Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 11:16:00
BDU-da Respublika virtual elmi konfransı keçirilib

BDU-da “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, iyunun 2-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

 

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev dünyanı təəccübləndirməkdə davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün Universitetdə görülən qabaqlayıcı və effektiv tədbirlərlə bağlı məlumat verib. Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayan rektor dövlət başçısı cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilən çevik tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmadığına və bundan sonra da yayılmasının ehtimal olunmadığına diqqət çəkib. COVID-19 pandemiyasının ölkəmizə, tələbə və müəllimlərə, eyni zamanda, tədqiqat sahəsinə təsirindən danışan E.Babayev bildirib ki, müasir dünyada elm və texnologiya sahəsində baş verən inkişaf yeni təhsil ehtiyacları yaratmaqla yanaşı, təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edən E.Babayev əlavə edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edib. Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.

 

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

 

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov “Heydər Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin müəllifidir”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov “Məhkəmə-Hüquq islahatları dövründə Ədliyyə sahəsində elektron texnologiyaların tətbiqinin bəzi məsələləri”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov “Hüquqi dövlət prinsiplərinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müdiri İbrahim Quliyev “Yerli özünidarəetmə sistemində bilavasitə xalq demokratiyası”, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova “Hüquqi sistem və hüquqi həyat anlayışlarının nisbəti məsələləri”, Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Beynəlxlaq iqtisadi hüquq” magistratura ixtisaslaşmasının yaradılmasının əhəmiyyəti və zəruriliyini müəyyən edən əsas amillər”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Adına Akademiyasının müəllimi Mehparə Fətullayeva “İnsan və vətəndaşın mülki hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Gülnaz Rzayeva “Süni intellekt sistemləri və şəxsi toxunulmazlıq hüququ”, Hüquq fakültəsinin magistrantı Əkbər Əliyev “Rəqəmsal dünyada məlumatların mühafizəsi və məxfiliyi” mövzularında məruzə ilə çıxış ediblər.

 

Məruzələrdə Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri, “Şərq-Qərb”, "Şimal-Cənub", Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin - TRASEKA həyata keçirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması, məhkəmə işlərinin elektron idarəedilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, dövlətin əsas qanunu kimi konstitusiya anlayışı, Azərbaycan dövlətinin Konstitusiya statusu, məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquq və azadlıqların üstünlüyü prinsipi, insan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri, insan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi hüquqlar, yerli özünüidarəetmənin təminatlarının hüquqi əsasları, hüququn anlayışı - dövlət və hüququn qarşılıqlı əlaqəsi, hüquq münasibətləri, gömrük hüququ, beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin hüquqi tənzimlənməsi, məhkəmə sistemlərində süni intellektdən istifadə, fərdi məlumatların məxfiliyinin təmin edilməsi, elektron hökümətin hüquqi əsasları kimi mövzularda müzakirələr aparılıb.

 

 

 

 

Konfransın moderatoru Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev son illər Hüquq fakültəsində nəşr olunan nüfuzlu elmi jurnalların sayının daha da artması, o cümlədən elmi müstəvidə əldə edilən uğurlardan bəhs edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraklarına görə təşəkkür edib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransı iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.