Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 23:32:42
Nüfuzlu Avropa  jurnalı bir nömrəsini Azərbaycan və AXC-100-ə həsr edib 

Avstriyanın ən nüfuzlu nəşrlərindən biri olan “Cercle Diplomatique, Economique et Touristique International” jurnalının növbəti buraxılışı Azərbaycana və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100–cü ildönümünə həsr olunub. Bununla əlaqədar mayın 30-da Vyanada jurnalın redaksiya heyəti, Avstriyada akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə jurnalın yeni nömrəsinin təqdimat mərasimi keçirilib.

 

AzEdu.az  xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və jurnalın naşiri Aleksander Burski çıxış ediblər. Çıxışlarda diplomatik korpus, rəsmi və işgüzar dairələrdə geniş oxucu kütləsinə malik jurnalın yeni nömrəsinin Azərbaycana həsr olunması yüksək qiymətləndirilib. Qeyd edilib ki, jurnalın redaksiya heyəti Azərbaycanı, ölkədə gedən prosesləri və səfirliyin Avstriyadakı fəaliyyətini yaxından izləyir, öz buraxılışlarında Azərbaycana dair məqalələrə geniş yer verir. Jurnal indiyədək bir neçə buraxılışının xeyli hissəsini Azərbaycana həsr edib və bu əməkdaşlığı gələcəkdə də davam etdirməkdə maraqlıdır.

 

Jurnalda “Azərbaycan – Şərq və Qərb arasında körpü” sərlövhəli baş məqalədə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa və şərəfli tarixi, müstəqilliyin bərpasından sonra Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin sosial-iqtisadi inkişafı, xarici siyasətinin prioritetləri, enerji sahəsində qazanılan nailiyyətlər, turizm imkanları haqqında məlumatlar əksini tapıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən bəhs edən məqalə isə maraqlı faktlar əsasında yazılıb. Məqalədə, həmçinin zəngin multikultural və tolerant ənənələrə malik Azərbaycanın son illərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və konfranslara ev sahibliyi etdiyi qeyd olunub. 2000-ci ildə “Ekspo” hərəkatına qoşulan Azərbaycanın 2025-ci ildə Bakı şəhərinin bu Ümumdünya Sərgisinə ev sahibliyinə tam hazır olduğu və Azərbaycanın beynəlxalq platformaya ev sahibliyi etməyə ən uyğun məkan olması bildirilib. Qeyd edilib ki, qlobal forumlara, “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Dünya Şahmat Olimpiadasına ev sahibliyi edən Azərbaycan paytaxtı böyük formatlı beynəlxalq tədbirlərin keçirilməsində sınanılmış təcrübəyə malikdir. “Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi Şərqlə Qərb və Şimalla Cənub arasında iqtisadi, siyasi və mədəni körpülərin qurulmasında əvəzsiz rol oynayacaq. Məqalənin sonunda Azərbaycan Prezidentinin müstəqil Azərbaycanın inkişafında çox mühüm əhəmiyyət daşıyan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünya azərbaycanlılarına təbriki təqdim olunub.

 

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla müsahibənin yer aldığı “Azərbaycan təkcə Şərqdən Qərbə deyil, eyni zamanda, Şimalda Cənuba möhkəm körpüdür” sərlövhəli məqalədə Xalq Cümhuriyyəti və həmin dövrdə əldə olunan nailiyyətlər, müasir Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni inkişafı, regional və beynəlxalq müstəvidə oynadığı rol, Avstriya-Azərbaycan əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən söhbət açılıb.

 

Avstriyada yaşayan azərbaycanlı iş adamı Nəriman Baxışovun və Avstriya İqtisadiyyat Palatasının Azərbaycan üzrə kommersiya müşaviri Rudolf Lukavskinin məqalələrində isə Azərbaycanda yaradılmış münbit biznes mühiti, böyük qlobal layihələrin ölkəni həm biznes qurmaq, həm də səyahət turları üçün cəlbedici məkana çevirməsi vurğulanıb.

 

Qeyd edək ki, 35 min tirajla çap olunan jurnalın abunəçiləri arasında Vyanada akkreditə olunan 300 yaxın səfirlik və daimi nümayəndəlik, Avstriyanın nazirlik və digər dövlət qurumları, BMT, ATƏT, OPEC, OPEC Fondu və başqa beynəlxalq təşkilatların Vyanadakı ofisləri, Avstriyanın xaricdəki səfirlikləri və iri şirkətlər yer alırlar. Jurnalın Azərbaycana həsr edilən nömrəsi ilə, həmçinin https://www.cercle-diplomatique.com saytında tanış olmaq mümkündür. (AZƏRTAC)