Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 13:12:00
Təhsil jurnalistlərinin macəraları - "Maşınımızla uçurum arasında  50 sm məsafə var idi, az qala..."-MARAQLI

Jurnalistika elə sahədir ki, burada yeniliklər daima özünü göstərir. Media nümayəndələrinin də başına bir çox hallarda fərqli və bir o qədər də maraqlı hadisələr gəlir.

 

AzEdu.az-a danışan təhsil jurnalistləri iş prosesində qarşılaşdıqları maraqlı hadisələrdən söz açırlar:

 

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoy başına gələn maraqlı və təhlükəli hadisədən söz açır:

 

“11 ildir ki, təhsillə bağlı qəzetdə çalışıram. Bu müddətdə bir çox maraqlı, yaddaqalan hadisələrlə rastlaşmışam. Onlardan biri də 2011- ci ilə təsadüf edib. Həmin ilin fevralında Təhsil Nazirliyinin iki əməkdaşı ilə birgə ucqar dağ rayonu olan Lerikə bir həftəlik ezam olunduq. Məqsəd adıçəkilən bölgədən nazirliyə daxil olan çoxsaylı şikayət məktublarını yerindəcə araşdırmaq idi. Mənim üzərimə düşən vəzifə isə həmin araşdırmalar haqqında yazı hazırlamaq, nəticələri təhsil ictimaiyyətinə çatdırmaq idi.

Həmin müddətdə Lerikin bir çox kəndlərində olduq. Bir gün adını çəkmək istəmədiyim ən ucqar kəndə getməli idik. Öyrəndik ki, ora rayon mərkəzindən 25-27 km uzaqlıqda, çox yüksəklikdə yerləşirdi. Yerli təhsil idarəetmə orqanlarının nümayəndələri həmin kəndə gediş-gəlişin çox çətin və təhlükəli olduğunu, məcburiyyət yaranmadığı halda bu kəndə oktyabr- noyabr ayından, may ayına kimi getməyin riskli olduğunu dedilər. Əlqərəz, nümayəndə heyəti riskli olsa da getməyin vacibliyi qənaətinə gəldi.

 


Yerli nümayəndələr təklifimizi gördükdən sonra məsləhət bildilər ki, həmin əraziyə yalnız UAZ markalı maşınlarla gedə bilərik. Çox çətinliklə iki avtomobil tapıldı. Həmin nəqliyyat vasitələri rayon ərazisində taksi fəaliyyəti ilə məşğul idilər. Ən yüksək məbləğə belə bu yolu getməyə razı olmadılar. Nəysə, birtəhər onları yola gətirdik. Açığı deyim ki, işimizin məsuliyyəti nə qədər çox idisə, bir o qədər də həyacanımız var idi. Yol boyu rastlaşdığımız sıldırım qayalar, yarım metrə yaxın qar istər- istəməz həyacan doğururdu. Duman bəzən elə qatı olurdu ki, 4-5 metr qabağı görmək mümkün olmurdu. Maşının təkərləri ilə sıldırım qayanın arası 50-60 sm idi. Düşünəndə ki,maşın bir az sürüşsə, bizə nələr gözləyir insanı vahimə bürüyürdü. Bütün bu çətinliklərə, həyacana baxmayaraq biz həmin kəndə gəldik. Bu danışdıqlarım mənim fəaliyyətim dövründə ən yaddaqalan günlərimdən biri idi”.

 

APA İnformasiya Agentliyinin müxbiri Günay Elşadqızı jurnalistika sahəsində yaşadığı maraqlı hadisələri bizimlə bölüşür:

 

“Təxminən 14-15 il bundan əvvəl idi, jurnalistikya təzə başlamışdım, çox həyəcanlı, bir o qədər də həvəsli idim (həvəsim indi də bitməyib, əksinə daha da artıb). İndi də cəmiyyətdə kifayət qədər tanınan şəxslərdən birindən müsahibə almalı idim, amma nə vaxt zəng vururdumsa, həmin şəxs ya xaricdə idi, ya başı qarışıq olurdu. Nəysə ki, uzun danışıqlardan sonra onu razı saldım, gəldi redaksiyamıza. Çox maraqlı müsahibəmiz oldu və 1 saatdan çox davam etdi. Onu yola salıb diktafonu əlimə alanda böyük  şok keçirdim, diktofonda problem olub və müsahibə yazmayıb (o vaxtdan diktafon sevmirəm, əsasən telefonun diktafonunda istifadə edirəm). Nə edəcəyimi bilmirdim, oturub bir xeyli ağladım. Çox diqqətlə qulaq asdığım üçün cavablar demək olar ki, yadımda qalmışdı və sanki Allahın da mənə yazığı gəldi, hər şey yadıma düşdü. Dayanmadan müsahibəni yazdım ki, birdən yadımdan çıxar. Müsahibə qəzetdə çıxdı, həmin şəxs zəng vurub bir xeyli təşəkkür elədi, müsahibənin çox yaxşı alındığını dedi”.

 

Həmkarımız radio və televiziyada çalışdığı üçün bu sahələrdə də bir çox fərqli situasiya ilə qarşılaşıb:

 

“İkinci maraqlı hadisə isə Azərbaycan radiosunda təcrübədə olduğum vaxtlarda baş verib. Mənə bir mövzu tapşırıldı, hazırladım, öz səsimlə getdi. Nəysə ki, həmin gün axşam radioda səsim efirə verildi, hamı da bizdə idi, qohumlar var idi. Radionu qoşdular ki, mənə qulaq assınlar, amma o qədər utandım ki, veriliş bitənə qədər gedib o biri otaqda gözlədim. Deyilmişdi ki, verilişin təkrarı da səhər 6-7 arası veriləcək. Hamı yatmışdı, səhər 6-da durub qulaqcığı taxıb təklikdə özümə qulaq asdım.

 

TV-də işlədiyim vaxt başıma gələn bir hadisəni də tez-tez xatırlayıb xeyli gülürəm. Qışda istifadə edilən, içində qızdırıcı olan yorğan Türkiyədə faciəyə səbəb olmuşdu, gecə ev alışmış və nənə nəvəsi ilə ölmüşdü. Azərbaycanda da geniş yayılan həmin yorğanla bağlı reportaj hazırlamaq mənə tapşırıldı. Böyük ticarət mərkəzlərindən birinə çəkiliş üçün getdik, amma desəydik ki, həmin yorğanın zərərindən çəkməyə gəlmişik, icazə verməzdilər. Ağlıma gəldi ki, cehizlik mallarla bağlı çəkilişə gəldiyimizi deyim, bu yorğanı da həmin vaxt çox adam cehiz verirdi. İcazə verdilər çəkdim, qəşəng sujet alındı və efirdə ilk stand-up-ım da o oldu”.

 

Modern.az saytının əməkdaşı Namidə Bingöl isə media fəaliyyətində olduqca maraqlı hadisələrlə qarşılaşıb:

 

“Jurnalistika elə sahədir ki, burada yeniliklər daima özünü göstərir. Media nümayəndələrinin də başına çox vaxt maraqlı hadisələr gəlir.

 

Bir il bundan öncə Milli Məclisin mətbuata açıq olmayan deputatlarından birinə zəng etməli idim. Xəbərim olmadan başqa birinə telefon açdım. Elə bildim ki, o, deputatdı. Bir az sonra həmin şəxs mənə zəng etdi. Biz hal-əhval tutduq. Bir neçə dəqiqə sonra anladım ki, zəng etdiyim şəxs redaktorumuz Əfqan Qafarlıdı. Bu hadisə məni çox güldürdü.

 

Digər başıma gələn maraqlı hadisə isə təxminən 2012-ci ilə təsadüf edib. Hafiz Hacıyevlə müsahibəyə getmişdim. O köməkçisinə dedi ki, qonaqlara çay gətirin. Özü isə yanında olan termusdan çay süzdü. Mən də bunun səbəbini soruşdum. O, cavab verdi ki, Əli Kərimlinin məni zəhərləməsindən qorxuram. Hara gedirəmsə, bu termusu özümlə aparıram. Operator və məni bu əsnada xeyli gülmək tutdu”.

 

Həmkarımızın yaşadığı maraqlı hadisələr olduqca çoxdu:

 

“Bir neçə il bundan öncə Elşad Miriyə zəng etdim. Diktafonumda problem oldu deyə , səsi yazılmadı. İkinci dəfə ona telefon açıb, xahiş etdim ki, sualımı cavablandırsın. O, da mənə cavab verdi ki, ağzımı bir adam üçün bir dəfə yoruram, ikinci dəfə özümə əziyyət vermirəm. O sözə də xeyli gülmüşdük.

 

Müsahibələrimdə hər zaman çalışıram ki, ciddi olum. Çünki iş bunu tələb edir. Amma yeganə bir müsahibəm olub ki, o zaman ciddi ola bilməmişəm. Hətta məni elə bir gülmək tutmuşdu ki, otağı tərk etmək istəyirdim. Belə ki, deputat Cavanşir Paşazadəni redaksiyamıza dəvət etmişdik. Ona çox kəskin bir sual verdim. Dedim ki, qardaşınız Allahşükür Paşazadənin üzündə bir nur var, amma sizə baxanda bunun əksini görürük. Bu söz təbii olaraq müsahibin xoşuna gəlmədi. Bu hadisəni də həmişə xatırlayıram”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları