Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 12:00:00
“Çapar”ın baş redatoru: “Biz tamamilə onlayn şəklə heç vaxt keçməyəcəyik”

“Bilirsiniz ki, Azərbaycanda tarixlə bağlı jurnal yox idi. Mediamızda daha çox ədəbiyyat, turizm mövzulu jurnallar daha çoxdur. Bu baxımdan nə zamandır ki sırf tarixlə bağlı kütləvi jurnal dərc etmək istəyirdik. Nəhayət, dostum Yusif İlhamoğlu ilə birgə Cümhuriyyətimizin 100 illiyində bu ideyamızı həyata keçirə bildik. İndiyədək 10 sayımız və bir özəl buraxılışımız nəşr olunub. Jurnalımızın qapağında Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlər olur. İndiyədək Məhəmmədəmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Həmidə xanım Cavanşir, Cəlil Məhəmmədquluzadə, Fətəli xan Xoyski, Xosrov bəy Sultanzadə, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Əlimərdan bəy Topçubaşı, Əbdürrəhim bəy Haqverdiyev olub”

 

“Çapar”dərgisinin baş redatoru Dilqəm Əhməd AzEdu.az-a açıqlamasında bu fikirləri bildirib. O, həmçinin jurnalın özəl buraxılışlarından da danışdı:

 

“Özəl buraxılışlarımız sırf bir şəxsiyyətə aid olur. Ötən il Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümünə görə ona həsr etdik. Hazırda yeni özəl sayımız hazırlanır, Rəsulzadənin 65-ci anım ildönümünə ithaf olunub. Bu baxımdan deyərdim ki, tarix sahəsində önəmli bir boşluğu doldura bildik. Bizə həm gənclər maraq göstərir, həm də bu sahədə 30 ildən çoxdur əmək sərf edən dəyərli ziyalılarımız. Onların hamısına minnətdaram. Ramiz Abutalıbov, Ədalət Tahirzadə, Vilayət Quliyev, Aydın Balayev, Nəsiman Yaqublu, Mehdi Gəncəli, Əkbər Nəcəf və s. dəyərli alimlərimizin yazılarını dərc etmişik və etməkdəyik. Bu ilin fevral ayının 2-də bir yaşımızı qeyd etdik və 300 qonağımız iştirak etdi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, son illər bu şəkildə təqdimat olmamışdı”.

 

“Biz tamamilə onlayn şəklə heç vaxt keçməyəcəyik”

 

Dərginin qarşıdakı dönəm üçün əsas hədəfləri…

 

“Koronavirus səbəbindən biz də hər kəs kimi fəaliyyətimizi müvəqqəti dondurmuşduq. İndi tədricən bərpa edirik. Hazırda aprel işğalının və Gəncə üsyanının 100-cü ildönümü ilə bağlı sayılar üzərində çalışırıq. Bilirsiniz, “Çapar” həm də kitab nəşri ilə məşğuldur. Ən sonra Ədalət Tahirzadə ilə mənim “Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oçerk” adlı kitabımız çap olundu. Hər kəs üçün cümhuriyyətin tarixini lakonik şəkildə yazmışıq. Cümhuriyyətin 102-ci ildönümünə isə qiymətli bir kitab ərməğan edəcəyik. Hələ ki adını çəkməyək. “Çapar” həm də tədqiqat mərkəzi kimi fəaliyyət göstərəcək. Konfranslar, tədbirlər planımız var. Yəqin ki, sentyabrdan etibarən pandemiya bitər və həyat normal axarına düşər. Hələ ki bu kimi fəaliyyətlərimizi sosial mediada canlı yayımlar vasitəsilə həyata keçiririk”.

 

“Biz tamamilə onlayn şəklə heç vaxt keçməyəcəyik”

 

“Jurnalımızın 200-dən çox abunəçisi var. Jurnalı ayaqda saxlayan məhz abunəçilərimiz və digər oxucularımızdır. Marketinq, yayım işlərində bizə dəyərli dostlarımız çox kömək etdilər. Mən 3 şəxsin adını xüsusilə çəkmək istəyirəm: Əli Təkin Atalar, Rafiq Hunaltay və Rəsul Həsən. London Azərbaycan Evinin rəhbəri Əli Təkin bəy bizə bu işə başlamaqda ilk və əvəzsiz dəstək verən şəxsdir. Digər şəxslər isə piar və dizayn işlərimizdə bizə təmənnasız şəkildə çox kömək etdilər. Saytımız da hazırlanır. Bilirsiniz ki, jurnalda səhifə məhdudiyyəti var. Yazılar isə həddindən artıq çox göndərilir. Biz də məcburuq ki, ən yaxşı yazıları dərgiyə verək. Qalan yazıları isə saytımıza yerləşdirəcəyik. Biz tamamilə onlayn şəklə heç vaxt keçməyəcəyik. Çap medianın tərəfdarıyıq və bu sahənin inkişafında maraqlıyıq. Çap olunan tarixdə qalır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları