Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 17:29:23
Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, səfərin əsas məqsədi Almaniyada peşə təhsili sistemi, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə tanış olmaqdan ibarətdir.

Səfərin ilk günü iş yerində təcrübə proqramında iştirak edən, kənd təsərrüfatı istiqamətində ixtisaslaşan “Alber Buhler - Green Professions” şirkəti, eləcə də xidmət və səhiyyə sahəsi üzrə fəaliyyət göstərən “August Flemming” peşə təhsil mərkəzində görüşlər keçirilib.

Görüşlərdə Almaniyada işləyərək öyrənmə təcrübəsi, peşə təhsil müəssisələrinin maddi-texniki bazasına və infrastrukturuna qoyulan tələblər müzakirə edilib.

Səfərin ikinci günü Baden Vürttemberq əyalətinin Təhsil, Gənclər və İdman Nazirliyində və Azərbaycan Respublikasının Ştutqard şəhərindəki fəxri konsulluğunda görüşlər olub, peşə təhsili sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Təlim səfəri Avropa İttifaqının qrantı ilə maliyyələşən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşıb.