Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 13:10:00
Deputat AzEdu.az-a yazdı: “Hər bir müsəlman ölkəsi din təhsili sistemini qurmalıdır”

Bu gün müsəlman ölkələri din təhsili sahəsində müxtəlif modelləri tətbiq edirlər. Bu modellər arasında uğurlularla yanaşı uğurlu olmayanlar da vardır. Kənardan asan görünsə də, əslində din təhsili sistemini qurmaq bir o qədər də asan məsələ deyil.

 

Sözügedən məsələni təhlil edərkən ilk öncə müxtəlif müsəlman ölkələrinin modellərini nəzərdən keçirmək lazımdır.  Bu modellər sırasında Malaziya modeli diqqəti xüsusi çəkir. Bu gün Malaziya Beynəlxalq İslam Universiteti müsəlman ölkələri arasında ən böyük universitetlərdən biri sayılır. Burada yalnız din təhsili deyil, eyni zamanda digər sahələr üzrə mütəxəssislər yetişdirilir. Universitetdə ilahiyyat elmləri ilə yanaşı, tibb, hüquq, mühəndislik və digər sahələr üzrə mütəxəssislər yetişdirilir. Bu gün müsəlman dünyasının bir sıra tanınmış ictimai və siyasi xadimləri bu universitetin məzunu olub və ya müəllim kimi bu ali təhsil müəssisəsində çalışıblar. Türkiyə Prezidentinin müşaviri İbrahim Qalın magistratura təhsilini bu ali təhsil müəssisənsində alıb. Həmçinin, bu ölkənin sabiq Xarici İşlər naziri Əhməd Davudoğlu bu təhsil müəssisəsində bir müddət müəllim çalışıb.  

 

Türkiyənin təcrübəsinə gəldikdə burada din təhsili Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən universitetlər vasitəsilə verilir. Türkiyənin 100-ə yaxın universitetində ilahiyyat fakültələri fəaliyyət göstərir. Diyanət İşləri İdarəsini din xadimləri ilə bu fakültələr təmin edir. Bu universitetlər arasında Ankara, İstanbul və Mərmərə universitetlərinin ilahiyyat fakültələri təhsilin səviyyəsi baxımından xüsusilə seçilirlər.

 

İrana gəldikdə isə bu ölkənin Əl-Mustafa Beynəlxalq Universiteti bu sahə üzrə ixtisaslaşmış əsas ali dini təhsil müəssisəsələrindən biri sayılır. Burada çoxlu sayda xaricdən gələn tələbə din təhsili alır. Azərbaycan vətəndaşları arasında da bu ali təhsil müəssisəsində din təhsili alanlar var.

 

Misir Ərəb Respublikasında fəaliyyət göstərən “əl-Əzhər” universiteti bu təhsil müəssisələri arasında öz qədimliyi ilə seçilir. Bir çox müsəlman ölkəsinin vətəndaşı, o cümlədən Azərbaycan vətəndaşları arasında da burada təhsil alanlar var. Eyni zamanda, əl-əzhər universiteti müsəlman dünyasının ən böyük böyük universitetlərindən sayılır.

 

Müsəlman ölkələri arasında din təhsilinə xüsusi önəm verəm ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Bu ölkənin həm Mədinə, həm də Məkkə şəhərlərində din təhsili verən universitetlər fəaliyyət göstərir. Təhsilin əsasən sələfilik cərəyanın təbliği üzərində qurulan bu ali təhsil müəssisəsələrində də çoxlu sayda müsəlman ölkəsinin vətəndaşı təhsil alır. Azərbaycan vətəndaşları arasında da bu təhsil müəssisəsini bitirənlər var.    

 

Rusiyada islam dini üzrə mütəxəssis yetişdirən bir neçə ali dini təhsil müəssisəsi fəaliyyət göstərir. Rusiya İslam İnstitutu, Moskva İslam İnstitutu, Bolqar İslam Akademiyası. Ümumi təhlillər bu ölkədə din təhsili sisteminin qurulması istiqamətində görüləcək işlərin çox olduğunu söyləməyə əsas verir.  

 

Orta Asiya Respublikalarından Özbəkistan Beynəlxalq İslam Akademiyasının adını qeyd etmək olar. Son bir neçə ildə bu ali təhsil müəssəsi müəyyən uğurlara imza atrıb. Xaricdə fəaliyyət göstərən ali dini təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

 

Qazaxıstanda isə Misir Ərəb Respublikası ilə birlikdə yaradılmış “Nur Mübarək” universitetinin adını qeyd etmək olar. Bu təhsil müəssisəsində də ilahiyyat elmləri ilə yanaşı həm Şərq, həm də Qərb dilləri geniş tədris olunur. 

 

Digər müsəlman ölkələrində də ali din təhsili verən universitetlər fəaliyyət göstərir. Yuxarıda adları qeyd olunan təhsil müəssisələrinin adlarını qeyd etməklə kifayətlənirik. 

 

Qeyd etmək lazımdır ki, din təhsili həm də təhlükəsizlik məsələsidir. Öz milli təhlükəsizliyini təmin etmək istəyən hər bir müsəlman ölkəsi müstəqil din təhsili sistemini qurmalıdır. Bun nail olmadan milli təhlükəsizliyin tam təmin edildiyini söyləmək doğru olmaz. 

 

Bu modellər içərisində ən uyğun modellərdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliyi ilə yaradılmış Azərbaycan İlahiyyat İnstitunun timsalında Azərbaycan modelidir. Burada tələbələr islamla yanaşı, digər dinlərin tarixi barədə də geniş məlumatlar verilir. Azərbaycanın coğrafi mövqeyini, zəngin tolerantlıq təcrübəsini nəzərə alaraq çox iş görmək olar. Bu təhsil müəssisəsini bölgənin aparıcı universitetlərindən birinə çevirmək üçün kifayət qədər imkan var. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirir. İnanıram ki, qarşıya qoyulan vəzifələrə tezliklə nail olunacaq.    

Elm Və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov