Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 14:50:00
“Biz planetin uşaqlarıyıq” beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

İyunun 10-da məktəbdənkənar fəaliyyət üzrə “Biz planetin uşaqlarıyıq” onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mayın 20-dən iyunun 10-dək keçirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, mövcud COVID-19 pandemiyası ilə əlaqədar onlayn formada təşkil edilən müsabiqənin keçirilməsində əsas məqsəd karantin müddəti ərzində uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

 

Müsabiqəyə respublikanın regionları və Bakı şəhərində fəaliyyət göstərən 50 uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri ilə yanaşı, ABŞ, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Belarus məktəbliləri də qatılıb.

 

2 mərhələ və 3 yaş qrupu (6-9, 10-13 və 14-18) üzrə keçirilən müsabiqəyə ümumilikdə 2000 nəfərdən artıq iştirakçı tərəfindən 2350 rəsm işi təqdim edilib. Təqdim edilən rəsmlərin işləmə texnikası sərbəst olub.

İyunun 9-da müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilən münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə işlər qiymətləndirilərək qaliblər müəyyən olunub. Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif edilib.