Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 14:00:00
Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı...

Bu gün Azərbaycan milli bayramını - Respublika gününü qeyd edir. 102 il əvvəl əvvəl Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə müsəlman Şərqində qurulan ilk respublika - Azərbaycan Cümhuriyyəti şanlı tarix yazdı. Bu gün hər birimiz həmin hadisəni qürurla anırıq. Sabah da nacağıq, 100 il sonra da...

Bu yazıda Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan 100 illik tardan bəhs edirik. O tar ki, Rəsulzadə ailəsinin yadigarı olaraq qalıb və gümüzədək gəlib çatıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı - Rəsulzadələrin ideya rəmzi və şəxsi ailə yadigarı olan tar...


AzEdu.az-ın məlumatına görə, bu tar Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Azər oğlu Rəsulzadə tərəfindən qorunub, saxlanılıb.

M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın çanağının daxilində "1917" yazılıb. Ehtimal olunur ki, tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə olub və sonra kiçik oğlu Azər Rəsulzadəyə yadigar qalıb. Tar Azər Rəsulzadənin vəfatından - 1993-cü ildən 2019-cu ilə kimi çalınmadığı üçün təmirə ehtiyaclı olub. Rais Rəsulzadə tar haqqında görkəmli ifaçı və yaxın dostu Ramiz Quliyevə məlumat verəndən sonra, onun xahişi ilə tarın təmiri-bərpası ötən il Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında həyata keçirilib. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli ustası Musa Mahmudov tərəfindən 2019-cu ilin oktyabr-noyabr aylarında yüksək keyfiyyətdə təmir olunub. Hazırda alət ifa üçün tam yararlı vəziyyətdədir. Ötən ilin sonlarında Bakı Musiqi Akademiyası Rəsulzadələr ailəsinin müqəddəs yadigarı olan bu tara təqdimat mərasimi də keçirib və orada tar çalınıb.

Rais Rəsulzadə deyir ki, bu tar atası ilə birlikdə sürgün həyatı yaşayıb. Baba yadigarı olan bu tar hazırda onun ailəsinin ayrılmaz, əziz üzvüdür. Tar hətta vaxtilə Gəncə həbsxanasına da düşüb.


R.Rəsulzadənin sözlərinə görə, atası Azər bəy 1937-ci ildə öz anası Ümbülbanu xanımla Qazaxıstana sürgün olunanda 16 yaşı vardı.


"Özləri ilə çox şey götürməyə icazə verilmədi. Atam özü ilə yalnız bu tarı götürüb. Tar onunla birlikdə ömrünün sonunacan siyasi sürgündə yaşayıb. Atam deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır. Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən yadigarı və həmdəmi idi. Hər dəfə tarı sinəsinə alıb dilləndirəndə həm şərəf duyurdu, həm də həsrət yanğısı keçirirdi. Bu tarın səsi onun üçün xalqın səsi, vətənin bir parçası demək idi. Atam Azər bəy 1993-cü ildə qürbətdə dünyasını dəyişdi. Mən ailəmin sürgün həyatı yaşadığı Karaqandadan qayıdanda  bu tarı özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz yadigarı kimi və atamın sürgün həyatının, məşəqqətli vətən həsrətinin şahidi kimi qoruyuram. Bu tar atam Azər bəydən mənə qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən çox şadam ki, atamın vəfatından sonra təmirə ehtiyaclı vəziyyətə düşən, uzun illər dillənməyən bu tarı dahi Üzeyir bəyin adını daşıyan məşhur təhsil və sənət ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək səviyyədə təmir etdilər, onu yenidən ifa etmək üçün yararlı vəziyyətə gətirdilər".


Bu tarda ifa edən Azər Rəsulzadənin ən çox sevdiyi muğam Bayatı-Şiraz olub. Azər bəy qürbətdə bu tarla nəfəs alıb.