Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 16:07:00
Göz yaşında görüşənlər -  Aprel şəhidləri övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR  

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azedu.az  təhsil portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin məktəbli övladları arasında keçirilən “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzulu yazı müsabiqəsinin iştirakçıları mükafatlandırılıb. 

Bakı şəhəri,  Nərimanov rayonu 193 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə ilk dəfə olaraq Aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilən "25-lər"in görüşü keçirilib. 

Mərasimdə şəhidlərin həyat yoldaşları və övladları, Milli Məclisin deputatları - Eldəniz Səlimov, Elşad Həsənov, Çingiz Qənizadə, Mahir Abbaszadə, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Tahir Mirkişili, həmçinin, Cəsarət Valehov və Təhsil  Nazirliyinin digər nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Tədbir Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının giriş sözləri ilə başlayıb. O, layihə barədə iştirakçılara geniş məlumat verərək tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Daha sonra deputatlardan Sədaqət Vəliyeva,  Məlahət İbrahimqızı ,  Tahir Mirkişili,  Çingiz Qənizadə  və  başqaları çıxış edərək  Aprel şəhidlərinin şücaətlərindən danışıblar. 

Millət vəkili Mahir  Abbaszadə çıxışı zamanı Aprel şəhidi Raquf Orucovla olan xatirələrini də yada salıb: “Biz  Sumqayıtda qonşu olmuşuq. Raquf Orucovun toyu da mənim yadımdadır. Amma  təəssüf ki,  bu gün belə məkanda görüşdük”.

Çingiz Qənizadə çıxışı zamanı mərasimlə bağlı öz fikirlərini deyəndən sonra Aprel şəhidlərinin həyat yoldaşlarına müraciət edib:  “Allah sizə sağlıq versin ki, bu gözəl balaları böyüdüb ərsəyə çatdırasız”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı  çıxışı zamanı Azərbaycan dövlətinin şəhid ailələrini daimi diqqət mərkəzində saxladığını qeyd edib: “Hazırda etdiklərimiz cüzidir.  Xocalı faciəsi, 20 Yanvar faciəsi  yalnız ildönümlərində deyil, bütün il ərzində xatırlanmalıdır”.

Deputat Tahir Mirkişili çıxışında  ölkədə mübarizə ruhunun güclü olduğunu vurğulayıb. O bildirib ki, ən qısa zamanda torpaqlar işğaldan azad edilməlidir.

Şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova  isə aidiyyati QHT nümayəndəsi olsa da, tədbirdə sırf şəhid ailəsi kimi iştirak etdiyini deyib: “Mən burada QHT nümayəndəsi kimi yox, sırf şəhid ailəsi kimi çıxış edirəm

Tədbirdə həmçinin, Aprel şəhidlərinin övladları çıxış edib, şeirlər səsləndiriblər.  Xüsusən də  şəhid Rasim Məmmədovun oğlu Asim Məmmədov atası haqqında şeir söyləyən zaman mərasimin kövrək ovqatı bir qədər də artıb. Balaca Asim atasından bəhs edən şeiri səsləndirən zaman ağlayıb ki, bu da iştirakçıları göz yaşına boğub. 

Tədbirin gedişatı bu cür kövrək və qürurverici fonda davam edib. Hisslərini ifadə edə bilməyən şəhid xanımları, övladları, eləcə də qonaqlar göz yaşı dilində danışıblar… 

Xocalı soyqırımı zamanı hər iki valideynini itirənlər də söz alaraq, bu cür müsabiqələr vacibliyini vurğulayıblar. 

Daha sonra millət vəkilləri şəhid övladlarına hədiyyə və sertifikatları təqdim ediblər. Sonda Xocalı faciəsində hər iki valideynini itirənlənlərlə aprel şəhidlərinin övladları xatirə şəkli çəkdirib.