Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 10:07:29
“Nə vaxta qədər dəyişikliklər aparmaq zorunda qalacağıq?!” – Ekspertdən akkreditasiya şərhi  

“Hər şeydən əvvəl onu xatırlatmaq yerinə düşər ki, hələ 1999-cu ildə qəbul edilmiş  “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na - “Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi “(6.3) ; “Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması “(6.4)  barədə ayrıca maddələr salınmışdı.  Ölkə başçısının 22 noyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu“nda, habelə “Təhsil haqqında” Qanunun 8-ci maddəsində də bu kimi məsələlər kifayət qədər öz əksini tapıb”.

 Bu sözləri AzEdu.az-a təhsil ekperti Nadir İsrafilov təhsil müəssisələrinin akkreditasiyası zamanı rüsumun tətbiqi ilə bağlı bildirib.

Onun sözlərinə görə, müvafiq qanuna əsasən, ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət  və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının bu qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsi və ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur:

 “Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.  Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Söhbət dövlət siyasətinin formalaşdırılmasında vətəndaşların rəy və təkliflərinin nəzərə alınmasından gedir. İstəməzdim ki, geniş təhsil ictimaiyyəti, təhsil ekspertlərimiz cəmiyyətin hansısa bir üzvü belə müzakirə və debatlara biganə qalsın və qaldırılan məsələyə hər hansı bir münasibət bildirməsin. Nəticə etibarı ilə təhsilimiz bundan yalnız nəsə qazanmaq imkanı əldə edər. Yəni, nə vaxta qədər “xəlvəti” qərarlar, təlimatlar, qaydalar qəbul edib, bir müddətdən sonra bunların üzərində təkrar-təkrar dəyişikliklər aparmaq zorunda qalmalıyıq?”

Ekspert bildirib ki, belə dəyişikliklərdən birinə “Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun tələb olunacağı barədə “Təhsil haqqında” qanuna bununla bağlı dəyişiklikdir:

“ Bu əlavəyə görə, dövlətin vəzifələrindən biri təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək olacaq. Bu rüsum kimdən alınacaq, məbləği nə olacaq, nəyə görə təyin olunacaq və s. bu kimi suallara aydınlıq gətirmədən, ümumi rəy öyrənilmədən qəbul olunan hər hansı bir qərar hesab edirəm ki, uzun ömürlü ola bilməz və əvvəllərdə qəbul edilmiş bir çox digər qərarlar kimi yenidən dəyişikliyə məruz qalmaq ehtimalı qaçılmazdır”.

Həmçinin qeyd edib ki, “Təhsil haqqında” qanunun 16.3.maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. 16.4 maddəsinə əsasən isə təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır.

N.İsrafilov deyib ki, bununla belə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi öz fəaliyyəti dövründə əsas diqqəti nostrifikasiya xidmətinə, əsasən də xarici diplomların tanınması məsələlərinə yönəltməklə bu məsələni bir növ arxa plana keçirib:

“ Bununla da cəmiyyətdə təhsil müəssisələrinin akkreditasiyası və onun nəticələri barədə qaranlıq təsəvvürlər formalaşıb. Hesab edirəm ki, təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun tələb edilməsindən qabaq, ilk növbədə bu qaydalarda obyektivliyin, şəffaflığın təmin olunmasına hesablanan müvafiq dəyişikliklərin aparılması daha əhəmiyyətli olar, nəinki hələ məbləği müəyyənləşməyən rüsumun alınması”

Qeyd edək ki, “Təhsil haqqında” qanuna bununla bağlı dəyişiklik edilməsi nəzərdə tutulur. “Təhsil sahəsində dövlətin vəzifələri” ilə bağlı maddəsinə dövlətin yeni bir vəzifəsi də əlavə edilir. Bu əlavəyə görə, dövlətin vəzifələrindən biri təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək olacaq.