Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 11:23:00
Cümhuriyyət parlamentində müəllimlərin maaş davası - AXC-102

AzEDu.az  Azərbaycan Cümhuriyyətinin 102 illiyi münasibətilə silsilə yazılarına davam edir.

 

 

1919-cu il 12 may… ADR parlamentinin sayca 36-cı iclası… iclasın əvvəlində bir çox məsələlər müzakirə olunub. İndi növbə daha bir vacib problemin-müəllimlərin maaşının azlığı və artırılmasının vacibliyi ilə əlaqədardı. Parlamentin katibi Əhməd bəy Pepinov söz alır: (qeyd: müəlliflərin dil-üslubuna toxunulmayıb)

 

Əhməd Pepinov: - Təqdim olunan layihə ibtidai, ali-ibtidai, edadi və Bakı politexnik məktəbin müəllimlərinin maaşının artırılmasıdır. İzn veriniz, ibtidailərdən başlayıb sıra ilə başacan oxuyuram. İndiyə qədər ibtidai məktəb müəllimlərinə 435 manat məvacib verilirdi. Özünüz bilirsiniz ki, bu məvacib indiki bahalığa görə heç mənzərəsindədir. Hökumətin layihəsində xalq müəllimlərinə otaq ilə min manat məvacib təyin olunmuşdu. Lakin maliyyə-büdcə komisyonu bunu az görürdü. Çünki bu layihə bir neçə ay bundan əvvəl düzəlibdir. İndi isə keçmişə görə hər şey bahalaşmışdır. Ona görə komisyon bunun azlığını nəzərə alıb, min iki yüz olmasını qət etdi. Bundan çox təklif edənlərdə oldu. Lakin əksəriyyət rəylə min iki yüz olması əhti-qərarə alındı. İzn veriniz layihəni oxuyuram. Layihə belədir, (layihə mətnini oxuyur) xalq müəllimlərinin məvacibləri xüsusunda olan qanun layihəsi komissyonca budur.

 

Səslər - Hanki aydan.

 

Əhməd Pepinov: - Bəli unutmuşdum. Bütün bu layihədə göstərilən məvaciblər yanvar ayının birindən veriləcəkdir.

 

Rəis: - Kim danışmaq istəyir bu barədə. Söz Musa bəy Rəfiyevə verilir.

 

Musa bəy Rəfiyev ("Müsavat") - Əfəndilər, burada çox söz söylədilər. Yaxşı dedilər müəllimlərin məvacibi artıq olsun, kimsə buna etiraz etməz. Fəqət, əfəndilər, bir az işin gün-günə baxmasıdır. Dedilər ki, bütün Azərbaycan dairəsində on nəfər müfəttiş var, onlara hərəsinə iki yüz - üç yüz manat artırmaqla nə olar. İş bunda deyildir. On müfəttişin hərəsi 250 manat artıq almaqla bir şey olmaz, fəqət, müfəttişi arxasında başqa qulluqçular da var. Hərgah bunlardan hər birinə 200-300 manat artıq verilərsə, o zaman on milyonlar ilə pul edər. Biz görürük ki, müəllimlərin halı fənadır, aldıqları məvacib azdır. Hər zaman müəllimlərin halı nəzərdədir. Lakin ümumi şeyləri nəzərə almalıdır. Qonşularımızın işlərinə baxmalıdır. Gürcüstanda müəllim 800 manat alır. Çörəyin qiyməti də məlumdur ki, buradan bahadır. Sultan Məcid Əfəndinin buyurduğu dörd ay bundan əvvəlkidir. Mən söylədim ki, müəllimlərin məvacibi artırılarkən və ya başqa bir məxaricdə burada qəbul edilərkən xəzinəmizin halı nəzərdə tutulsun”.

 

Beləcə, Pepinov və Rəfiyevin çıxışlarından sonra parlamentdə ikifikirlilik yaranır. Bəziləri müəllimlərin maaşının mütləq qalxmasını, bəziləri isə bunun hökumət büdcəsinə ciddi ziyan vuracağını düşündü. Mübahisələr getdikcə qızışmağa başladı. Lakin hökumətin rəhbəri əsib bəy Yusifbəylinin son sözü hər şeyə nöqtə qoydu. O, bütün iqtisadi riskləri göz önünə alaraq, müəllimlərin maaşının qalxması qərarı ilə razılaşdı.