Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 11:58:00
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyunla bağlı “Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib.

 

AzEdu.az xəbər verir ki, təhsil  nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə başlayıb. Firudin Qurbanov videomüraciətində müasir dövrdə hadisələrin tez-tez dəyişdiyini və həyatın bütün sferaları üçün yeni tələblər diktə etdiyini bildirərək, uşaqların buna hazırlıqlı olmağının vacibliyini qeyd edib. Nazir müavini çıxışında Azərbaycanda uşaq və gənclərin gələcək hərtərəfli inkişafı, uşaqların müdafiəsi, onların potensialının stimullaşdırılmasına xüsusi diqqət yetirildiyini, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra dövlət proqramlarının təsdiq edildiyini və hazırda onların uğurla yerinə yetirildiyini vurğulayıb.

 

Qeyd edilib ki, uşaq və gənclərin hərtərəfli inkişafına yönələn tədbirlərin gücləndirilməsi və istedadlı uşaqların potensialının dəstəklənməsinin dövlət siyasəti səviyyəsində qəbul edilməsi dövlət qayğısının bariz nümunəsidir. Firudin Qurbanov buna müvafiq olaraq istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə ənənəvi olaraq hər il Təhsil Nazirliyi tərəfindən bir sıra ölkə və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin 1 iyun 2020-ci il tarixində Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn "dəyirmi masa"nın keçirilməsinin qərara alındığını bildirən nazir müavini sözügedən tədbirin keçirilməsində əsas məqsədin pandemiya dövründə müxtəlif ölkələrdə uşaqların asudə vaxtlarının və məsafədən təhsilin səmərəli formada təşkil edilməsinin təmin olunması, eyni zamanda uşaqlar arasında dostluq münasibətlərinin qurulmasından ibarət olduğunu qeyd edib. 

 

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada – ZOOM tətbiqi vasitəsilə təşkil edilən dəyirmi masada Azərbaycan məktəbliləri ilə yanaşı 15-ə yaxın ölkənin məktəblilərinin iştirak etdiyini vurğulayan nazir müavini tədbirdə aparılacaq müzakirə və fikir mübadiləsinin müasir dövrdə uşaqların hərtərəfli inkişafında, faydalı təcrübənin öyrənilməsində mühüm töhfəsini verəcəyini qeyd edərək, iştirakçıları bu müzakirədə aktiv iştirak etməyə dəvət edib, onlara uğurlar arzulayıb. 

 

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin dünya uşaqlarına təbrik videoroliki nümayiş olunub.

 

ABŞ, Belarus, BƏƏ, Qətər, Koreya, Qazaxıstan, Türkiyə, Moldova, Gürcüstan, İspaniya, Qırğızıstan, Rusiya Federasiyası, Fransa, İsveç, Finlandiya, Tailand və Myanmadan 30-dan artıq məktəblinin iştirak etdiyi onlayn dəyirmi masada pandemiya dövründə onlayn təhsil və asudə vaxtın təşkili məsələləri müzakirə edilib, sonda isə iştirakçılar tərəfindən dünya uşaqlarına təbrik və arzular ünvanlanıb.