Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 11:32:00
Təhsil sisteminin son trendləri nələrdən ibarətdir? MÜTƏXƏSSİS 

"Dünya hərtərəfli modernləşir və buna səbəb olaraq həm mental aspektlərin, həm də texnologiyanın inkişafını göstərmək olar. Bu inkişaf təbii ki, təhsil sistemindən də yan keçmir və bu sahədə də yeni trendlər özünü biruzə verir. İlk öncə insanların düşüncə tərzinin dəyişməsi və iş mühitinin tələblərinə uyğun olaraq yeni yanaşmalar ortaya çıxıb. Buna misal olaraq qeyd etmək olar ki, artıq təhsil almaq yaş həddi ilə sərhədlənmir. Belə ki, “Həyat boyu təhsil” (Lifelongeducation) anlayışı daha geniş şəkildə yayılır. Texnoloji inkişaf insana olan tələbi azaltdıqca insan kapitalı fərdləri arasında rəqabət mühiti güclənir. Müvafiq kadr yalnızca ona olan tələbatı qoruyub saxlamaq üçün daima inkişaf etməlidir, karyera pilləsində yüksəlmək kimi nəticələr isə daha çox səriştə tələb edir. Son zamanlar aktuallıq qazanan “Alisa effekti” (güzgülər aləmində Alisanın prinsipinə əsasən) bunu daha aydın izah etməyə yardım edə bilər. Belə ki, bu effektə əsasən olduğun yerdə qalmaq üçün qaçmalısan, irəli getmək üçün isə iki dəfə daha sürətli qaçmalısan. Məhz, bu səbəbdən insanların təhsili ənənəvi təhsil pillələrini (bakalavr,magistr, fəlsəfə doktoru və s.) qazandıqdan sonra da müxtəlif ixtisas artırmalar, kurslar və sairə ilə davam edir. Bu səbəbdən son dövrlərdə “andraqoqika”- yaşlı insanlara hədəflənən tədris termini aktuallıq qazanır".

 

AzEdu.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Məsumə Talıbova deyib.

 

Məsumə Talıbova bildirib ki, təhsilə baxışın dəyişməsi ilə bağlı digər məqam ixtisas dəyişiminin daha tez-tez baş verməsidir: "Bunun səbəbi yanlış ixtisas seçimlərinin artması deyil, ixtisas dəyişmənin insanlar tərəfindən öncələr olduğu kimi çətin və uzun zaman tələb edən bir proses olaraq qəbul olunmamasıdır. Qiyabi təhsilin distant təhsil ilə əvəzlənməsi, universitetlərin qısa müddətli onlayn ixtisas artırma proqramları və əlavə peşə kurslarının yaradılması, qəbulu daha yumşaq şərtlərlə həyata keçirən özəl universitetlərin sayının artması və daha sərfəli qiymətlərlə təhsil almaq imkanlarının yaranması kimi amillər bu prosesi asanlaşdırıb. Digər tərəfdən son zamanlarda iş mühitində kəmiyyət və keyfiyyət balansında keyfiyyətin xeyrinə bir disbalans yarandığını qeyd etmək olar. Yəni, öncələr maddi qazanc əldə olunması və kəmiyyət daha önəmli hesab olunurdusa, günümüzdə daha çox işin və iş mühitinin keyfiyyətinə, psixoloji və emosional amillərə daha çox diqqət edilir. Başqa sözlə, “işini sevmək hər şeydən önəmlidir” yanaşması daha çox populyarlıq qazanıb. Əlbəttə bu balansda nisbilik ölkələrin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Belə ki, həyatda qalmaq uğrunda mücadilə edən yoxsul ölkələrin vətəndaşları üçün hələ də kəmiyyət anlayışı dominantlıq təşkil edir. İş mühitinin tələblərinə uyğun olaraq təhsil sistemində yenilik hesab olunan digər bir tendensiya hibrid kadrların ( iki və daha artıq sahədə ixtisaslaşmış) yetişdirilməsidir. Ənənəvi yanaşmalara görə bir istiqamətdə dar, lakin dərin ixtisaslaşma önəmli hesab olunurdusa, günümüzdə bu yanaşma dəyişərək əksinə daha geniş bacarıqlı kadrların əmək bazarında daha çox tələb olunmasına səbəb olub. Geniş bacarıqlı dedikdə də bir neçə ixtisasa qeyri-peşəkar sahib olmaq deyil, əsas ixtisasın daha kreativ əlavə bacarıqlar və digər ixtisasla birləşdirilmiş olması nəzərdə tutulur. Məsələn, iqtisadçının psixologiya, informatika və proqramlaşdırma, fəlsəfə kimi sahələrdə əlavə bacarıqlarının olması onu sadəcə iqtisadi sahədə daha güclü ixtisaslaşmış bir kadrdan bir addım önə çəkir. Xüsusilə də texnoloji biliklərin əlavə olaraq tələb olunmasına daha çox rast gəlinir. Belə kadrlara tələbatın çox olmasını nəzərə alaraq universitetlərdə iki ixtisası birləşdirən proqramlar hazırlanmağa başlayıb. İlk dəfə Pensilvaniya universitetinin nəzdində “Uorton” biznes məktəbində yaradılan (1977-ci il) biznesin idarə edilməsi və kompyuter mühəndisliyi ixtisaslarını birləşdirən proqram 2016-cı ildən Berkli Kaliforniya Universitetində də “İnformasiya Texnologiyalarının idərə olunması (InformationTechnology Management) proqramı adı ilə tədris olunmağa başlayıb. Tibbin texnologiyası, kənd təsərrüfatının texnologiyası və sairə sahələrin texnoloji biliklərlə birləşdirilməsi nəticəsində yaranan ixtisaslar aktuallıq qazanmağa davam edir. Təhsillə bağlı yeni yanaşmalar təhsil sisteminin daha mobil, daha əlçatan olmasını tələb edərək yeni texnoloji yeniliklərin bu sahədə tətbiqini zəruri edir. Texnoloji inkişafın təhsil sisteminə inteqrasiyası isə təhsil texnologiyası - “EdTech” (educationaltechnology) termininin formalaşmasına səbəb olub. Çoxları yeni təhsil texnologiyaları dedikdə yalnız məsafədən onlayn dərslərin nəzərdə tutulduğunu düşünür, lakin bu anlayış daha çox yüksək texnoloji həllərin, yeni yanaşmaların və metodların tətbiq olunduğu bir təhsil sistemini izah edir".