Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 10:06:00
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında keçirilən "Foto-marafon”da 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

 

AzEdu.az xəbər verir ki, yarışma mayın 25-də DAAD (Alman Akademik Mübadilə Xidməti) və Göte İnstitutunun təşkilatçılığı ilə onlayn şəkildə keçirilib. Yarışmanın şərtlərinə əsasən iştirakçılar 3 saat ərzində onlara spontan olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh yazaraq onlayn platformaya yükləməli idilər.

 

Münsiflər heyətinin rəyləri və açıq səsvermə nəticəsində ADU-nun Tərcümə ixtisası üzrə tələbəsi Murad İlknur "Korona dövründə hisslər" kateqoriyasında 1-ci yerə, Alman dili müəllimliyi ixtisası üzrə tələbə Rəfiqə Cümşüdova "Pandemiya və fotoqraflıq" kateqoriyasında 2-ci yerə və Tərcümə ixtisası üzrə tələbə Rəna Məmmədova "Evdə yeni kəşfim" kateqoriyasında 3-cü yerlərə layiq görülüblər.

 

Alman Akademik Mübadilə Xidməti və Göte İnstitutu Azərbaycan Dillər Universiteti ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın koordinasiya edilməsində "Azərbaycan- Alman dili müəllimləri birliyi" fəal iştirak edir. Həmin birliyin sədri ADU-nun əməkdaşı Lətifə Qurbanova, katibi isə Qahirə Axundovadır.