Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 23:00:00
Azərbaycanda infrastruktur layihələri 100 il bundan əvvəl də priorotet olub  - TƏHLİL

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il keçdi. Türk dünyasında və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlətin yaranması Azərbaycan üçün təkcə siyasi deyil, həm də iqtisadi baxımdan mühüm hadisə olub. O zaman qəbul edilmiş qərarların bir qismi bu gün də aktuallığını saxlayır.

 

İlk növbədə onu qeyd edək ki, AXC dövründə də dövlət büdcəsinin gəlirləri indiki kimi əsasən xam neftin satışından, eləcə də vergilərdən formalaşırdı. Məsələn, 100 il bundan əvvəl Azərbaycanın büdcəsi 665 mln. manat olub ki, bunun 15%-dən çoxunu və yaxud təxminən 100 mln. manatını gömrük xidməti təmin edib.

 

Neft sektoruna gəlincə isə, həmin vaxt ölkədə il ərzində hasil edilən 3,6 mln. ton xam neftin ilk vaxtlar yalnız 15%-ni, yəni 600 min tona yaxınını ixrac etmək mümkün olub. 1919-cu ilin martında uzunluğu 500 km-ə çatan Bakı-Batumi boru kəməri bərpa edilib. Həmçinin Bakı-Culfa dəmir yolu xəttinin tikintisi həyata keçirilib. Son nəticədə ölkədə neft ixracı və neftdən gələn gəlirlər təxminən 6 dəfə artıb.

 

AXC-nin mövcud olduğu 23 ay ərzində Azərbaycanda ümumilikdə 10 mln. tona yaxın neft çıxarılıb. Neft sənayesi üçün ən uğurlu il 1919-cu il olub. Belə ki, 1918-ci ildə 3 287 yataqdan 185,6 pud və yaxud 2,96 mln. ton, 1919-cu ildə 2 066 yataqdan 225,1 pud və yaxud 3,6 mln. ton, 1920-ci ildə isə 2 037 yataqdan 175,1 pud və yaxud 2,8 mln. ton "qara qızıl" hasil edilib.

 

100 il bundan əvvəl də Azərbaycan dövlət büdcəsində infrastruktur layihələrinin maliyyələşdirilməsi, o cümlədən nəqliyyat sahəsinə investisiyalar prioritet təşkil edib. Məsələn, dəniz nəqliyyatının inkişafına böyük pullar xərclənib. Bununla belə, Cümhuriyyət dövründə dənizçilik sahəsini milliləşdirmək mümkün olmayıb. Azərbaycan Dövlət Dəniz Akademiyasının humanitar fənlər kafedrasının müdiri, dosent İlqar Abdullayev deyir ki, həmin dövrdə də dənizçilik məktəblərini bitirən azərbaycanlı şagirdlər gəmidə yüksək vəzifələrdə çalışa bilməyiblər: "Bunun üçün Odessa (Ukrayna), Sankt-Peterburq, Novorossiysk (Rusiya) şəhərlərində ali təhsil almaq lazım idi. Savadlı kadrların azlığı dənizçilik məktəblərinin rəhbərliyinə azərbaycanlı şəxslərin gətirilməsi məsələsini ləngidirdi. Cümhuriyyət dövründə bir çox sahələrdə, o cümlədən məktəblərdə milliləşmə getsə də, dənizçilik məktəbini milliləşdirmək mümkün olmadı. Yalnız 1933-cü ildə professor Qasım Kazım oğlu Gül Bakı Dənizçilik Texnikumuna direktor təyin edildi və bununla da azərbaycanlı kadrların irəli getməsi üçün şərait yarandı. Bununla da hələ Cümhuriyyət dövründə formalaşmış “azərbaycanlılar gəmi idarə etməyə qabil deyillər” fikrinin yanlış olduğunu zaman özü sübut etdi. Cümhuriyyət dövründə xaricə oxumağa göndərilən azərbaycanlı gənclər sırasında dənizçilik peşəsi üzrə təhsil alan tələbələr də olub”.

 

Bundan başqa, İ.Abdullayevin sözlərinə görə, I dünya müharibəsi də bu sahənin inkişafına ağır təsir göstərib: "AXC-nin yarandığı ilk günlərdən qarşıya qoyduğu əsas məqsədlərdən biri ticarət gəmilərini sərəncamına keçirmək, onların Azərbaycan bayrağı altında üzməsinə nail olmaq idi. Lakin yeni dövlətin qarşısında o qədər məsələ dayanırdı ki, dənizçilik sahəsində daha miqyaslı addımlar atılmasına zaman yetmədi. Birinci dünya müharibəsi su nəqliyyatına da ağır zərbə vurdu. Ticarət gəmilərinin xeyli hissəsi Azərbaycan sərhədlərindən çıxarılıb aparıldı və yaxud yararsız hala düşdü. Qalan ticarət gəmiləri və Bakı limanı 1918-ci il noyabrın 29-dan ingilis komandanlığının sərəncamına keçdi. Ticarət onanmasını idarə etmək üçün Bakıda “İngiltərə dəniz nəqliyyatı” şirkəti yaradıldı”.

 

AXC dövründə Azərbaycan iqtisadiyyatında energetika sahəsi də diqqət mərkəzində olub. Həmin vaxt ölkədə iki böyük elektrik stansiyası (“Ağ şəhər” və “Bibiheybət”) olub ki, onlar da elektrik enerjisi istehsalının 88%-ni və yaxud 56 min kilovat saatını təmin ediblər. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 64 min kilovat saata yaxın olub.

 

Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı deyir ki, AXC dövründə elektrik enerjisi təsərrüfatı bütövlükdə sahibkarların inhisarında olub və bu baxımdan həmin sahə dövlət üçün əhəmiyyətli olub: “Məhz bu səbəbdən də kadr potensialının yaradılması və ixtisaslı energetiklərin hazırlanması üçün qabaqlayıcı tədbirlər görülməyə başlandı. Bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını tələbələrin siyahısına baxanda da görmək mümkündür.

 

Təəssüf ki, AXC tarixi ilə bağlı nəşrlərdə həmin dövrdə elektroenergetika sahəsində görülən işlərə geniş yer ayrılmır. Buna baxmayaraq tarixi sənədlərlə tanışlıq zamanı bu sahə ilə əlaqədar bəzi maraqlı məqamlara rast gəlmək mümkündür. Arxiv mənbələrində elektroenergetika ilə bağlı məlumatların azlıq təşkil etməsinin səbəblərindən biri AXC dövründə həmin sahənin Poçt və Teleqraf Nazirliyinin tərkibində fəaliyyət göstərməsi olub".

AXC parlamentinin 26 fevral 1919-cu il tarixli 17-ci iclasında qeyd olunurdu: “Şəhər idarəsi ticarət müəssisələrindən, işıqdan və bu kimi yerlərdən xüsusi vergi almalıdır”. Bundan başqa, Parlamentin 13 oktyabr 1919-cu il tarixli 83-cü iclasında Abuzər bəy Rzayev küçələrin işıqlandırılması haqqında deyirdi: “Yadınızdadır ki, keçən il küçələrdən keçmək olmurdu. Hər yer zibil, torpaq, dağılmış... Şimdi görürsünüz, küçələr təmiz, zibil atılmış, elektriçeski yanır, qonka işləyir, məktəblər də açılır”. Parlamentin digər üzvü - Səməd ağa Ağamalıoğlu isə fikir mübadiləsinə qoşularaq belə demişdi: “Hamıya da məlumdur ki, pul olmazsa, küçələr təmizlənməz və işıq da olmaz”.

Azərbaycan Parlamentinin üzvləri arasındakı bu kiçik mükalimə AXC dövründə elektroenergetika sahəsinə böyük diqqətin olduğunu göstərir. Bunun nəticəsidir ki, “İstiqlal Bəyannaməsi” qəbul olunduqdan cəmi bir il sonra Azərbaycanda elektrik enerjisinin istehsalı xeyli artırılıb, paytaxt küçələrinin işıqlandırılması yaxşılaşdırılıb. (report)