Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 16:47:00
TOPs proqramı çərçivəsində videokonfrans təşkil edilib

TOPs layihəsinin rəhbər heyəti, proqram üzrə mütəxəssislər, həmçinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə videokonfrans təşkil olunub.

 

 AzEdu.az  xəbər verir ki, görüşdə koronavirus pandemiyasının yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə TOPs proqramının məhdud və məsafədən olmaqla fəaliyyətinin davam etdirilməsi imkanları müzakirə edilib.

 

Tədbirdə çıxış edənlər tərəfindən Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” və “ARB Günəş”  telekanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün yayımlanan “Fiziki tərbiyə” dərslərinin TOPs metodikası üzrə təşkilinin səmərəliliyi vurğulanıb, ev şəraitində onlayn formatda təşkil olunan dərslərin şagirdlərin fiziki sağlamlığı üçün faydalı, onların aktivliyinin qorunması üçün əhəmiyyətli olduğu qeyd olunub. Həmçinin karantin dövründə şagirdlərin hərəkətsiz qalmamaları, onların idmana olan həvəslərinin artırılması istiqamətində zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Sonda mövcud vəziyyətlə əlaqədar Təhsil Nazirliyinin həyata keçirdiyi  "Virtual məktəb" platforması üzərindən daha çox sayda fiziki tərbiyə müəllimləri tərəfindən dərslərin təşkili, inkluzivliyin nəzərə alınması, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qərara alınıb.

 

Qeyd edək ki, TOPs proqramı Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf naminə idman” ictimai birliyinin tərəfdaşlığı ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Cari tədris ilində TOPs proqramına əlavə olaraq Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Astara və Xızı rayonlarından təhsil müəssisələri qoşulub, bununla da layihə üzrə məktəblərin ümumi sayı 900-dən artıq olub.