Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 13:37:00
Şagirdlərdə məktəbə və oxumağa münasibətin sosial və psixoloji səbəbləri -ARAŞDIRMA

 

AzEdu.az təhsil mütəxəssisi, psixoloq-pedaqoq Əli İbrahimbəylinin araşdırma yazısını təqdim edir:

 

Təhsil hər bir toplumun, cəmiyyətin və ailənin həyatında ən əhəmiyyətli məsələdir. Təhsil və tər­bi­yəyə önəm verən istənilən millət, cəmiyyət, ailə, insan özünün xoşbəxt və firavan yaşaması üçün daha böyük imkanlara malik olur.  Bu gün dünyada ən inkişaf etmiş olkələr, ən firavan ya­şayan millətlər təhsildə öndə olan ölkələr və millətlərdir. 

 

 Yaxşı haldır ki, ilbəil, zaman-zaman bizdə də təhsil və tərbiyə məsələlərinə daha çox önəm verilir. Dövlət səviyyəsində bu sahədə görülən yaxşı işlərlə bərabər, insanlarımız­da da övladla­rının daha yüksək təhsil almasına xeyli maraq və diqqət artıb.

 

 

Bu gün hər bir valideyn böyük alim Nəsirəddin Tusinin vaxtilə dediyi “ Valideynin övladı üçün qoya biləcəyi ən böyük miras yüksək təhsil və gözəl tərbiyədir” –fikrinə daha həssaslıqla yana­şır, çalışır ki, onun övladı ən yaxşı məktəbdə əla qiymətlərlə oxusun, yük­sək təhsil alsın, bir neçə xarici dil bilsin, müasir dünyamızın tələblərinə cavab verən kompüter elmlərinə yiyələnsin.   Bu günkü valideynin vəzifəsi və məsuliyyəti daha böyükdür, çünki o, məktəblə bərabər daha da müasirləşən, qloballaşan dünya üçün vətəndaş-insan hazırlayır. 

 

 

Bütün bu yaxşı tərəflərlə yanaşı, məsələnin narahatedici tərəfləri də var ki, onların səbəblərini həm ümumi, həm pedaqoji, həm də psixoloji nöqteyi-nəzərdən təhlilini verməyə çalışacağıq.

 

  Məlum faktdır ki, ailədən sonra uşaqların ən çox vaxt keçirdiyi yer məktəbdir.  Məktəb uşa­ğın təkcə elm, təhsil qazanmağı üçün yox, həm də  tərbiyə aldığı, ünsiyyət­də olduğu ən vacib bir məkandır.  Hər bir insanın taleyində məktəb həyatı xüsusi əhə­miy­yət daşıyır. Bəs nədən böyük və arzularla başlanan məktəb həyatı sonradan bir çoxları üçün darıxdırıcı bir həyata çevrilir?

 

Hər gün böyük həvəslə məktəbə yola düşən, dərslərdə fəal iştirak edən, yaxşı qiy­mətlərlə evə qayıdıb ailə üzvlərini sevindirən şagirdlərlə bərabər, hələ səhər-səhər giley­lə oyanan, həvəs­siz məktəbə gedən, neçə saat əzabla dərslərin sonunu gözləyən, evə gələndən sonra isə ancaq məktəb, müəllim və sinif yoldaşlarından şikayətlənən xeyli şagirdlərimiz də var. Yəni zəif oxu­yan, məktəbə, təhsilə, kitab-dəftərə həvəsi olmayan, ümumilikdə, məktəbə getməyən və oxumaq istəməyən uşaqlar var ki, bu problem də  bir çox ailələrdə narahatçılıq mənbəyinə çevrilərək psixoloji gərginlik yaradır.

            Təəssüf ki,  həyata, təxminən, eyni ağıl və bacarıqlarla gələn uşaqların bir çoxu bir müddət yaxşı oxu­duqları, inkişaf etdikləri halda,  sonradan  dərslərdə keçirilən möv­zuları mənim­səyə bilmir, geridə qalır və ya dərslərə, məktəbə marağı itirir. Son hesabda isə özləri sinif yoldaşları, müəllimləri arasında maraqsız bir insana çevrilir. Nəticədə isə, ailə­də problemlər yaşanır, ailə və məktəb arasında xoşagəlməyən münasibətlər formalaşır. 

             

 Şagird məktəbə oxumaq, öyrənmək, oynamaq, ünsiyyətdə olmaq üçün gəlir, çünki onu burada qeyri-adi, ağıllı, xeyirxah insanlarla-müəllimləri və dostları ilə  görüş gözlə­yir, ona görə qəlbi açıq və sadəlövhdir. O, məktəbə yeni gələndə çox sevinclə, böyük ümidlərlə gəlir, ancaq bir vaxt­dan sonra   onun qəlbindəki işıq sönür, çox vaxt təbiət tərəfindən o uşaqlara verilmiş baca­rıq­lar istifadə olunmadan yararsız vəziyyətə düşür? Onda məktəbə, müəllimlərə, dərslərinə qarşı bir həvəssizlik, süstlük yaranır,

 

 

 Məktəbdirmi günahkar, müəllimdirmi səbəbkar?  Ola bilər, ancaq, ümumilikdə məktə­bi, mü­əl­limi  günahlandırmaq necə də asandır. Unutmayaq ki, onların  da yüzlərlə öz problemləri var...

  

 

Görkəmli rus pedaqoqu İ.P.Volkov deyirdi: “Bütün uşaqlar istedadlıdır. Məktəb onların hər birinin   istedad və bacarığının üzə çıxmasına kömək etməlidir. Uşaqlar öz məktəbini, müəllimlərini sevdikdə, oxumaq onlar üçün daha maraqlı olur”. 

 

 

Bəs əslində nə baş verir? Məktəbə davamiyyətin, dərslərə həvəsin, müəllim və sinif yol­daş­larına sevginin azalması səbəbləri nədən və hardan qaynaqlanır? Səbəblər yüz­lərlə ola bilər, onlardan  əsas və geniş yayılmışlarını nəzərdən keçirək:

 

 

  1. Fizioloji səbəblər; müəyyən xəstəliklər, fiziki zəiflik, əqli sahədə müəyyən prob­lemlər,  yuxu və qidalanma rejiminin düzgün qurulmaması,  yaşla bağlı yaranan fizioloji və psixoloji dəyişiklərdən doğan məsələlər (əsasən, yuxarı sinif şagird­lərin­də, yəni yetkinlik yaşına çatmış uşaqlarda qarşı cinsə maraq, ilk məhəbbət hissləri, meyl və bunun nəticəsi olaraq davranışlarında,  ətrafa münasibətində,  maraq­larında dəyişikliklər və s.) özünü göstərir.
  2. Psixoloji səbəblər; emosional gərginlik, uzunmüddətli yorğunluq, stress, dep­­ressiya, xarakter və temperamentdən yaranan problemlər (məktəb və sinif şəraitinə uyuşma­maz­lıq, adaptasiyanın ləngliyi, sinif yoldaşları ilə yaranan konfliktlər və s.).
  • Digər səbəblər;
  • Ailədən gələn səbəblər;
  1. ailənin sosial durumu (maddi təminatın zəif olması, həyat şəraitinin aşağı olması, mənəvi və mədəni səviyyənin aşağı olması, elm və təhsilə həvəsin olmaması, gə­lə­cək üçün heç bir real məq­sədin qarşıya qoyulmaması və s.);
  2. ailənin psixoloji durumu (ailədaxili münasibətlər, tez-tez baş verən mübahi­sələr, münaqişələr, daimi gərginlik, təzyiq, stress və s.);
  3. ailədə uşaqlara münasibətdə ayrı-seçkilik, birinin “favorit” statusu, o birinin daim təzyiq və hücum altında olması;
  4. uşağa sevgisizlik, laqeydlik, inamsızlıq, etibarsızlıq və bunun qabarıq, kobud şəkildə bildirilməsi;
  5. uşağın normadan artıq yüklənməsi-dərsdən sonra idman, musiqi, rəsm, dil kursları və s.;
  6. baba-nənə yanında yaşayanlarda ikiqütblü münasibətlərin olması;
  7. ancaq yaxşı qiymət almaq üçün oxumaq “xəstəliyi” (bəzi uşaqlardan hazır­laşdığı dərsi soruşmayanda, həvəsdən düşür və növbəti dərslərə hazırlaş­maq istəmir).

 

  • Məktəbdən gələn səbəblər:
  1. dərs cədvəlinin pedaqoji, psixoloji baxımdan düzgün təşkil olunmama­sı (çətin dərslərin bir günə salınması, çətin və asan dərslərin ardıcıllığı prinsipinin pozulması və s.)
  2. məktəbdə və sinifdə yaxşı pedaqoji- psixoloji mühitin zəifliyi;
  3. dərslərin yeknəsək, yorucu keçirilməsi və fənnə marağın azalması;

 konkret hansısa fənnin çətinliyi, yaxşı qavranılmaması və nəticədə həmin fənnə marağın azalması;

  1. sinif rəhbərinin, fənn müəlliminin mütəmadi təzyiqləri, yaxşı oxumaq üçün heç bir həvəsləndirici motivasiyanın olmaması;
  2. məktəbdənkənar və sinifdənxarıc tədbirlərin, görüşlərin, ekskursiya­ların çox az keçirilməsi və ya heç keçirilməməsi;
  3. hansısa müəllim və ya sinif yoldaşı ilə uzunmüddətli konflikt və s.

 

      Əlavə olaraq sözügedən səbəblərdən  ikisini xüsusi vurğulamaq lazımdır:

  • Sirr deyil ki, əksər məktəblərin ibtidai siniflərində 4 fənnin (musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə) tədrisi ya çox aşağı səviyyədə, ya da, ümumiyyətlə yox səviyyəsindədir. Adətən, həmin fənlərin yerinə ibtidai sinif müəllimi ya azərbaycan dili, ya da riyaziyyat dərslərini əlavə olaraq keçir. Bunu da onunla əsaslandırır ki, bu 4 fənn uşaqlara əlavə yükdür, onsuz da əsas dərslərdən çatdıra bilmirlər. Əslində isə nə baş verir? Müəllim o fənləri zəif bildiyinə görə əziyyət çəkir və bu fənlərin yerinə lazım bildiyi dərsləri keçir. Uşaqlar isə əvəzində yersiz təkrarçılıqdan yorulur. Ən əsası  isə müəllim dövlət tərəfindən qəbul edilmiş tədris proqramını pozur, gələcəyin rəssam, musiqiçi, idmançı və sənətkarını peşənin sirlərinə yiyələnməyində  əngəlləyir.
  • İkinci səbəb; şagirdlər  9-11-ci siniflərdə oxuyarkən, ali məktəblərə yüksək balla qəbul olunmaq üçün əlavə müəllim (repetitor) yanına gedir və bu səbəbdən də  həddən artıq yüklənərək  dərslərə davamiyyətləri aşağı düşür. Bunun da nəticəsində əsas diqqətin 5 fənnə yönəlməsidir.  Nəticədə məktəbli fiziki, əqli, emosional-psixoloji baxımdan həddən artıq yorulur.  Bundan əlavə, son 2-3 ili şagird məktəb kollektivindən də aralı düşür, ən vacib təlabatlardan biri olan ünsiyyət təlabatından məhrum olur, nitq və ünsiyyət qabiliy­yəti zəifləyir, verilən suallara ancaq testdə olduğu kimi qısa, konkret cavablar verir.

 

   Uşaqların dərsləri  yaxşı oxumamaqlarına səbəb olan amillərdən biri də fənn müəllim­lərinin şagirdləri normadan artıq ev tapşırıqları ilə yükləməsidir. Sanki yarış gedir, hansı fəndən daha çox tapşırıq verilirsə, deməli o fənn daha yaxşı keçirilir. Əslində isə, yaxşı müəllim mövzunu sinifdə dərs məşğələsi zamanı uşaqlara başa salmalıdır. Ancaq bəzən dərs vaxtının düzgün bö­lünməməsi, əsas vaxtın  kənar mövzulara verilməsi nəticəsində, müəllim sinifdə həll ediləcək tapşırıqları da evə verməli olur.

    Bir çox xarici ölkələrin təhsil sistemində əsas prinsiplərdən biri yeni mövzunu, əsasən, dərs məşğələsi zamanı öyrətməkdir. Bizdə bəzən şagirdlər ev tapşırıqları ilə o qədər yüklənir ki, evə gələn kimi yeməkdən də qabaq tapşırıqların həllinə başlayır. 

   Buna kiçik bir misal: 5-ci sinifdə Azərbaycan dili fənnindən  “Təcili qan lazımdır” heka­yə­si keçirilir. Ev tapşırığı kimi verilir:

1)         Mətni üzündən ifadəli oxumaq;

2)         Mətni nağıl etmək;

3)         Mətni dəyişdirərək, obrazlardan birinin dili ilə hekayə yazmaq;

4)         “Dostluq nədir?” mövzusunda inşa yazmaq.

Bir fəndən verilən bu qədər tapşırığın bir şagird tərəfindən yerinə yetirilməsi müşkül məsələdir. Bəs tapşırıq necə həll olunur? İnşanı ana yazır, yeni hekayəni ata hazırlayır, şagird isə bu hazır materialı öz xətti ilə dəftərinə köçürür.

 

    Məşhur bir deyim var: “Pis uşaq yoxdur, pis tərbiyəçi var.”  Fiziki və psixoloji baxım­dan sağ­lam olan, lakin  tam şəkildə istedadsız, ba­carıqsız və qabiliyyətsiz uşaq da yox­dur, bunları üzə çıxartmağı bacarmayan tərbiyəçi var, yəni valideyn və müəllim. Bütün uşaqlar yeniliyə, bilmə­dik­­ləri şeyləri araşdırmağa meyllidirlər. Onlar öyrənmək istəyirlər, əsas məsələ isə, o, nəyi öy­rən­­mək və necə öyrənmək istəyir. Bu məqamda müəllim çox diqqətli və həssas olmalıdır. Yəni müəllimdə uşaqlara kollektiv yox, fərdi yanaşmaq, on­la­rın hər birinin fizioloji, əqli və psixoloji xüsusiyyətlərini nəzərə almalıdır. Bunun üçünsə,  müəllim daim öz üzərində işləməli, mütaliəsini artırmalı, uşaqların yaş və inkişaf psixo­logiyasıilə bağlı  lazımi ədəbiyyatı bilməlidir.  Görkəmli  psixoloq G.Lefran­su­a qeyd edir ki:  "İnkişafın psixologiyası insanların necə inkişaf etməsini və dəyiş­məsi­ni, eyni bir şeyi müxtəlif ölçülərlə necə qavranmasını açıqlamağa və izah etməyə çalı­şır. Kontekstin inkişaf təsirini araşdırır. Müxtəlif yaşlı və cinsli inkişaf xarakteristikası haqqın­da müəl­limlərə zəruri informasiya verir. Müəllim həmişə bilməldir ki, şagirdlər üçün nə maraqlıdır, onlar nəyə qadirdilər və öyrənməyə nə qədər hazırdırlar?”

   Uşaqların  təfəkkür tərzini (huma­nitar və ya məntiqi, rasional), temperamentini (xole­rik, sanq­vinik, fleqmatik, yoxsa melanxolik), xarakter xüsusiyyətlərini nəzərə almadan tərbiyə və tədris prosesində yaxşı nəticə əldə etmək mümkün deyil.  Bütün uşaqlar riyaziyyatı yaxşı oxuya bil­məz, bütün uşaqlar yaxşı inşa yaza bil­məz. Hamı eyni səviyyədə bütün fənləri öyrənə bilməz. Çox təəssüf ki, bəzən riyaziy­yat müəllimi istəyir ki, sinifdə olan bütün uşaqlar gələcəyin ancaq riyaziyyatçısi, dil müəllimi isə onları ancaq gələcəyin dilçisi görmək istəyir.

   Şagirdlərin hansısa fənni yaxşı və ya zəif oxuması birbaşa o fənni tədris edən müəl­lim­dən çox asılıdır. Öz fənnini yaxşı, maraqlı, zamanın tələbləri səviyyəsində, müasir interaktiv üsullarla, əla­və tədris vəsaitləri ilə (bu, müxtəlif əyani, audio-vizual vəsaitlər də ola bilər) tədris edən, uşaq­­lara sevgi və hörmətlə yanaşan müəllimin dərsini oxumamaq mümkün deyil. Dərsə maraq birbaşa müəllimə maraqdan, hörmətdən və sevgidən yara­nır, yəni müəllim uşaqlar üçün maraq­lıdırsa, sevilirsə, onun fənni də maraqlı olacaq və seviləcək. Savadlı, əsl müəllimin dərsini din­ləməmək, oxumamaq mümkün deyil. Çox vaxt hansısa fənnə marağın olmaması, həmin fənni tədris edən müəlimə olan hörmətin və sevginin az və ya heç olmamasından yaranır. Bir sözlə, sevilən müəllimin dərsi də sevilən olacaq.

 

Son vaxtlar bütün dünyada yayılmış koronovirus pandemiyası ilə bağlı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq 3 aya yaxındır ki, bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldığından, məktəblilər ev şəraitində hazırlaşır. Yaranmış mövcud vəziyyətlə bağlı uşaqların gündəlik həyatında, hərəkət və davranışlarında, yuxu rejimində müəyyən dəyişikliklər yaranmışdır. Bütün bunlarla bağlı məsələləri növbəti məqalədə daha geniş şəkildə işıqlandırmağa çalışacağıq.

 

Zəif oxuyan uşaqlarla ünsiyyətdə nələrə diqqət yetirməli:

 

  1. uşaqlara heç vaxt fiziki güc tətbiq etməməli, daim hücum və təzyiq altında saxlamamalı; ən yaxşı halda bu onlarda emosional-psixi gərginlik, stress, bəzən isə evdən qaçmaq və özünəqəsd fikirləri yarada bilər;
  2. onlarla sərt və kobud rəftar etməməli; bu uşaqlarda qorxu hissi, yalan danışmaq vərdişi yaradır, sizə isə inamı itir. Unutmayaq ki, hər zaman təhqir görən uşaq gələcəkdə bütov şəxsiyyət ola bilməz;
  3. başqaları ilə müqayisə edib onu aşağılayaraq, onun heysiyyatına toxunmamalı, çünki bu halda onda özünə­güvən hissini məhv edirsiniz;
  4. uşaqlardan çox yüksək şeylər tələb etməməli, onların daşıya biləcəyi yük öz fiziki, əqli və psixoloji vəziyyətlərinə uyğun olmalıdır;
  5. tələb etməyin ki, xaraktercə sizin kimi olsun, öz surətinizi yaratmırsınız, onun “siz” yox, “özü” olmağına və bir fərd kimi formalaşmasına imkan verin;
  6. kiçik səhvlərini və hərəkətlərini mikroskop altına salıb şişirtməməli, bu səhvləri ümumi müzakirəyə çıxarmamalı, uşağınız haqqında başqaları ilə qiybət etməməli;
  7. xoşlamadığınız nə varsa, onu öz aranızda dost­ca­sına müzakirə və həll etməli;
  8. sözlərinizdə diqqətli olmalı, əhəmiyyətsiz saydığınız bir sözlə onu uzun müddət narahat edə bilərsiniz. Acı, neqativ sözlərdən yox, onlarda özünə inamı, gələcəyə ümidi artıran, motivasiya edən pozitiv sözlərdən daha çox istifadə etməli;
  9. məktəb və müəllim haqqında olan söhbətlərdə heç vaxt aşağılayıcı fikirlər söyləməməli, çünki bu, onlarda məktəbə və müəllimə hörmət və sevgini azaldır;
  10. uşaqlarınızı müxtəlif vədlərlə (yaxşı oxusan-bunu alacam, dərsi öyrən – istədiyin yerə gedək və s.) oxumağa yönəltməməli; bu sirkdəki heyvanlarla olan təlim üsu­luna bənzəyir, ağzına bir şey atsan, nəsə eləyəcək, qoymasan durub baxacaq;
  11. mümkün qədər telefon, televizor və kompüterdən istifadəni məhdudlaşdırmalı, və ya günlük, həftəlik rejim qoymalı;
  12. getdiyiniz bütün tədbirlərə, qonaqlıqlara uşaqları götürməyə çalışmayın, ən yaxşısı onlara uyğun tədbirlərdə (muzey, teatr, kino, kitab və ya rəsm sərgisi və s.) bir yerdə iştirak edin;
  13. uşaqlarınızla düşmən kimi rəftar etməməli, onları dost kimi sevməli. Çünki bütün məsələlərdə sevgi ən gözəl dərmandır;
  14. hər hansı mənfi bir hala həmin zaman kəsiyindən yox, ümumi zaman kontekstin­dən yanaşmalı. Bu gün pis olan, xoşa gəlməyən sabah yaxşı və gözəl bir halla əvəz oluna bilər. Bu gün dərsdən alınan 2 qiymətini faciə kimi qəbul etməməli. Nəzərə alaq ki, həyatda hər şey nisbi olmaqla yanaşı, həm də dəyişkəndir. Dahi alimlərin hə­ya­tına nəzər salsaq, görərik ki, onların əksəriyyəti (Nyuton, Darvin, Paskal, Volter, Eynşteyn və ) məktəb vaxtı seçilməyən və sevilməyən şagirdlər olublar. Dahi rus şairi A.S.Puş­kin liseydə ən zəif oxuyan şagirdlərdən biri olub, riyaziyyat dərslərində ağlayarmış, rus yazıçısı A.P.Çexov gimnaziyada oxuduğu vaxt 2 il bir sinifdə qalmışdır, Napoleon riyaziyyatdan başqa bütün fənlərdən 2-3 alırmış, Eynşteynin valideynləri çox narahat olurdular ki, bu uşağın sonu necə olacaq və s. Amerika psixoloqları 400 nəfər tanınmış alimin tərcümeyi-halını təhlil eləyərək bu qənaətə gəliblər ki, onların 240 nəfəri məktəbdə problemli uşaqlar olublar. Son olaraq bunu da unutmayaq ki, əla oxumaq, yaxşı insan olmaq – hələ  sağlam və xoşbəxt yaşamaq demək deyil;
  15. uşaqlara daha çox zaman ayırmalı -söhbət üçün, gəzinti üçün, sadəcə, bir yerdə olmaq üçün;
  16. uşağınız uzun müddət susqundursa, özünə qapanıbsa, bu çox ciddi siqnaldır, onunla səmimi olmalı, dərdlərini dinləməli, problemlərini birgə həll etməyə çalışmalı;
  17. uşaqların öz dostları ilə oynamağına, ünsiyyətdə olmağına sədd çəkməməli, onların buna ehtiyacı var, sadəcə, dostlarının kim olduğuna diqqət yetirməli;
  18. uşağı, onun əxlaqına, tərbiyəsinə mənfi təsir göstərə biləcək şəraitlərdən, insanlardan uzaqlaşdırmağa çalışmalı. Bu yaşında o, son dərəcə həssasdır və istənilən təsir altına düşə bilər;
  19. uşaqlardan tələb etdiyiniz şeylərin əksini özünüz etməməli. Unutmayaq ki, ən gözəl tərbiyə şəxsi nümunədir. Hər gün övladından yaxşı oxumağı tələb edən valideyn özü kitaba, mütaliəyə, elmə, təhsilə biganədirsə və ya yaxşı oxumaqla deyil, başqa bacarıqları ilə gəlib cəmiyyətdə yaxşı bir yer tutubsa, onun hər gün verdiyi tövsiyyələr nəticəsiz qalacaq; 
  20. uşaqlarınıza inanmalı, onları sevməli və qorumalı. Əgər o, ”Mən oxumaq istəmirəm”, “Məktəbə getmək istəmirəm” ,- deyirsə, deməli bu sözlərin arxasında ciddi narahat­çı­lıqlar var, çalışın birlikdə yaranmış problemləri həll edəsiniz. Çünki hazırda məktəbdə oxumaq həqiqətən çətindir (proqramların və mövzuların getdicə çətinləşməsi, bəzi möv­zuların qəliz dildə izahı, dərslikdən başqa çoxlu əlavə dərs vəsaitləri və s.).  Bu çətin, məsuliyyətli işdə uşaqlarınıza səbr və dəyanətlə kömək etməyə və bu uzun yolda ona dayaq olmağa çalışın.