Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 10:23:00
Minlərlə müəllimin gözlədiyi qərarlar,  başlayan imtahanlar – Həftənin təhsil icmalı

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir.

 

 

Yola saldığımız həftədə - 25-31 may tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Məktəbdaxili qiymətləndirmənin aparılma qaydası təsdiq olunub

 

Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq olunub.

 

Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

 

Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı müəyyənləşdi

 

 

Qərara əsasən,  I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.

 

II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üzrə müvafiq fənn üzrə balı “60” və qiyməti “3” olan təhsilalanın illik bal və qiyməti də müvafiq balı “60”, qiyməti “3” kimi müəyyən edilsin.

 

 

Müəllimlərin işə qəbulunda yenilik edildi

 

 

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib.

 

 

Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib.

 

 

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə start verildi

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

 

 

Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

 

 

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaq.

 

 

İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır.

 

 

Təhsil Nazirliyi ölkə üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulunu iyunun 1-dən 5-dək olan müddətdə aparacaq.

 

 

Nazirlikdən  verilən məlumata görə, yerdəyişmə müsabiqəsində iştirak üçün dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

 

Kollec məzunları bu il də universitetə imtahansız qəbul olunacaq?

 

 

Bu il də kollec məzunlarının ali təhsil müəssisələrinə qəbulu imtahansız həyata keçiriləcək. Bu barədə  Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommersiya sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib.

 

 

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var.

 

 

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənni üzrədir. Azərbaycan bölməsində musiqi fənni üzrə 1 421, təsviri incəsənət üzrə 788, rus dili üzrə 694, kimya üzrə 672, informatika üzrə 487, ingilsi dili üzrə 453, texnologiya üzrə 318, riyaziyyat üzrə 309, biologiya üzrə 290, fiziki tərbiyə üzrə 287, fizika üzrə 275, Azərbaycan dili və ədəbiyyat üzrə 203, ibtidai sinif üzrə 167, coğrafiya üzrə 157, fransiz dili üzrə 13, alman dili üzrə 12 vakant yer var.

 

 

Rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir. Belə ki, ibtidai sinif üzrə 135, informatika üzrə 83, fiziki tərbiyə üzrə 66, musiqi üzrə 63 vakant yer çıxarılıb. Rus bölməsində müəllimə tələbatın duyulduğu ən az duyulduğu fənlər fransiz dili, alman dili və tarix üzrədir. Fransiz dili üzrə 9, alman dili üzrə 26, traix üzrə 27 vakant yer müsabiqəyə çıxarılıb.

 

 

Bakı məktəblərində rus bölməsi üzrə 299, Azərbaycan bölməsi üzrə 395 vakant yer müsabiqəyə təqdim edilib. Bakıda Azərbaycan bölməsi üzrə ən çox vakant yer rus dili (91 yer), fiziki tərbiyə (60 yer), informatika (43 yer) üzrədir.

 

 

Paytaxt məktəblərində rus bölməsi üzrə 30 fiziki tərbiyə, 29 informatika, 28 ibtidai sinif müəlliminə ehtiyac var.

 

 

Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

 

 

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsində hansı namizədlərin iştirak edə bilməyəcəyini açıqlayıb.

 

 

Nazirlikdən  verilən məlumata görə, müddətli əmək müqavilərinin daimiləşdirilməsi məqsədilə keçirilən müsabiqədə uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

 

 

İş yerini dəyişən müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.

 

 

Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərlər.

 

 

Bu barədə məlumat Təhsil Nazirliyinin rəsmi saytında yer alıb.

 

 

Məlumata görə, daimiləşmə müsabiqəsində uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları