Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 11:13:00
UNEC regionun iqtisadçılar hazırlayan ən böyük mərkəzlərindən biridir- Məzunlar danışır

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır.

 

AzEdu.az xəbər verir ki, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

 

Bu gün dünyada UNEC kimi tanınıb qəbul edilən qocaman təhsil ocağının son illər qazandığı uğurlar universitetin məzunları tərəfindən də böyük rəğbətlə qarşılanır. 

 

UNEC-DƏ TƏLƏBƏLƏRİN YAXŞI MÜTƏXƏSSİS KİMİ YETİŞMƏSİ ÜÇÜN BÜTÜN ŞƏRAİT VAR

 

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili deyir ki, UNEC bu gün əvvəllər heç vaxt yaşamadığı bir dəyişikliyi yaşayır: "Universitetdə geniş və sürətli islahatlar aparılır. Bu, bizi çox sevindirir. Çünki UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir. UNEC-in inkişafı yalnız təhsil üçün deyil, hər bir azərbaycanlı ailəsinin həyat səviyyəsinin daha da yaxşılaşması və dövlətin iqtisadi gücünün daha da artması üçün önəmlidir. Son zamanlar müəllim və tələbələrdə öyrətmək və oxumaq həvəslərinin yeni metodlarla müşayiət olunması, universitetin reytinqinin hər il artması bizi də bir məzun kimi çox sevindirir".

 

Millət vəkilinin sözlərinə görə, bu gün UNEC-də tələbələr üçün yaradılan şərait onların təhsil aldığı dövrdə yox idi: "İndi UNEC-də tələbələrin yaxşı mütəxəssis kimi yetişməsi üçün bütün şərait var. Əsas olan tələbələrdə arzu, ideya və məsuliyyətin olmasıdır. Universitetdə keçən bu 4 il bir daha geri qayıtmır. Universitetdən sonra bir daha heç bir zaman öyrənmək üçün bu qədər zaman olmayacaq. Tələbələrə bu zamanı daha yaxşı dəyərləndirərək, daim yeniliklərlə tanış olmaq, böyük və çox böyük arzulara sahib olmaq və bunun üçün özlərində çətinliklərə qatlaşmaq xüsusiyyətlərinə sahib olmağı təlqin etmələrini arzu edərdim".

 

T.Mirkişili bildirib ki, bu gün ölkə iqtisadiyyatında və idarəetmədə aparılan dərin islahatlar bacarıqlı kadr hazırlığı məsələsini önə çəkməkdədir. Eyni zamanda, dünyada baş verən 4-cü sənaye inqilabı və əmək münasibətlərindəki keyfiyyət dəyişiklikləri kadr hazırlığı prosesində də daim innovasiyaların tətbiqini və bazarın tələblərinin nəzərə alınmasınnı ən vacib məqsədə çevirir: "UNEC hazırda yalnız Azərbaycanın deyil, regionun iqtisadiyyat sahəsində kadr hazırlığı həyata keçirən ən böyük mərkəzlərindən biri və mən deyərdim ki, birincisidir. Universitetin əsas uğuru isə onun son "məhsulu"nun rəqabət qabiliyyətli və tələb olunan səviyyədə olmasıdır. Sevindirici haldır ki, UNEC-də qurulan tədris prosesi və idaretmə modeli nəticədə "son məhsulun" - yəni ixtisaslı məzunların iqtisadiyyatın tələblərin cavab verməsini şərtləndirir. UNEC-in bizneslə əlaqələrini intensivləşdirilməsi, müəllim heyətində biznes nümayəndələrinin mövcudluğu, biznes tələbatlarının universitet tərəfindən araşdırılması və buna uyğun tədris prosesində korrektlərin edilməsi müasir tədris metodlarının qavranılması istiqamətində mühüm addımlardır".

 

SON 5 İLDƏ İQTİSAD UNİVERSİTETİ ÇOX CİDDİ BİR MƏRHƏLƏYƏ QƏDƏR QOYUB

 

UNEC-in məzunlarından biri, Millət vəkili Vüqar Bayramovun dediyinə görə, məzun olduğu universitetə baxanda bu gün onun çox fərqli mövqedə dayandığını görür: "Mən Azərbaycan Dövlət İqtisad Universitetində təhsilimi başa vurduqdan sonra bir müddət müəllim kimi də çalışmışam. Etiraf etmək lazımdır ki, bəzi qruplarda dərs demək əslində, vaxt itkisi idi və bu da stimul yaratmırdı. UNEC cəlbedici bir məkana çevrilir. Aparılan islahatlar xüsusi ilə tələbələrin potensialına təsir edir. İndi həm təhsildəki şəffaflıq, həm də tələbələrin potensialının yüksəldilməsi gələcəkdə UNEC-də müəllim kimi çalışmaq imkanını çox cəlbedici edir. Hesab edirəm ki, UNEC brendinin müəyyənləşməsi İqtisad Universitetinin ən ciddi uğurlarından biridir. Təhsil ocağının həm yerli, həm də qlobal arenaya daxil olmasına ehtiyac var idi. Bu gün təhsil sektorunda sərhədlər itib və rəqabət kifayət qədər güclüdür. Bu baxımdan UNEC-də aparılan islahatlar onun rəqabət bazarında güclü mövqe qazanacağının təminatçısıdır. UNEC-də aparılan islahatlar, xüsusi ilə də şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi təqdirəlayiqdir. Düşünürəm ki, UNEC növbəti mərhələdə də təhsilin keyfiyyətinin artırılmasını və beyin mərkəzinə çevrilməyi əsas hədəf kimi seçməlidir. Təhsilin keyfiyyəti kadrlardan və müəllimlərdən asılıdır. UNEC keyfiyyətli kadrların universitetə cəlb edilməsi prosesini davam etdirməlidir. Bu gün xaricdə təhsil alan, kifayət qədər potensialı olan tədqiqatçılar UNEC-də pedaqoji fəaliyyətə başlayıblar. Etiraf etmək lazımdır ki, son 5 ildə UNEC çox ciddi bir mərhələyə qədər qoyub və bu təcrübəsi göstərir ki, elmi tədqiqat mərkəzinə çevrilmə mərhələsinə də uğurla addımlayacaq.

 

Bu gün gənclər arasında Bill Qeyts və Mark Zukerberqin ali təhsilləri olmaya-olmaya nail olduqları uğurları nümunə çəkmək dəbi var. Tələbələrlə görüşdə həmişə deyirəm ki, etiraf etmək lazımdır ki, siz Bill Qeyts ola bilməyəcəksiniz. Kim ola biləcəksinizsə, hədəflərinizi o istiqamətə yönləndirməlisiniz. Əvvəlcə hədəf müəyyən edilməli, sonra ona çatmaq üçün plan qurulmalıdır. Hədəflərimizə ancaq təhsillə çata bilərik, ən dayanıqlı metod budur. Tələbəlik dövründə konkret hədəf müəyyən edəndə ona çatmaq daha da asan olur. Tövsiyə edirəm ki, UNEC tələbələrinin bəlli hədəfləri olsun və zamanın idarəedilməsini yaxşı öyrənsinlər. Bu iki vacib amil olmadan təhsildə uğur əldə etmək mümkün deyil". 

 

UNEC HAZIRDA STRATEJİ HƏDƏFLƏRİNƏ DOĞRU İNAMLA, SÜRƏTLƏ İRƏLİLƏYİR 

 

UNEC-in məzunu, "Yelo Bank"ın baş direktoru Günay Cəlilova vurğulayıb ki, UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. UNEC öz missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə qarşısına qoyduğu  məqsəd və hədəflərə doğru uğurla irəliləyir: "Son illərdə  UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. Əsas hədəf yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək, tədqiqat universitetinə və sahibkar universitetə çevrilməkdir. Həmçinin, sosial xidmətlərdə aparıcı universitetə və ən əsası yüksək beynəlxalq reytinqli universitetə çevrilmək də əsas hədəflərdəndir. UNEC hazırda strateji hədəflərinə doğru inamla, sürətlə irəliləyir. UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub. Mən əminəm ki, məzunu olmaqdan qürur duyduğum UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən birinə çevriləcək". 

 

NÜFUZLU UNİVERSİTET 

 

Azərbaycanın ən böyük biznes tədbiri olan Milli Marketinq Forumunun və ən populyar marketinq təlimləri hesab edilən Marketinq AİR-in həmtəsisçisi Anar Bayramov da UNEC məzunlarındandır. Onun sözlərinə əsasən, uğura gedən yolda UNEC-də aldığı təhsil çox kömək olub: "UNEC mənim üçün çox doğmadır. UNEC-ə, tələbəlik xatirələrinə görə İstiqaliliyyət küçəsi Bakıda ən çox sevdiyim yerdir. Bu gün universitet bizim oxuduğumuz vaxtla müqayisədə xeyli inkişaf edib. Son illərdə UNEC-in nüfuzu, marka dəyəri əhəmiyyətli dərəcədə artıb. Bu uğurda rolu olan hər kəsi təbrik edir, bir məzun kimi onlara təşəkkürümü bildirirəm. Gediləcək yol hələ çoxdur, inanıram ki, daha da yaxşı olacaq".

 

BEYNƏLXALQ REYTİNQLƏRDƏ YERİ OLAN UNEC 

 

UNEC məzunu olan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyir ki, UNEC-in son dövrlərdəki uğurları, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığı, beynəlxalq reytinqlərdə yer alması keçmiş məzun kimi onu çox sevindirir.  M.Musayev qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində UNEC beynəlxalq uğurlara imza atır.  İnnovasiya, təşəbbüskarlığa önəm verən ali məktəb elmi biliklərə, bacarıqlara yiyələnmiş, mənəvi dəyərlərə sahib, müasir dünyagörüşü ilə fərqlənən, milli ruhlu  gənclərin yetişdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrə inamla nail olunur". 

 

MƏZUNLARI UNEC-in UĞURLARINI BÖYÜK QÜRURLA İZLƏYİR 

 

Məzunu olduğu universitetin qürurla uğurlarını izlədiyini bildirən "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı qeyd edib ki, məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib: "Mənim üçün doğma olan UNEC haqqında fikirlərim həmişə yüksək olaraq qalacaq. Səmimi deyirəm, professor Ədalət Muradov UNEC-ə rektor təyin olunandan sonra böyük uğurlara imza atılıb. Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib. Mətbuatda, televiziyada UNEC-in uğurlarını böyük qürurla izləyirəm. UNEC-də tələbələrin yüksək təhsil alması, peşəkar kadr kimi yetişməsi üçün hər cür şərait və baza var. Bizim dövrdən fərqli olaraq, daha asan iş tapmaq və karyera qurmaq imkanları mövcuddur. Tələbələr də bundan yararlanıb oxuduqları dövrdə çalışıb daha çox bilik qazanıb, hədəflərini dəqiq müəyyənləşdirməlidirlər".

 

YAXIN İLLƏRDƏ UNİVERSİTETİN SƏDASI DAHA MÖTƏBƏR MÖVQELƏRDƏN GƏLƏCƏK 

 

UNEC rektoru, professor Ədalət Muradov deyir ki, əsas hədəf Azərbaycan Dövlət İqtisad universitetini dünyanın ən nüfuzlu universitetləri səviyyəsinə qaldırmaqdır: "Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə UNEC bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Fikrimcə, Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevirmək üçün yetərincə potensialı var. İnanıram ki, yaxın illərdə UNEC-in sədası daha mötəbər mövqelərdən gələcək. UNEC-də təhsil alan tələbə təkcə bilikli, savadlı, hazırlıqlı, bacarıqlı mütəxəssis yox, həm də bizim ölkəmizi sevən, vətənimizin gələcəyi üçün həyatını və canını qurban verməyə hazır olan bir vətəndaş kimi yetişir. Bütovlükdə biz vəd edirik ki, UNEC-in tələbələri və müəllimləri birlikdə, əl-ələ tutaraq Azərbaycanımızı daha irəliyə aparmaqda Prezidentimizə dəstək olacağıq".