Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 12:21:11
AzTU-da ABŞ-da təhsil proqramlarının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin tələbələri üçün ABŞ-da təhsil proqramlarının təqdimatı keçirilib.

AzTU-nun mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin yanında fəaliyyət göstərən “Educasion USA” mərkəzinin direktoru Jodi Blankenship və mərkəzin nümayəndəsi Leyla Həmidova Azərbaycan Texniki Universitetində (AzTU) ABŞ universitetlərində bakalavr və magistr təhsilinin təqdimatını keçiriblər. 
Görüşdə qonaqları salamlayan AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov ABŞ ali təhsil sistemi haqqında məlumat verərək qeyd edib ki, ölkələrimiz arasındakı mövcud siyasi-diplomatik əlaqələr azərbaycanlı gənclərin bu ölkədə təhsil alması üçün əlverişli mühit formalaşdırıb. Prorektor tələbələri xaricdə təhsil proqramlarından, xüsusilə təqaüdlü təhsil proqramlarından maksimum dərəcədə yararlanaraq layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişməyə çağırıb. 
“Educasion USA” mərkəzinin direktoru Jodi Blankenship və mərkəzin nümayəndəsi Leyla Həmidova tələbələrə ABŞ universitetlərində təhsil proqramları haqqında geniş məlumat veriblər. Qonaqlar qeyd ediblər ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşən “Educasion USA” mərkəzi azərbaycanlı tələbələr üçün tamamilə ödənişsiz konsaltinq xidməti göstərməkdədir. Bildirilib ki, ABŞ-da bakalavr, yaxud da magistr təhsili almaq istəyən gənclərə “Educasion USA” mərkəzində ABŞ universitetləri, bu ölkədə mövcud olan ictimai, siyasi və sosial vəziyyət haqqında geniş məlumat verilir, universitetlərə qəbul üçün müraciət qaydaları, həmçinin, viza əldə etmək üçün prosedurlar öyrədilir.