Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 14:25:00
Tələbələrin adından təşkil edilmiş aksiya və “tələblər”

“Hələ pandemiyanın ilk vaxtlarında Təhsil Nazirliyi yanında İctimai Şura olaraq yaranmış vəziyyətdən çıxış yolu axtamaq, təhsilalanların və təhsilverənlərin maraqlarının təmin edilməsi istiqamətində müvafiq tövsiyyə və fikirlərimizi həm nazirliyə, həm də ictimaiyyətə çatdırdıq. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Təhsil Nazirliyi mümkün olan bütün imkanları qısa müddətdə səfərbər edərək məsafədən təhsilin təmin edilməsini həyata keçirə bildi. Müqayisə üçün demək istəyirəm ki, bir çox təhsiltutumlu ölkələr belə ölkəmidə məsafədən təhsilin təmin edilməsi istiqamətində reallaşdırılan layihələri xeyli müddət sonra tətbiq etdilər”.

 

AzEdu.az xəbər verir ki, bu sözlər təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar  Orucluya aiddir.  Təhsil Nazirliyi önündə yaranmış insitdent haqda paylaşım edən ekspert məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Pandemiya dövründə ali təhsil müəssisələri (ATM) də xeyli çətinliklərlə üz-üzə qaldılar. Bəzi ATM-lər distant təhsilə keçidi problem yaşamadan və sürətli şəkildə təmin etsələr də, ümumilikdə növbəti mərhələdə nazirliyin təqdim etdiyi virtual platforma üzərindən bütün universitetlər onlayn dərslərlə tələbələrə çıxışı formalaşdırdılar. Bu gün artıq əminliklə deyə bilərik ki, tədris proqramlarının nəzərdə tutulmuş mövzularının tələbələrə çatdırılması istiqamətində mövcud resurslar tam səfərbər olunmuşdur.. Hətta, bizim elə ATM-lərimiz var ki, onların keyfiyyətli distant təhsil verməklə bağlı ortaya qoyduqları nümunə dünyanın ən qabaqcıl universitetlərinin bu istiqamətdəki fəaliyyətlərindən belə geri qalmır. Əlbətdə ki, Təhsil Nazirliyinin və ATM-lərin rəhbərləri postpandemiya dövründə fərqli və fövqəladə situasiyalarda təhsil vermək imkanları barədə düşünməlidirlər. Təhsil Nazirliyi yanında İctimai Şuranın da qarşısında yeni fəaliyyət istiqaməti yaranmışdır. Biz ATM-lərimizi müasir səviyyədə qurmaq istiqamətində çalışmalı, beynəlxalq təcrübələri ölkəmizə gətirməli, müasir universitetlər qurmaq barədə ciddi şəkildə düşünməliyik.

 

Bu dönəmdə digər haqqlı bir sual ortaya çıxdı: pandemiya ilə əlaqədar imtahanlarda güzəştlər edilməlidirmi və ödənişli əsaslarla oxuyan tələbələr ödənişdən azad edilməlidirlərmi? Dünən Təhsil Nazirliyi qarşısında keçirilən aksiyanın əsas məqsədli siyasi şou düzəltmək və “qəhrəman” obrazı yaratmaq cəhdi olsa da, yuxarıda qeyd etdiyimiz sual üzərində qoyulmuşdu deyə məsələyə münasibət bildirməmək olmur.

 

Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində təkrar ali və orta ixtisas təhsili istisna olmaqla ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli Qərarı ilə təxminən 22 minədək ödənişli əsasla təhsil alan tələbənin təhsil haqqları bir il müddətinə dövlət tərəfindən qarşılanacaq. Həmçinin, bu gün ölkəmizdə tələbələrin təqaüdlərinin verilməsində akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin başlıca faktor kimi götürülməsi ilə ödənişli əsaslarla təhsil alan minlərlə tələbə dövlət hesabına təqaüd verilir. Ümumilikdə Azərbaycanda təhsil alan tələbələrin təxminən yarısı təqaüd alır və pandemiya dövründə onların təqaüdlərinin verilməsi də təmin olunubdur. Təhsil Nazirliyinin tövsiyyəsi ilə ATM-lər artıq iki ildir ki, ödənişli əsaslarla təhsil alan tələbələrə ödənişlərini hissə-hissə ödəmək imkanını da təmin ediblər. Heç şübhəsiz ki, bütün bunlar kifayət qədər ciddi güzəştlərdir. Eyni zamanda, pandemiya dövründə müəllimlərin əməkhaqqları 100 faiz ödənilmişdir. Təxminən 85 faizi əməkhaqqı fonduna sərf olunan təhsil haqqlarının ödənilməməsini tələb etmək sadəcə absurddur və bunu qanunsuz aksiya şəklində nümayiş etdirmək isə ucuz siyasi şou cəhdidir. Pandemiya dövründə dünya dövlətləri məsafədən təhsilə keçiblər, onların da təcrübəsində təhsil haqqlarının ödənilməsi birmənalı olaraq təmin edilibdir və bu çətin dövrdə bizim ölkəmizdəki kimi sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan 22 min tələbə kontingentinin təhsil haqqlarını da dövlət qarşılamayıbdır.

 

Dünən bir qrup şəxsin karantin rejiminin tələblərini pozaraq və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan həm ödənişlərlə, həm də imtahanlarda güzəştlərlə bağlı tələblər irəli sürərək Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək cəhdinin videogörüntüləri barədə kadrları izləyəndə hadisənin müəyyən dairələrdən idarə olunması və siyasi şou cəhdi olması barədə hər kəsdə birmənalı fikir formalaşır.

 

Proses aşağıdakı ardıcıllıqla baş verir: nazirliyin aidiyyatı şəxsləri aksiya keçirmək istəyində olanları qəbul edərək 20 dəqiqə ərzində onların tələblərini və istəklərini dinləyir, tələbələr üçün seçimləri onlara təqdim edir. Bundan sonra həmin etirazçılar və onları müşayət edərək özlərini jurnalist adlandıran digər bir qrup polisin qanuni tələblərinə məhəl qoymayaraq nazirliyin qarşısında iğtişaş və qarşıdurma yaratmağa cəhd edirlər. Aksiya zamanı maraqlı məqamlar ortaya çıxır: müraciət edən üç tələbədən ikisi – IV kurs tələbələri olan Allahverdi Həsənov (UNEC) və Zərifə Novruzova (ADU) ümumiyyətlə imtahana cəlb olunmurlar, onların qiymətləri əvvəlki illərin orta müvəffəqiyyət göstəciləri əsasında müəyyən edilir və əgər tələbə əvvəlki göstəriciləri əsasında ona yazılan qiymətdən narazı qalarsa imtahanın keçirilməsini tələb edə bilər və öz qiymətini yaxşılaşdıra bilər. Sual yaranır: “narazı” Allahverdi və Zərifə özləri üçün hansı imtahanın ləğv olunması tələb edirlər? Digər bir tələbə Rüstəm İsmayılbəyli “gərək tələbə qorxmasın, öz hüququnu tələb etsin!” deyərkən ətrafında NİDA-çı xanım və Meydan TV-nin əməkdaşı xüsusi canfəşanlıq edərək hansı hüququnu tələb etdiyi üçün aksiyaya gəldiyini bilməyən bu gənci daha da “ruhlandırırlar”. Yenə də sual yaranır: tələbələrlə bağlı qərarlardan məlumatı olmayan NİDA-çıların bu aksiyaya nə aidiyyatı var və aksiyada niyə iştirak edirlər? Sualın cavabı özünü çox gözlətmir- qısa müddətdən sonra NİDA Vətəndaş Hərəkatının və Meydan tv-nin facebook səhifələrini aksiyada polisə müqavimət göstərən gəncin fotoları bəzəyir və bu aksiya ətrafında siyasi manipulyasiya edilərək yeni kampaniyaya start verilir.

 

Tələbə gənclərimizin hansısa qüvvələrin əlində alətə çevrilməsi təəsüf doğurur. Bizim dövlətimiz kifayət qədər sivil dövlətdir və hər bir insanın, eləcə də tələbənin narazılığını ifadə etmək haqqı var. Tələbənin haqqlı narazılığı varsa onu bildirə bilər, yetər ki, haqqlı olsun. Bu yaxınlarda Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə nazir Ceyhun Bayramovun onlayn görüşündə də tələbələrimizi narahat edən xeyli məqamlar müzakirə olunaraq birgə çıxış yolları axtarıldı və müvafiq qəraralar qəbul edildi. Tələbələr bizim dövlətin gələcək intellektual kəsimidir və onların qayğıları, maraqları və istəkləri hər zaman dövlətimizin diqqətindədir. Ölkə başçımızın hər zaman qeyd etdiyi kimi Azərbaycan dövləti sosial dövlətdir və dövlət hər zaman hər bir vətəndaşının yanındadır. Dövlətin qəbul etdiyi bütün qərarlarda onun vətəndaşının marağı, rifahı birinci yerdə dayanır. Vətəndaşlarımızın rifahı isə ilk növbədə keyfiyyətli təhsildən keçir. Ona görə də təhsilimizi inkişaf etdirmək, müəllimlərimizi qorumaq dövlətlə bərabər hər bir vətəndaşın borcudur”.