Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 14:36:00
Naxçıvanda ümumi təhsil müəssisələrində işə qəbul üçün test imtahanları keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına başlanılıb. Test imtahanlarının keçirilməsində əsas məqsəd yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik kadrların seçilərək həmin təhsil müəssisələrinə yerləşdirilməsidir.

 

AzEdu.az-ın məlumatına görə, müsabiqəyə çıxarılmış 140 vakant vəzifənin tutulması üçün 160 namizəd sənəd təqdim edib. Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir.

 

Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq.

 

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.Tərbiyəçi, psiхоlоq, uşaq birliyi təşkilatının rəhbəri, laborant, kitabxana müdiri, kitabхanaçı vəzifələrinə, işə qəbul üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

 

İmtahanda iştirakçılar tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunub. 

 

Dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi, yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilirlər.

 

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara “test imtahanının nəticəsinə dair arayış” təqdim edilir.

 

Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 18 iyun 2020-ci il tarixədək davam edəcək.