Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 11:00:00
Qafqazın ən məşhur ali təhsil müəssisəsi

100 yaşlı ADNSU tarixi inkişaf mərhələlərində

 

Məlum olduğu kimi, 2020-ci ilin noyabr ayında  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  fəaliyyətə başlamasının 100 illiyi tamam olur. 

 

Dövlət başçısı İlham  Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Təhsil Nazirliyi artıq ADNSU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb.

 

Bu ali məktəb keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olaraq yüksəkixtisaslı  kadrların hazırlığı ocağı kimi tanınıb.  Universitetdə gələcəyin prezidentləri, kosmonavtları,  dünya şöhrətli alimlər təhsil alıblar.  ADNSU Azərbaycanın ümummilli lideri  Heydər Əliyev, həmçinin tanınmış Nobel laureatı, fizika sahəsində bu mütərəqqi mükafata nail olmuş Lev Landaunun təhsil aldığı, sovet atom energetikasının banisi akademik İqor Kurçatovun vaxtilə tədqiqatlar apardığı  universitet kimi də məşhurdur. Müasir ADNSU formalaşıb özünün inkişafının ən yüksək səviyyəsinə çatana qədər tarixin müxtəlif  dövrlərində sınaqlardan keçib. Öz inkişafında  3 əsrin  mühüm  inkişaf  mərhələlərini yaşamış  bu qocaman ali təhsil müəssisəsinin keçdiyi yol  heç də asan olmayıb.

 

Tarixin sınaqlarından keçən ali məktəb 

 

Bu ali təhsil ocağının tarixi 1 iyul 1888-ci il tarixindən,  Bakı Şəhər Sənətkarlıq Məktəbinin açılması ilə başlayır.  Məktəb Balaxanı və Tatar (sonralar Füzuli və Topçubaşov) küçələrinin döngəsində icarəyə götürülmüş evdə yerləşirdi. 19-cu əsrin sonlarında  köhnə Bakıda neft bumu təkcə tikintidə və sənayedə öz təsirini göstərməmişdi, şəhərdə ixtisaslı tikinti və texniki kadrlara tələbat kəskin şəkildə artmışdır. Məhz buna görədir ki, 26 iyun 1896-cı ildə Sənətkarlıq Məktəbi “Bakı  aşağı  səviyyəli  Mexaniki-kimya, Texniki Məktəbi”nə çevrilir, 1901-ci ildə isə “Aşağı səviyyəli Mexaniki-Tikinti-Texniki Məktəbi” statusu alır.

 

1896-1905-ci  illər ərzində məktəbin mexaniki bölməsi üzrə 50, tikinti sahəsi üzrə 55 məzunu olub.

 

1898-ci ildə Bakı şəhər Duması Stanislav və Suraxanı küçələrinin kəsişməsində  (sonralar Azadlıq prospekti və D.Əliyeva) mühəndis İosif Qoslavskinin (1865-1904) layihəsi üzrə dəmir yolu vağzalının yaxınlığında məktəbin  tikintisi üçün torpaq sahəsinin ayrılması barədə   qərar qəbul edir, 1900-cü ildə burada Texniki Məktəbin  ikimərtəbəli binası tikilib.  Tikinti işlərini şəhərdə ən məşhur podratçı firmalardan biri olan “Qasımov qardaşları və Ko” şirkəti həyata keçirib. Bina rekord müddətdə tikilib və həmin dövr üçün ən qabaqcıl tədris binaları, laboratoriyaları və didaktik alətlərlə təchiz edilib ki, bu da məktəbə öz vəsaitindən böyük məbləğlər ayıran Hacı Zeynalabdin Tağıyevin böyük xidməti idi. Bu məktəbin nizamnaməsində aşağıdakı emalatxanaların -dülgər,  dəmirçi və çilingərlik emalatxanalarının olduğu qeyd edilirdi.  Plana əsasən,  ümumi fənlər üçün hər gün məktəbə 3 saat, sənətkarlıqla məşğul olmaq üçün isə 7 saat ayrılmışdır. Tədrisin ən yüksək səviyyəsi, Qafqazda zəngin bədii-dekorativ ənənələrin olması ona gətirib çıxarmışdır ki, 1910-cu ildə tədris dairəsinin himayəçisi N. F. Rudolfun təşəbbüsü ilə məktəbin bazasında Rusiyada  döymə və  emal işi üzrə ilk imperator  emalatxanası açılıb.

 

Buraya Tiflisdən və İrəvan quberniyasından, eləcə də Dağıstandan oxumağa gəlirdilər. Məktəbin məzunları sonradan Rusiyanın Şimali Qafqazda və digər ölkələrdə gümüş-emal işinin təlimatçılarına çevriliblər. 1913-cü ildə məktəb 7 il müddətində - “Bakı Alekseyev Orta Mexaniki-Tikinti Texniki Məktəbi və onun nəzdində məktəb və təcrübə kursları olan heykəltəraşlıq-daş tikinti məktəbi” statusu almışdır.  Maraqlıdır ki, bu təhsil ocağının,  eləcə də  İsgəndəriyyə qadın rus-müsəlman Pedaqoji Məktəbin və Bakı Kommersiya məktəbinin  Himayəçilik Şurasının sədri  H.Z.Tağıyev olub.   Bu məktəb 4-sinifli idi, lakin yuxarı siniflərdə tədrisə  başlamazdan əvvəl (birinci və dördüncü), iki il ərzində hazırlıq siniflərində təlim keçmək lazım idi. Təlim iki şöbədə - inşaat və mexaniki şöbələrdə aparılıb. 1910-cu ildə mexaniki bölmə neft-texniki və elektromexaniki şöbələrə bölünür. Məktəbin müəllim və müdiriyyətinin səyi sayəsində neft texnologiyası, qazma işi və Abşeron yarımadasının geologiyası kimi fənlər tədris olunurdu. Ona görə də təəccüblənmək lazım deyil ki, məhz bu məktəbin bazasında sonradan nadir  Neft İnstitutu açılmışdır. Maraqlıdır ki, hər iki şöbə üçün təsviri incəsənət, texniki rəsm və xəttatlıq ümumi fənlər idi.

 

Çox mühüm faktdır ki, 1910-cu ildən məktəbin tikinti bölməsinin məzunları müstəqil tikinti işləri aparmaq hüququ qazanırdılar ki, bu da onları ən nüfuzlu Peterburq və Moskva təhsil müəssisələrini bitirən memarlar və mülki mühəndislərlə bir pilləyə qaldırırdı. 1913-cü ilə qədər məktəb Texniki fikrin özünəməxsus mərkəzinə, təkcə Bakının deyil, bütün Zaqafqaziyanın yaradıcı və texniki ziyalılarının mərkəzinə çevrilmişdir. Məşhur pedaqoqlar arasında Azərbaycanda monumental heykəltəraşlığın banisi,Sabirin  ilk heykəlinin müəllifi polyak memarı Y.Skibinski və Y.Keylixis olublar. Maraqlıdır ki, 1916-cı ildə 494 şagirddən 20 nəfər azərbaycanlı olub.

 

SSRİ-də ilk Neft İnstitutu

 

1918-ci ildə isə texniki məktəbin adı dəyişdirilərək Politexnik adlandırılıb, yalnız neft sənayesi, elektromexanika və tikinti-memarlıq şöbələrində 188 nəfər təhsil alıb. Həmin dövrdə artıq 62 azərbaycanlı ali təhsilli var idi və onlardan 12-si mühəndis idi. 1920-ci ilin may ayında Bakı Alekseyev orta mexaniki-tikinti Texniki Məktəbi inqilabdan əvvəlki digər təhsil müəssisələri ilə yanaşı, Azərbaycan SSR Xalq Maarif Komissarlığının dekreti tərəfindən yenidən təşkil edilib. Həmin ilin noyabrında “Bakı şəhərində Politexnik institutunun yaradılması haqqında” dekret qəbul edilib. O, yalnız Cənubi Qafqazda ilk texniki ali məktəb deyil, həm də SSRİ-də ilk Neft İnstitutu olub.  Dekret, həmçinin Dövlət Universitetinin tələbələrinin xüsusi təminatı üzrə mövcud hüquqları Bakı Politexnik İnstitutunun tələbələrinə aid etməyi də nəzərdə tuturdu.

 

İlk növbədə, Bakı Politexnikumuna xüsusi ali təhsil müəssisələrinin tələbələrinin, türk dilini bilənlərin, fəhlələrin, MK və BKAKP tərəfindən göndərilənlər,  orduda xidmət edənlərin, digər vətəndaşların qəbul edilməsi planlaşdırılırdı. 1920/1921-ci tədris ilində institutda 1135 tələbə təhsil alıb. 1922 -ci ildə institutun strukturu qaydaya salınıb, 4 fakültə fəaliyyət göstərib.

 

İlk buraxılış - 3 nəfər

 

1923-cü ilin yayında Azərbaycan hökumətinin təşəbbüsü ilə SSRİ MK 10 avqust 1923-cü il tarixli əmr verib. Həmin əmrdə institutun ümummittifaq əhəmiyyəti qeyd olunurdu. Tezliklə  institutun adı dəyişdirilərək Azərbaycan Politexnik İnstitutu adlandırılıb. 1923-cü ilin birinci buraxılışında institutu 3 nəfər bitirib.  1924/1925-ci tədris ilində 13, 1925/1926-cı ildə 46, 1926/1927-ci ildə 289 mühəndis ali məktəbdən məzun olublar.

 

Zaqafqaziyanın ilk ali texniki təhsil müəssisəsi

 

1930-cu ilin may ayında Azərbaycan Politexnik İnstitutu Azərbaycan  Neft İnstitutu adlandırılıb. 1931-ci ildə institutun filialı kimi Azərbaycan Qiyabi Sənaye İnstitutu, 1930-cu ilin iyun ayında isə tikinti fakültəsinin bazasında Azərbaycan İnşaat İnstitutu, Nəqliyyat bazasında Tiflis dəmir yolu İnstitutunun Bakı filialı yaradılıb.

 

Artıq 30-cu illərin əvvəllərində Azərbaycan Neft İnstitutu miqyasına və əhəmiyyətinə görə SSRİ-də aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib, bununla yanaşı, Zaqafqaziyanın ilk ali texniki təhsil müəssisəsi kimi fəaliyyət göstərib.

 

1931-ci ildə Azərbaycan SSR Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib və Azərbaycan Qırmızı Bayraqlı Sənaye İnstitutu adlandırılıb. Təxminən həmin illərdə institut konstruktivizm üslubunda tikilmiş yeni korpusla zənginləşdirilib. 1934-cü ilin oktyabrında maşınqayırma, energetika və sənayenin digər sahələri üçün mühəndis kadrlarının hazırlanmasına görə instituta Azərbaycan Sənaye İnstitutu adı verilib. 1940-cı ildə institutda yeddi fakültə fəaliyyət göstərib. 

 

Müharibə illərində AZİ qarşısında  yeni vəzifələr və problemləri yaranıb.  Müharibənin ilk günlərindən institutun əməkdaşları və tələbələri cəbhəyə yollanıblar. Bu da mədənlər və zavodlarda rəhbər kadrların kəskin çatışmazlığına səbəb olub.    Ona görə də 1943-cü ildə yeni tədris ili üçün 1000-1200 tələbənin qəbul edilməsi planlaşdırılmışdı. Bundan başqa, qiyabi şöbədən əyani şöbəyə tələbələrin köçürülməsi həyata keçirilib, kənd gənclərinin təbliğatı aparılıb, 500 nəfərə qədər hazırlıq kursu genişləndirilib və s. Bununla yanaşı, cəbhəçilər arasından tələbələrin seçilməsi üçün xüsusi hökumət komissiyası yaradılıb.  Hərbi Hospital tələbələrə yataqxana kimi təhvil verilib və onlar hərbi xidmətdən azad edilib.

 

1943-cü ildə Azərbaycan dilində təhsil alan tələbələr üçün dərsliklərin, dərs vəsaitlərinin nəşri işi gücləndirilmiş, tələbə və əməkdaşlar üçün xüsusi qapalı ərzaq və sənaye mağazaları fəaliyyətə başlamışdır. Böyük çətinliklərə baxmayaraq, müharibə illərində 1000-dən çox mühəndis hazırlanıb, 1945-ci ildə isə tələbələrin sayı 4500 nəfərə çatıb.

 

Müharibədən sonrakı mərhələdə institutun inkişafı ölkə qarşısında duran vəzifələrdən birbaşa asılı idi: bütün İttifaq üzrə yeni neft yataqlarının açılması yeni ixtisaslar üzrə hazırlanmış məzunlara və kadrlara böyük ehtiyac yaradırdı. 1950-ci ilə qədər fəaliyyət göstərən 8 fakültədən 6-sı Neft sənayesi üçün bilavasitə kadr hazırlığı ilə məşğul idi. Müharibədən sonra institutun həyatında əsaslı dəyişikliklər baş vermişdir. Qoslavskinin tikdirdiyi bina iki mərtəbə yüksəlib. 1952-ci ildə tikinti-memarlıq, mexaniki və nəqliyyat fakültələrinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradılıb. AZİ  yenə də əsasən neft sənayesi üçün mütəxəssislər hazırlayan ali məktəbə çevrilmişdir. 1959-cu ildə AZİ-nin  adı dəyişdirilərək  Azərbaycan Neft və Kimya İnstitutu adlandırılıb.  1965-1967-ci illərdə institutut giriş Pervomayski (sonradan D.Əliyeva) küçəsindən olan yeni korpus inşa olunub. 1972-ci ildən başlayaraq ali məktəbdə neft, qaz və neft-kimya sənayesinin rəhbər işçiləri üçün İttifaqda sənaye istehsalının təşkili üzrə yeganə fakültə fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 mart 1992-ci il tarixli qərarı ilə universitet Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılıb. Azərbaycan Respublikası  Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

 

Göründüyü kimi, mövcud olduğu 100 ildən çox dövrdə ADNSU müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Onlardan ən tanınmışı Azərbaycan Sənaye İnstitutu (ASİ) olub.  Öz tarixi ərzində bu universitet dünyanın 100-dən çox ölkəsi üçün 100 mindən  çox yüksək ixtisaslı peşəkar kadr yetişdirmişdir. 

 

Tarixi ənənələr və müasirliyin sintezi

 

Müasir dünyanın yaratdığı qlobal çağırışlar sənaye və texnologiya sahələrinin, innovativ təfəkkürə əsaslanan, rəqabətə davamlı istehasal sahələrinin inkişaf etdirilməsini  nəzərdə tutur ki, bu vəzifə də adıçəkilən sahələrin başlıca hərəkətverici qüvvəsi olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, innovasiyalara söykənən sənaye və iqtisadiyyatın özəyini təşkil edəcək insan kapitalının formalaşdırılmasını mühüm vəzifə olaraq qarşıya qoyur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il sentyabrın 3-də imzaladığı Sərəncamla ali məktəbin adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması bu ali təhsil müəssisəsinin  perspektiv inkişaf istiqamətlərini və prioritetlərini göstərdi.

 

Müasir dövrdə həyat tempinin yüksəlməsi, texniki-texnoloji və innovasiyalar sahəsində dəyişikliklərin gündəlik olaraq baş verdiyi nəzərə alınaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlandı. ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin biliklərinin qiymətləndirilməsinin obyektivliyinin təmin olunması sahəsində ciddi addımlar atıldı.

 

Hazırda ADNSU-da ali təhsilin hər üç səviyyəsində - bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Universitetdə 7 fakültə və 27 kafedra fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 13000-dək tələbə, o cümlədən 333 tələbə SABAH qruplarında, 410 tələbə UFAZ-da ali təhsil alır.  Magistratura səviyyəsində 1180 tələbə təhsilini davam etdirir. Doktorantura səviyyəsində isə 244 nəfər elmi fəaliyyətlə məşğul olur. 

 

Universitetin elm sahəsində fəaliyyətində ciddi dönüşə səbəb olan həvəsləndirici tədbirlərin sayəsində 2016-cı ildə ali məktəbin professor-müəllim heyətinin “Web of Science” informasiya bazasına daxil olan məqalələrinin sayı əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artaraq 144-dən 378-ə çatıb, “Thomson Reuters” seriyalı jurnallarda dərc olunmuş məqalələrin sayı 6 dəfə artıb.

 

Hazırda universitetdə təhsil alan əcnəbi tələbələrin sayı durmadan artmaqdadır. Əcnəbi tələbələrin ADNSU-da təhsil alması sahəsində ən mühüm nailiyyətlərdən biri də son illərdə aparılan işlərin nəticəsində universitetdə təhsil almaq istəyən əcnəbilərin təmsil etdikləri ölkələrin coğrafiyasının genişlənməsidir. 2017/2018-ci tədris ilindən başlayan tendensiya ADNSU-da ənənəvi olaraq təhsil alan Türkmənistan, İraq və Vyetnam kimi ölkələrdən olan əcnəbi tələbələrin sırasına Çin, Banqladeş, Misir və digər ölkələrdən olan gənclərin də qoşulması ilə səciyyələnir.  Hazırda ADNSU-da Türkiyə, Rusiya, Çin, Türkmənistan, Qazaxıstan, Yunanıstan, Yəmən, Vyetnam, İran, Suriya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 300-dən çox əcnəbi tələbə təhsil alır.

 

2017/2018-ci tədris ilində ADNSU-da təhsilin magistratura səviyyəsinə ali məktəbin tarixində ilk dəfə olaraq rekord sayda - 511 nəfər tələbə qəbul olunub. Tələbələrin orta bal göstəricisi 100,6 faizə  yüksəlib.  2016/2017-ci tədris ilindən etibarən ADNSU-da ilk növbədə məzun və magistrantların işlə təmin olunmasına dəstək vermək məqsədilə Məzun-Karyera Mərkəzi yaradılıb. 2017-ci ilin dekabrında keçirilən Məzun-Karyera sərgisində 98 şirkət tərəfindən tələbə və məzunlara 625 vakant yer təklif olunub. ADNSU-nun onlarca məzunu işlə təmin olunub və ya müəssisələrdə təcrübə keçmək imkanı qazanıblar.

ADNSU-nun qazandığı uğurlardan biri də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə universitetin nəzdində Azərbaycan-Fransız Universitetinin - UFAZ-ın yaradılmasıdır. UFAZ-ın ADNSU-nun nəzdində fəaliyyət göstərməsi universitetdə tədrisin keyfiyyətini fransız tədris standartlarına yüksəltməyə imkan verir.

 

ADNSU-da təhsilin keyfiyyətinin yüksəlməsi gənclərin ali təhsil almaq üçün bu universiteti daha çox seçmələrini şərtləndirib. 2017/2018-ci tədris ilində ADNSU-ya rekord sayda - 2618 tələbə qəbul olub və ən əsası tələbələrin sayının artması ilə yanaşı, keyfiyyət artımı da baş verib - universitetə qəbul olunan tələbələrin orta balı 439-a yüksəlib.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə aparılan fəaliyyət sayəsində Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASIIN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) 2015-ci ildən etibarən ADNSU-da tədris olunan üç ixtisasın akkreditasiya olunması işinə start veriblər. İki il ərzində aparılan işin nəticəsində 16 yanvar 2017-ci il tarixində bakalavriat səviyyəsində “Elektroenergetika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, magistratura səviyyəsində isə “Enerji menecmenti” (neft sənayesində) ixtisasları Avropa Standartlarının tələblərinə uyğun sayılaraq 30 sentyabr 2020-ci il tarixədək akkreditə olunublar.

 

ADNSU məzunlarına hər yerdə iş var

 

Rəsmi statistika göstərir ki, ADNSU-nun bakalavriat səviyyəsini bitirən tələbələrin 72,8 faizi  ali məktəbdən məzun olduqdan sonra ilk ildə iş tapır.  Hazırda ADNSU-nun məzunu Azərbaycan bazarında özünə iş yeri tapır, çünki onlar yüksək səviyyədə bilik qazanaraq hazırlıqlı mütəxəssislər kimi əmək həyatına vəsiqə qazanırlar. Universitetin  keçənilki məzunlarının böyük əksəriyyəti işləyir. Magistr məzunlarının 97 faizi iş tapıb. ADNSU-nun  150-dən artıq müəssisə ilə ikitərəfli müqaviləsi var.  İldə iki dəfə “Məzun Karyera sərgisi” keçirilir.  Ötən il dekabrın 21-də keçirilən sonuncu sərgidə 89 müəssisə 650-yə yaxın vakant iş yeri təklif edib. 2019-cu ildə SOCAR-ın ödənişli təcrübə proqramına ayrılmış 220 yerdən 180-i ADNSU-nun tələbələri və məzunları tərəfindən qazanılıb. Əmək bazarında artan rəqabət şəraitində  ADNSU-nun tələbə və məzunlarının 180 təcrübə yerini qazanması universitetdə tədrisin, təhsilin səviyyəsinin getdikcə yüksəldiyinin göstəricisidir.

 

ADNSU öz fəaliyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş aşağıdakı prinsipləri əsas tutur: “Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun”.

 

Hazırda ADNSU-da strateji əhəmiyyətli sahə olan yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 606 professor və müəllim heyəti məşğul olur. Onlardan 63 nəfər professor, 355 nəfər dosent, 134 nəfər müəllim, 54 nəfər baş müəllim vəzifələrində çalışır. Alimlər arasında AMEA  və beynəlxalq akademiyaların bir çox həqiqi və müxbir üzvləri vardır. Elm və texnika sahəsi üçün mütəxəssis hazırlığında akademiyada 63 kafedra fəaliyyət göstərir.

 

Hazırda ADNSU özünün müasir inkişaf dövrünü yaşayır.  Universitetin əsas məqsədi insan kapitalına töhfə vermək, iqtisadiyyatın və sənayenin sürətlə inkişaf etdiyi bir dövrdə yerli və xarici əmək bazarında yüksək potensiala sahib peşəkarlar yetişdirmək, elm, təhsil, yenilik və istehsalın məhsuldar vəhdətinə nail olmaqdır.

 

Bu gün ADNSU-da ənənəvi olaraq neft-qaz sahəsi ilə yanaşı, müasir sənaye istiqamətləri, həmçinin informasiya texnologiyaları, energetika, neft-mexanika, kimya texnologiyaları üzrə mütəxəssislərin hazırlanması həyata keçirilir. 

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)