Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 14:21:00
“Təhsil sistemimiz yenilikçi müəllimləri həzm edə bilmir” – “Onları rüşvətə bulaşdırmaq istəyirlər”

“Açıq havada dərs həm müəllimi, həm də şagirdləri sıxıcılıqdan xilas edir. Bu cür dərs prosesi şagirdlərin xəyyallarındakı müəllim - şagird münasibətlərinə az da olsa bənzəyir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Lerik rayonunun Vistən kənd məktəbinin fizika-riyaziyyat müəllimi Rusif Məmmədov deyib. Rusif müəllimin fikrincə, parta arxasında əyləşib yazı yazmaqdansa, təmiz havada otlaq üzərində dərs keçmək daha yaxşıdır:

“Biz açıq hava dərslərini həm dərsdən sonrakı məşğələlərdə, həm də dərs müddətində tətbiq edirik. Bu açıq havada keçirilən dərslərdə uşaqlar bir- biriləri ilə daha yaxşı ünsiyyətdə olurlar, müəllim şagird arasında daha səmimi münasibət yaranır. Əsasən dərslərimiz otlaq sahə üzərində keçirilir. Şagirdlər otlaq üzərində yazı yazır, kitab oxuyurlar. Bu cür dərs prosesi şagirdlərin xəyyallarındakı müəllim-şagird münasibətlərinə az da olsa bənzəyir. Biz də onların xəyallarını gerçəkləşdirməyə çalışırıq”.

Müəllim, həmçinin, dərsləri bu cür təşkil etməyin hər zaman mümkün olmadığını qeyd edir:

“Təəssüf ki, bu, hər zaman mümkün olmur, çünki hava şəraiti həmişə yaxşı olmaya bilir. Hava şəraiti normal olan zaman biz lövhəni çölə çıxardırıq və geniş şəkildə dərsimizi keçməyə davam edirik. Sözsüz ki, şagirdlər bu cür dərsi daha çox sevirlər və belə dərslər daha çox davam edir. Hətta uzun dərs prosesindən sonra şagirdlər yorula bilir. Bu zaman isə elə həmin dərs dediyimiz məkanda şagirdlər üçün kiçik əyləncələr hazırlayırıq. Onlar çəmənlik ərazidə voleybol, futbol oynayırlar. Bu da onların beyninin rahatlamsına və yaxşı işləməsinə təsir edir. Bundan sonra da onlar dərsə daha yaxşı köklənirlər. Açıq havada dərs həm müəllimi, həm də şagirdləri sıxıcılıqdan xilas edir”.

Təhsil eksperti Fuad Hacıyev mövzu ilə bağlı açıqlamasında deyib ki, yaşlı müəllimlərə parta və dörd divar olmadan çətin olur. F.Hacıyevin sözlərinə görə, xaricdə müəllimlərin buna həm məkan olaraq imkanları var, həm də sistem buna icazə verir:

“Orada müəllimlər daha rahat olduqlarından istədikləri imkanları dəyərləndirə bilirlər. Yəni müəllim tələbələrlə daha səmimi ortamda pizza yesə, onlar sonra dersə biganə yanaşarlar deyə düşünmür. Bizdə bəlkə də hələ tələbələr də buna hazır deyil. Müəllimlər isə böyük yaşıllıq sahəsi olan bəzi universitetlərdə yavaş-yavaş bunu edə bilərlər. Hətta eşitdiyim qədəri ilə ADA-da ( Azərbaycan Diplomatik Akademiyası) bəzi müəllimlər buna oxşar dərslər keçiblər. Düzdür, yaşlı müəllimlərə bunu aşılamaq bir az çətin olar, çünki onların çoxu sovet sistemindən çıxmış, gestapo rejimi ilə işləyən müəllimlərdir”.

Ekspert qeyd edib ki, Azərbaycan təhsil sistemi yenilik tətbiq edən müəllimləri “həzm edə bilmir”:

“Yəqin ki, bölgələrdən gənc müəllimlərin videolarına baxırsınız. Onlar çox gözəl dərs prosedurları tətbiq edirlər. Beləcə, uşaqlar həm əylənir, həm də dərs keçirlər. Təhsil sistemi isə sanki belə müəllimləri həzm edə bilmir. Kimi onları rüşvətə bulaşdırmaq istəyir, kimi də dərs proseslərini bəyənmir… Ona görə düşünürəm ki, sistem tamamən dəyişməlidir. Yalnız bundan sonra açıq havada çox rahat şəkildə dərs keçirilə bilər və digər yeniliklər tətbiq olunar. Xaricdə təhsil almış çox gözəl kadrlarımız var. Onların potensialları düzgün dəyərləndirilsə, gözəl sistem qurular. Ondan sonra açıq hava dərsləri bizim üçün sıradan bir gün kimi olar. Daim daha yeni ideyalar tətbiq olunmağa başlanar”.

Qeyd edək ki, ötən gün xarici ölkələrdəki açıq hava dərsləri ilə bağlı yazı təqdim etmişdik. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz.

Leyla Qulami