Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 10:12:00
Silabus haqqında hər şey-Mütəxəssis açıqladı

 

 “Silabus” sözünün etimologiyasını araşdırdıqda fərqliməlumatlarla qarşılaşmaq mümkündür.Ancaq onun qədim və sonrakı dövrlərdə elm dili sayılan yunan və latın dilləri ilə bağlılığı dəqiqdir. Zaman etibarilə sözün istifadəyə başlanma tarixi olaraq XVII əsrin ortaları göstərilir. Yunan dilində “titul vərəği”, “etiket” mənası verən “sittuba” sözündən gəlir. Bu sözün latıncada yanlışlıqla “sittybas” kimi oxunması ilə indiki formasına oxşar bir şəkil alıb. Yanlışlıqla deyirik, çünki “sittybas” yunan dilindəki orijinal variantın (sittuba) latıncada təsirlik hal cəm formasıdır.  “Silabus” sözünün başqa məna variantları haqqında da məlumat var. Bəzi qaynaqlarda onun mənası latın dilindəki Syllabus Errorum , yəni “yanılmaların/yanlışlıqların siyahısı” kimi də açıqlanır. Bu, qadağan və mühakimə olunan təlim və prinsiplərin Roma kilsəsində 1864-cü ildə nəşr edilmiş siyahısıdır. Başqa bir mənbəyə görə, əvvəllər bu söz “kataloq” mənasında  Roma kilsəsi tərəfindən papanın verdiyi qanunların kodlaşdırılması (istifadə üçün yararlı hala salınması) üçün də işlədilmişdir.

 

 

Öncə, burada işlənən bəzi söz və terminlərin mənasına aydınlıq gətirilməlidir. Yazıda tez-tez rast gələcəyiniz “kurs” sözü fənn” mənasında işlənir. Onu da qeyd edək ki, hazırda qlobal elm dili sayılan ingilis dilində “fənn” sözünün qarşılığı olaraq kurs (ingilis dilində yazılış qaydası: course) termini geniş işlədilir. Qlobal miqyasda geniş işlədilən “kontent” (ingiliscə yazılış qaydası: content) sözü isə “məzmun” sözünün qarşılığı olaraq istifadə olunur.  

 

 

Silabusun quruluş və funksiyaları:

 

 

Silabus (ingiliscə yazılış qaydası: syllabus) bir konsepsiyadır. O, kursun kontentinə  aid məsələləri özündə əks etdirməlidir – fənnin məqsəd və hədəflərinədir, onu götürən tələbələr sonda hansı bilik və bacarıqlara malik olacaqlar və hansı səviyyədə?

 

 

Bundan əlavə, o, bütün texniki detallara ayrı-ayrılıqda aydınlıq gətirməlidir - kursu təşkil edən kim(lər)dir, hansı fakültədən və ya bölümdəndir(lər), dərslər hansı günlər, saat neçədə və hansı otaqda keçiriləcək, hansı texniki avadanlıq lazım olacaq, hansı tədris metodologiyasından istifadə olunacaq və s. Burada həmçinin müəllimin qəbul günləri və saatları, otağının nömrəsi, onlayn kommunikasiya üçün e-mail ünvanı kimi məlumat da göstərilməlidir.

 

 

Burada dərslər keçirilmə ardıcıllığı ilə göstərilməli və hər bir mövzu haqqında qısa məlumat verilməlidir. Bu məlumat, göstərilən mövzu üzrə dərsin sonunda tələbənin nələr öyrənəcəyini əsas götürməklə hazırlanmalıdır. Başqa sözlə, kontent haqqında məlumat qısa olmaqla bərabər, həm də keçiriləcək mövzu ilə əlaqədar ən lazımlı detalları özündə əks etdirməlidir. Qısa, lakin informativ məlumat hazırlamaq asan deyil. Lakin yuxarıda göstərilən yanaşmalar tətbiq edilərsə, bu, o qədər də çətin olmaya bilər.

 

 

Silabusun digər vacib funksiyalarından biri də təhsil prosesinin ən vacib məsələlərindən birinə - “Bu kursa aid nə oxumalı?” sualına cavab tapmaqda tələbələrə yardım etməkdir. Burada həmçinin hər birdərs üçün oxunulacaq ədəbiyyatın siyahısı (səhifələr və fəsillər göstərilməklə) verilir və siyahı mütləq məcburi, könüllü, məsləhətli olmaqla bir neçə kateqoriyaya bölünür. Tövsiyə olunan ədəbiyyatda kitabların səhifələrinin göstərilməsi çox vacibdir. Bu, müəllimlərin oxu üçün təklif etdikləri dərslik və dərs vəsaitlərinə, digər materiallara özlərinin nə dərəcədə bələd olmasının da göstəricidir. Başqa sözlə, müəllim özünün yaxşı bələd olduğu və oxunmasını vacib hesab etdiyi hissələri tövsiyə etməlidir.

 

 

Silabus nə vaxt hazır olmalı və kimlərə göndərilməlidir?

 

 

Bu sənəd dərslərin başlanması ərəfəsində həm lazımi qurumlara (tədrisin keyfiyyətinə nəzarət ofisinə və ya bununla məşğul olan şəxslərə), həm də tələbələrə təqdim edilməlidir. Bu zaman sənədin (silabus nəzərdə tutulur) tələbələrə həm kağız formasında, həm də elektron variantda göndərilməsi tövsiyə olunur. Bu səbəbdən silabus olduqca diqqətlə hazırlanmalı, kontentlə bağlı hər hansı yanlışlıqdan və qarışıqlıqdan arınmalıdır. Ona görə də silabus dərslər başlamazdan əvvəl tam hazır olmalıdır.

 

 

Tədrisin keyfiyyətinə nəzarət edən qurum və/və ya şəxslər də silabusun hazırlanma keyfiyyətini diqqətlə yoxlamalıdırlar. Bu isə müəllimin öz işinə daha məsuliyyətlə yanaşmasını qaçılmaz edir. Başqa sözlə, silabus ancaq müəllimin özündə və ya işlədiyi kafedrada deyil, həm də tədrisin keyfiyyətinə nəzarət edən şəxs və ya qurumların da ixtiyarında olmalıdır.

 

 

Silabus yenilənməlidirmi?

 

 

Silabus hər il yenilənməlidir. Bir çox sahələrdə olduğu kimi, fənn silabusunun hazırlanması da uzun prosesdir. Yeni texnologiyalar və tez-tez dəyişən münasibətlər sistemində bir şəxsin öz yazdıqları belə onun özü tərəfindən sorğulana, şübhə altına alına bilər. Bu, tamamilə normal bir haldır. Elm sahəsində fəaliyyət göstərənlər bilirlər ki, bu sahədə belə statik, heç vaxt dəyişməyən, əminliyi heç vaxt şübhə doğurmayan hər hansı mühakimə yoxdur. Bundan əlavə, öz elmi fəaliyyətini müşahidə edə bilən şəxslər zamanla hər hansı ehtimal haqqında düşüncələrinin dəyişə biləcəyi ehtimalını da qəbul edirlər. Müəyyən müddətdən sonra, hətta işinə bir neçə saat ya gün fasilə verən müəllif əvvəlcə yazdıqlarını silib tamamilə yeni fikirlər yaza bilər. Bu səbəbdən də silabusların hər semestrdə təkrarən nəzərdən keçirilməsi və yenilənməsi vacibdir.Yenilənmələr asan olan detalların (tarix, müəllimə aid məlumatlar və s.) dəyişilməsi ilə məhdudlaşmamalı, kontent də diqqətlə nəzərdən keçirilməli və yeni biliklər əlavə edilməlidir.  

 

 

Silabus nəyə görə vacibdir?

 

 

Birincisi, o, kursun yaxşı hazırlandığını, hər şeyin dəqiq düşünüldüyünü və planlaşdırıldığını göstərir. İkincisi, silabus özündə tələbələrin nə etməli olduqlarını və kursa aid çox vacib informasiyanın yazılı formada həm də kursun/ semestrin əvvəlində təqdimatını və tanıdılmasını gerçəkləşdirir. Burada həmçinin tələbələrə verilən tələblər və onların öhdəlikləri də öz əksini tapmalıdır.

 

 

Silabus həmçinin tələbələri kursun məntiqi ilə tanış edir. Başqa sözlə, kursu uğurla başa vurmaq üçün tələbənin bilməli olduğu və məsuliyyət daşıdığı (davamiyyət, dərsdə iştirak, qiymətləndirmə şərtləri, müəllimlə peşəkar ünsiyyət və s.) məsələləri ön plana çıxarır.

 

 

Üçüncüsü, yazılı formada olduğu üçün həm tələbələr, həm də müvafiq qurumlar onu dəfələrlə oxumaq, aydın olmayan məqamları müəyyən etmək, bəzi nöqsan və ya anlaşılmazlıqlar olduqda onları müəllimin diqqətinə çatdırmaq kimi imkanlar əldə edirlər.

 

 

Bütün deyilənləri ümumiləşdirsək, yazını belə bir sonluqla bitirə bilərik - silabus kursun dəyərləndirilməsi, müəllimin hazırlığı və tələbələrin qazanacağı bilik və bacarıqları müəyyən etmək üçün əsas sənəd sayılır. Əgər silabusun hazırlanma şərtlərinə və orada yazılanlara diqqətlə əməl edilərsə, bu sənəd dərsin keyfiyyətinin təmin edilməsində böyük rol oynaya bilər.

 

 

Təranə Mahmudova

 

 

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları