Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-29 13:00:00
Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?  

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır.

 

AzEdu.az xəbər verir ki, bu günümüzə nəzər yetirsək, görərik ki, cəmiyyət kitabdan artıq get–gedə uzaqlaşır. Hər birimizin həyatında uşaqlığımızın xatirəsinə çevrilmiş bir kitab var. Bəlkə yatağımızın baş ucunda anamızın avazla oxuduğu, şəkillərini seyr eləməkdən doymadığımız, "böyüyəndə mən də onun kimi olacam”, - dediyimiz, özümüzü onun qəhrəmanına bənzətdiyimiz, dünyagörüşümüzü formalaşdıran, həyata baxışımızı, düşüncələrimizi dəyişdirən, həqiqətlərə "gözümüzü açan”, xasiyyətimizə "əl gəzdirməyə” vadar edən,  "bu əsər elə bil mənim həyatımı danışır”, - deyə təəccübləndiyimiz, bizi bizə aynadakı əksimiz kimi göstərən, təkrar-təkrar oxumaqdan usanmadığımız, hər səhifəsini vərəqləyəndə ilk dəfəki qədər eyni güclü hislər yaşadığımız, günlərlə təsirindən çıxa bilmədiyimiz, hansısa sətirlərini beynimizdə həkk edib, öz-özümüzə təkrarladığımız, bəlkə oxuduqca, "bu kitabı gərək hamı oxusun”, - deyə fikirləşdiyimiz, həyatında bizə "mən də nə vaxtsa belə bir kitab yazacam” dedirtdirən, yaradıcılığa sövq edən, bəlkə içimizdəki istedadı üzə çıxaran, qələmimizi kəşf etdirən, həyatın yeni dönəminə istiqamətləndirən, həyatını dəyişən... Hər birimizin həyatında "o kitabı oxudum, həyatım dəyişdi”, - dediyimiz kitab mütləq olub. Kainatı və insanlığı da müasirləşdirən məhz oxunan kitablardır.

 

Təsəvvürlərə görə dünyada ən çox kitab oxuyan insanlar Avropa ya da Amerikada yaşayan insanlar olsalar da, əslində isə dünyada ən çox kitab oxuyanlar Cənub-Şərqi Asiya ölkələrinin xalqları imiş.

 

Bu haqda İngiltərədə fəaliyyət göstərən "Dünya Mədəniyyət Səviyyəsi İndeksi" təşkilatının hazırladığı hesabatında bəyan edilib. Məlumata görə dünyada ən çox kitab oxuyan xalq hindlilərdir. Hindistanın xalqı həftəlik vaxtının 10 saat 42 dəqiqəsini oxumağa sərf edirmiş. Halbuki, statistik məlumatlara görə Hindistan xalqının savadlılıq dərəcəsi qlobal səviyyədən aşağıdır. Bu ölkədə xalqın cəmi 74 faizi orta məktəbi bitirib. Ancaq, ölkə 1947-ci ildə müstəqilliyini qazandıqdan sonra xalqın savadlılığı 6 dəfə artıb. Hindlilər təkcə kağız üzərinə çap olunmuş kitabları deyil, həmçinin onlayn kitabları da çox oxuyurlar. Siyahıda Hindistandan sonra ikinci yeri Tailand tutur. Bu ölkədə insanlar həftədə 9 saat 24 dəqiqə kitab oxuyurlar. Aparılan sorğuya görə xalqın 88 faizi kağız üzərində çap olunmuş kitablar oxuyur və gündəlik vaxtlarının təqribən 28 dəqiqəsini oxumağa sərf edir. Bu o deməkdir ki, Tailandda insanlar Hindistana nisbətən smartfon və telefondan daha az kitab oxuyur və bunu ölkədə kitab çapı ilə məşğul olan nəşriyyatlar da deyir. Üçüncü yerdə Çin durur. Bu ölkədə rəyi soruşulanların dediyinə görə həftədə təqribən 8 saatlarını kitab oxumağa sərf edirlər. Ölkə xalqının 96,4 faizi savadlıdır. Bu dünya ortalamasından da yüksəkdir. Dünya ortalaması 86,3 faizdir. Çinlilər gündəlik vaxtlarının cəmi 11 dəqiqəsini qəzet və jurnal oxumağa sərf edirlər. Çin xalqı arasında bədii ya da əyləncəli ədəbiyyat oxumaq isə olduqca populyar imiş.

 

Statistikalara görə Azərbaycanda əhalinin həfdədə 1,1 saatlarını kitab oxumağa sərf etməsi müsbət hal hesab olunmur. Məsələnin obyektiv və subyektiv tərəflərinin sosioloji təhlili müəyyən səbəblər əsasında təklif və nəticələrin meydana çıxmasına imkan yaratmışdır.