Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-07 11:57:00
MDU Rektoru yaz semestrinin imtahan sessiyası ilə bağlı tələbələrə müraciət edib    

AzEdu.az  xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru  Şahin Bayramov  yaz semestrinin imtahan sessiyası ilə bağlı universitetin bakalavr və magistrlarına müraciət edib:

 

Mingəçevir Dövlət Universitetinin hörmətli tələbələri və magistrantları!

 

Əziz dostlar!

 

Məlumunuz olduğu kimi, 2020-ci ilin 8 iyun tarixindən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayır.

 

Siz, MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına təqdim olunan məsafədən dərslərdə fəal iştirak etməklə qlobal pandemiya ilə hamılıqla mübarizə apardığımız dövrdə tədris prosesində davamlılığın təmin edilməsində mühüm rol oynadınız.

 

İnanıram ki, akademik heyətimiz tərəfindən “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən keçirilən online dərslər və Youtube kanalı üzərindən təqdim olunan “videodərslər” Sizin müvafiq fənlər üzrə zəruri bilik və bacarıqları əldə etməyinizə imkan verdi.

 

Mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları, karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, cari imtahan sessiyasında çoxsaylı güzəştlər edilməsinə qərar verdik. İmtahan prosesində Sizi məmnun edəcək həmin güzəştlər barədə professor-müəllim heyətimiz müvafiq qaydada təlimatlandırılıb.

 

Bildiyiniz kimi, sessiya dövründə hər həftənin çərşənbə axşamı keçirəcəyimiz “Açıq qapı” günlərində iştirak etməklə arzu və istəklərinizi çatdıra, müvafiq suallarınızı cavablandıra bilərsiniz.

 

Əminəm ki, müəllimlərinizdən əldə etdiyiniz biliklər və təqdim olunan güzəştlər hər birinizin imtahanlardan yalnız müvəffəq qiymətlər almasına imkan verəcəkdir.

 

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş sonuncu kurs tələbələrimizin nəzərinə çatdırıram ki, siz, təhsil müddətində əldə etdiyiniz nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) uyğun olaraq pedaqoji və istehsalat təcrübəsini uğurla başa vurmuş, eləcə də yekun attestasiyadan keçmiş hesab olunursunuz. Hazırda Sizin iştirakınızla məzun gününün keçirilməsi üçün mümkün imkanları nəzərdən keçiririk.

 

Bakalavriat səviyyəsində I-III kurslarda təhsil alan tələbələrimizə və magistratura səviyyəsində I kursda təhsil alan magistrantlarımıza “Microsoft Teams” platforması üzərindən online şəkildə şifahi formada verəcəkləri imtahanlarda, II kurs magistrantlarımıza isə magistrlik dissertasiyalarının müdafiəsində uğurlar arzulayıram.

 

Əziz tələbələr!

 

Əminəm ki, cari imtahan sessiyasında yüksək nəticələr əldə etməklə həm MDU kollektivini, həm də valideyinlərinizi sevindircəksiniz.

 

Mən hər birinizə inanıram! Müasirləşmə yolunda olan MDU-nun tələbələri, magistrantları və məzunları ilə fəxr edirəm!

 

İnanıram ki, tezliklə koronavirus infeksiyasına birlikdə qalib gələcəyik!

 

Şahin Bayramov   

 

Mingəçevir Dövlət Universitetinin rektoru