Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 15:24:00
Müəllimlər MİQ müsabiqəsində daha çox bu dəyişikliklərin olmasını istəyirlər - Məsul katib

 

“Müəllimlər MİQ-də 50 sualın ixtisasdan, 10 sualın isə kurikulumdan olmağını arzu edirlər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

 

O, İctimai Şura və Təhsil Nazirliyinin məsul şəxsləri arasında olan onlayn iclasda irəli sürülən məsələlərə aydınlıq gətirib.

 

“MİQ müsabiqəsində sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt ayrılır. İştirakçılar isə bunun iki saat olmasını tələb edirlər.

 

 

Burada spesifik sahələr var. Məsələn, riyaziyyat, fizika, kimya və biologiya. Bu ixtisaslardan olan müəllimlər daha çox vaxtdan şikayətlənirlər. Lakin nəticələrə əsasən deyə bilərik ki, bir çox namizəd ayrılan 90 dəqiqə ərzində sualların cavablandıra bilir. Əslində 90 dəqiqə normaldı və burada çox da zərurət olmadığını görürük. Amma növbəti imtahanlarda buna ehtiyac yaransa, həmin məsələni müzakirə edə bilərik”.

 

İlqar Orucov müəllimləri narahat edən digər bir məsələdən də söz açıb:

“Müəllim namizədləri narahat edən məsələlərdən biri də imtahan verdikdən sonra növbəti mərhələdə hansı sualları düz hansılarını isə səhv cavablandırdıqlarını bilməmələri idi. Bu məsələni biz diqqətdə saxladıq. Müəllim olmağa iddiaçı olan şəxslərin imtahan cavabları onlar müraciət etdiyi və apellyasiya şikayəti verdiyi təqdirdə təqdim olunacaq. Bununla bağlı heç bir problem nəzərdə tutulmayıb”.

 

Məsul katib müəllimlərin imtahanla bağlı əsas istəklərinin nə olduğunu vurğulayıb:

 

“Digər narahatlığa səbəb olan məsələlərdən biri də 40 sualın ixtisasdan təqdim olunması və təlim strategiyasına aid 20 sualın verilməsi idi. Namizədlər 50 sualın ixtisasdan, 10 sualın isə kurikulumdan olmağını arzu edillər. Həmçinin, müəllimlər tədris metodikası və təlim strategiyası ilə bağlı vahid ədəbiyyatın olmağını da istəyirlər. Biz bu məsələləri müzakirə etdik. Sualların azaldılması istiqamətində fikirlərimiz olduğu kimi qalır. Lakin vahid dərsliyin hazırlanması labüddü. Bununla bağlı müəllim namizədlərin narahatlığı aradan qalxacaq”.

 

Qeyd edək ki, iyunun 6-da İctimai Şura üzvləri ilə Təhsil nazirinin müşaviri Elnur Məmmədov və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun da qatıldığı onlayn iclas keçirilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları