Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 11:36:00
Fransa Beynəlxalq Təhsil İnstitutu ödənişsiz onlayn təlim proqramı elan edib

Fransa Beynəlxalq Təhsil İnstitutu fransızdilli mütəxəssislər üçün ödənişsiz onlayn təlim proqramı elan edib.

 

Azərbaycan Dillər Universitetindən AzEdu.az-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Fransa Beynəlxalq Təhsil İnstitutu hər il təşkil etdiyi ənənəvi BELC yay universitetini bu il ilk dəfə onlayn təşkil edəcək.

 

Təlim fransız dilini xarici dil kimi tədris edən kollec, lisey, universitet, eyni zamanda, orta məktəb müəllimləri üçün nəzərdə tutulur. Digər profilə sahib fransızdilli mütəxəssislər də təlimə qoşula bilərlər.

 

İştirakçıların təlimi iyulun 6-dan 31-dək müstəqil, tam şəkildə və ya qismən izləyə bilmək imkanları olacaq.

 

İyulun 15-dən 29-dək proqrama dəstək olaraq təlim Fransa Beynəlxalq Təhsil İnstitutunun peşəkar təlimçilərinin aktiv iştirakı və müşahidəsi ilə davam etdiriləcək. İştirakçıların çoxluğunu nəzərə alaraq bu dəstək asinxron (qeyri-bərabər vaxt intervalı) və kollektiv formada həyata keçiriləcək;

 

Məsafəli təlimdə iştirak etmək arzusunda olan fransız dilini tədris edən müəllimlərin və ya fransızdilli mütəxəssislərin iyunun 21-dək onlayn qeydiyyatdan keçmələri vacibdir.

 

Onlayn qeydiyyat və təlimlə bağlı digər məlumatları əldə etmək üçün www.ciep.fr/campus-numerique-2020 linkinə daxil olmaq lazımdır.

 

Sözügedən təlimlə paralel olaraq Fransa Beynəlxalq Təhsil İnstitutu öz tərəfdaşları ilə birgə pedaqoji, mədəni və maarifləndirici onlayn konfranslar, reportajlar, vebinarlar, slayd şoular təşkil etməyi nəzərdə tutur. Bu tədbirlərlə bağlı məlumatı linkdən https://www.ciep.fr/campus-numerique-2020 əldə etmək olar.

 

Bundan başqa, təlimdə iştirakla bağlı hər hansı sual yarandığı halda layihənin rəhbəri Ken Perezə ([email protected]) müraciət etmək mümkündür.