Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-07 15:03:00
“Məntiqi düşüncə inkişaf etdirilə bilər, ancaq qiymətləndirilməsi elə də real görünmür...”

''Məntiq, sizi A nöqtəsindən B nöqtəsinə apara bilər. Xəyal gücü isə hər yerə...'' 

 

Albert Eynsteyn

 

Məntiq kütləvi ədəbiyyatda əsasən, düzgün düşünmək anlamına gələrək, düşüncənin forma və qanunlarından biri hesab olunmaqla, bir növ intellektual fəaliyyətdə düzgün mülahizə yürütmək bacarığı, kimi səciyyələndirilir. Bununla belə, məntiqi fəlsəfənin bir qolu hesab edənlər də var, ümumiyyətlə konkret bir elm sahəsi olmadığını israr edənlər də... Bununla bağlı əski dini mənbələrdə də belə bir deyimə rast gəlinir ki, nəyin həqiqət, nəyin həqiqət olmadığını sübuta yetirmək mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var. Albert Eynşeynin  yanaşmasına görə  məntiq, sizi A nöqtəsindən B nöqtəsinə apara bilər. Xəyal gücü isə hər yerə... Belə çıxır ki, məntiqin düşüncə tərzi ilə bilavasatə bağlılığı nəzərə alınarsa, deməli hər kəsin də özünə məxsus məntiqi olması heç də şübhə doğurmur.

 

 Məlum olduğu kimi "Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara müəyyən dəyişiklik edilib. Belə ki, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı olmaqla cəmi-60 sual təqdim olunacaq. İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

 

 Məntiqin çıxarılması ilə əlaqədar bu qərar xeyli müzakirələrə səbəb olsa da,  bunun özündə də bir məntiq axtarmaq olar, yəni bu müəllim üçün nə dərəcədə önəmlidir. Bir halda ki, müəllim üçün əsas olanı ixtisasını kifayət qədər bilməsi və bildiklərini nə dərəcədə mənimsətməsidirsə, nəyə görə müəllim əsas peşə bacarıqlarının  inkişaf etdirilməsinə fokuslanmayıb, riyazi xarakterli məsələləri həll etmək üçün baş sındırmalıdır. Kim iddia edə bilər ki, o məntiqli olmağı məntiq dərsi keçməklə öyrənib? Təhsilin əsas məqsədi formal biliklər toplusu vermək deyil, sağlam düşüncə tərzi formalaşdırmaq və tərbiyə işidirsə, məntiqin bu işə müsbət təsirini araşdırıb, ortalığa qoyan olubmu...?

 

Əgər razılaşsaq belə, məntiq «mülahizələr haqqında elm», «fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm», məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir və məntiq haqqında biliklər təfəkkürlə alındığından, o düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər, bu halda da o, təsdiq və ya təkzib metodları haqqında elm kimi qəbul ediləcəkdir. Başqa sözlə ifadə etsək,ən yaxşı halda ehtimal nəzəriyyəsinə əsaslanacaq.

 

Əgər onu da nəzərə alsaq ki, orta ümumtəhsil məktəbinin tədris proqramlarında məntiq adlı hər hansı bir fənn və ya kurs nəzərdə tutulmayıb, elə isə buraxılış və qəbul imtahanlarının testləri bir yana, hətta  bir ara, az qala uşaq bağçaları və məktəbə hazırlıq qruplarına da məntiqdən sual və tapşırıqların salınması, onların əsas hədəfdən yayındırılması hansı məntiqdən irəli gəlirdi? Elementar məntiqə görə nə vermişiksə, onu da almalıyıq, nə öyrətmişiksə, onu da soruşmalıyıq. Bu mənada, məntiqi düşüncə inkişaf etdirilə bilər, ancaq imtahan xarakterli mənasız yoxlamalar aparılması və qiymətləndirilməsi o qədər də real görünmür.

 

Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Əgər hansı bir uşaq, yeniyetmə və gəncdə belə bir təcrübə yoxdursa və o, öz həqiqətini hələ lazımınca dərk etməyibsə, başqa digərlərinin həqiqət hesab etdiyini qəbul etməsi hansı məntiqdən irəli gəlir və bizim öz həqiqətimizi ona sırımağımız hansı məntiqə sıxır? Nə isə... Bu məsələni buraxaq hər kəsin öz məntiqi yanaşmasına, keçək tələbəlik illərimlə bağlı bir xatirəmin bəzi detallarına...

 

İndini dəqiq deyə bilmirəm, çünki, uzun illərdən bəridir ki, avtovağzalın həndəvərinə belə dolanmamışam, ancaq bizim tələbəlik illərimizdə xüsusilə şənbə, bazar və bayram günlərində bu məkanda çox böyük qələbəlik olardı.  Müxtəlif rayonlardan olan tələbələr valideynlərinə baş çəkmək üçün, avtovağzala toplaşardılar. Ən böyük problem isə bilet tapmaq məsələsi idi. Bunun üçün bir neçə gün əvvəl, səhər tezdən avtovağzala gəlib, qabaqcadan bilet satılan kassalarının qabağında uzun növbəyə durmalı idin.

 

Növbəti bayram günlərinin birində, cib xərcimin azalması ilə əlaqədar rayona gedib, növbəti dolanışıq üçün valideynlərimdən pul götürməli olduğumdan, 3 gün əvvəl, səhər saat 6-dan kassa qabağında növbəyə durdum. Kassa  açılar – açılmaz, elə bir basırıq yarandı kı, köynəyimin üç düyməsi qırılıb yerə düşdü. Ayaq altında qalacağımdan ehtiyatlanaraq, düymə axtarmaq fikrindən vaz keçib, bilet almağıma və növbədən sağ-salamat çıxmağıma sevindim.

 

Biləcəri enişini yenicə keçmişdik ki, sürücü  avtobusu saxlayaraq, bir neçə əlavə sərnişin mindirdi. Bu hal, dayanacaqlı-dayanacaqsız bir neçə dəfə təkrar olundu. Sürücü isə sanki, biletsiz sərnişin götürməyi azmış kimi,  sıradan olan adi bir hal kimi fərqinə varmayaraq, arxaya sıxlaşın, minənlərə yer verin, deyə digər sərnişinləri borclu çıxarırdı.  Ağır zənbillərlə yüklənmiş, mənə dirənən bir qadın sanki, ona yer vermədiyimə təəsüfünü bildirmək əlaməti olaraq, tez-tez üzümə baxıb, ah çəkirdi.

 

Dirənişdən ayağa qalxmaq imkanım olmadığından və qısa bir müddətdə ləngidiyimdən, yer-yerdən mənə qarşı ittihamlar yağdırılmağa başlandı: “Utanmır, cavan oğlandır, anası yerində olan yaşlı qadına yer vermir, görəsən bu cavanların axırı nə olacaq...” Ona-buna sürtünərək, böyük çətinliklə də olsa ayağa qalxıb, həmin qadına yer verdim və 3 saatlıq yolu ayaq üstə durmalı oldum, baxmayaraq ki, hələ gənclik illərimdən revmatizm ağrıları məni əldən salmışdı.

 

Sonralar, aspiratura təhsilimlə bağlı Moskva şəhərində olarkən və tez-tez metroya enərkən, dəfələrlə şahidi oldum ki, yaşlı və cavanlığından, kişi və qadınlığından asılı olmayaraq, kimin ayaq üstə durması və ya oturmasına elə də əhəmiyyət verən yoxdur. Kimi qəzet, kimi kitab oxuyur, kimi ayaq üstə, kimi oturaq vəziyyətdə. Bu, onlar üçün adi və qəbul edilən haldır. Nə bir danlama, nə də bir ittiham. Hər kəs öz qayğıları, düşüncələri ilə baş-başa...

 

İndi-öz-özümə düşünürəm. O zaman yuxuma haram qatıb, böyük çətinliklə bilet əldə edib, rahatlığımı pozmaq hesabına uzun bir yolu ayaq üstə getmək məcburiyəti qarşısında olan, tənbeh və təhriklərə məruz qalan və həm də günahkar sayılan mən olmalı idim, yoxsa hansısa məqsədlə təsadüfi yol keçən həmin qadın və ya  digərlərin rahatlığını pozmaq hesabına biletsiz sərnişin daşıyan o sürücü?

 

Əgər onu da nəzərə alsaq ki, məntiqin özü ənənəvi məntiq üzərində qurulmuş formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq olmaqla iki hissədən ibarətdir,  deməli onun mentalitet adlandırdığımız dəyərlərlə də əlaqəsi olmamış deyildir. Mentalitet isə ayrı-ayrı ölkələrdə və xalqlarda başqa-başqadır. Buna görə də məntiq bir elm kimi, mənə bu günün özündə də, hələ ki, tam dərk olunmayan bir həqiqət kimi görünür. Hər şeydən əvvəl ona görə ki, "Məntiqə uyğun düşünmək və məntiqsiz hərəkət etmək insana xasdır."

 

Nadir İsrafilov