Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 22:04:00
BSU-nun rektoru Mahmud Kaşqari adına beynəlxalq mükafata layiq görülüb

Mayın 31-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevaya Mahmud Kaşqari adına Beynəlxalq Fondun medalı təqdim olunub.

 

BSU-dan Modern.az-a bildirilib ki, tədbirdə fondun prezidenti, şair Elxan Qaraxanoğlu rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. N.Əliyevanın fəaliyyətinin çoxtərəfli olduğunu deyən E.Qaraxanoğlu rektorun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi vurğulayıb. Qeyd edilib ki, N.Əliyevanın pedaqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli mənəvi dəyərlərə hörmət ruhunda yetişməsində misilsiz rol oynayır. E.Qaraxanoğlu deyib: “BSU ölkəmizin nümunəvi ali məktəblərindən biridir”.

 

N.Əliyeva bu mükafatın onun üzərinə böyük məsuliyyət qoyduğunu və bundan sonra ikiqat əzmlə çalışacağını diqqətə çatdırıb. O, bu mükafatın təkcə ona deyil, bütün universitetə aid olduğunu vurğulayıb.

 Qeyd edək ki, M.Kaşqari medalı ümumtürk mədəniyyətində, ədəbiyyatında xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleyman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medal Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib.