Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 14:12:00
Turizm istiqaməti üzrə peşə seçimi və iş imkanları müzakirə olunub

İyunun 5-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanlarına dair vebinar keçirilib.

 

AzEdu.az xəbər verir ki, peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil olunan vebinarda mütəxəssislər turizm sahəsində görülən işlər, mövcud bazarın tələbi və peşə təhsil müəssisələrində təhsil alanlar üçün iş imkarlarından bəhs ediblər.

 

Onlayn seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə məlumat verib ki, turizm sahəsi Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ona görə də peşə təhsili müəssisələrində turizm istiqamətində ixtisaslara üstünlük verilir. Lakin peşə seçimi heç də hər zaman tələblərə uyğun aparılmır. Müasir dövrün tələblərinə uyğun olaraq əmək bazarının ehtiyacları da dəyişir. Bu səbəbdən peşə seçiminə uzaqgörənliklə yanaşmaq, əmək bazarında araşdırma aparmaq lazımdır.

 

Azərbaycan Respublikasının Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Hüseyn Həsənov turizm sahəsinin ixtisaslı kadrlarla təmin olunması istiqamətində Peşə Təhsili üzrə Təhsil Agentliyinin paytaxta və bölgələrdə fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. O bildirib ki, işəgötürənlərlərin tələblərini nəzərə alaraq kadr hazırlığı aparılması məzunların işlə təmin olunmasına da müsbət təsir göstərir.
“JW Marriott Absheron Baku” otelinin İnsan resursları şöbəsinin müdiri Sevinc Purvis qeyd edib ki, Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir. Bu inkişaf turizm istiqamətində ixtisaslı kadrlara olan ehtiyacı artırır. Əvvəllər Azərbaycanda turistlər daha çox Bakıya gəlirdi. Artıq regionlarda da turizmin inkişaf etdirilir. Turistlərin rayonlarımıza marağı artıb. Bu isə bölgələrdəki peşə təhsil müəssisələrində turizm istiqamətində kadr yetişdirilməsinə ehtiyac yaradır.

 

“Fairmont Baku Flame Towers” otelinin Heyətin idarə edilməsi şöbəsinin direktoru Fəridə Abbasova nəzərə çatdırıb ki, turizm sahəsində kadrların peşə bacarıqları ilə yanaşı, insani keyfiyyətlərinə də xüsusi diqqət ayrılır. Ona görə də peşə təhsili müəssisələrinin tələbələrinin işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təcrübəyə cəlb olunması həm onların təcrübəli kadr kimi yetişməsinə, həm də işəgötürənlərin uğurlu kadr seçməsində mühüm rol oynayır.

 

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova vurğulayıb ki, peşə təhsili müəssisələrinə qəbul planı hazırlanarkən işəgötürənlərin fikirləri mütləq nəzərə alınmalıdır. Amma bəzən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar qəbul planına salındıqda peşə seçimində gənclər bu ixtisasa üstünlük vermirlər. Bu səbəbdən də gəncləri ehtiyac olan peşələrə yönləndirmək üçün təbliğat aparmaq lazımdır.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin Tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova bildirib ki, gənclər peşə seçərkən araşdırmalar aparmalıdır. Bəzən ixtisas seçimindən sonra tələbələrdə məyusluq yaranır. Bu da yetişdirilən kadrların işəgötürənlər üçün yararlılıq səviyyəsini aşağı salır. Peşə seçərkən gənclər gələcək karyeralarında hədəflərini düzgün müəyyənləşdirməlidirlər. Bu məqamda peşə təhsili müəssisələrinin üzərinə də müəyyən işlər düşür. Belə ki, müəssisələrdə “Açıq qapı” günləri keçirilməlidir. Məktəblərdə peşəyönümü istiqamətində maarifləndirmə işi aparılmalıdır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində canlı yayımlanan vebinarda izləyicilərin sualları da cavablandırılıb.