnirlər. Anlamırlar ki, ixtisası dəyişməklə, üç-beşaylıq kurs oxumaqla psixoloq olmaq mümkün deyil. Mən 20 il ixtisasdəyişmə sahəsində çalışmışam. Özüm şahidi olmuşam ki, gəlib 6 ay oxumaqla, məktəb psixoloqu olurlar. Bunu aradan qaldırmaq üçün ümumiyyətlə, professional müəllimlərin dərs dediyi fakültə olmalıdır. Praktika keçirilməlidir. Müəllimlərin ixtisasartırma kursu keçib psixoloq kimi fəaliyyət göstərmələrini düzgün hesab etmirəm.”

Bu problem nə qədər kiçik görünsə də, eyni zamanda kifayət qədər ciddi məsələdir. Getdikcə artan və insan psixologiyasına təsir edən dövrü problemləri nəzərə alsaq, aydın olar ki, gələcək nəslin fiziki və psixoloji cəhətdən sağlamlığı hər zaman  diqqət mərkəzində olmalıdır.

Lamiyə Süleymanlı