Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 16:10:00
Qəbul imtahanları və təhsillə bağlı  YENİ qərarlar sadə dildə - Nazir müşavirindən izahlar

 

“Məlum olduğu kimi, ötən gün Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar qəbul edib. Qərar 01 oktyabr 2020-ci il tarixinədək qüvvədədir.

 

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Təhsil Nazirliyinin rəsmi Feysbuk səhifəsi üzərindən canlı efirə qoşularaq bu qərarı ətraflı şəkildə şərh edib, vətəndaşlar tərəfindən verilən suallara onlayn rejimdə cavab veriblər”.

 

Bu fikirləri Təhsil Nazirinin müşaviri Elnur Məmmədov öz feysbuk hesabında bildirib. Həmçinin yeni qərarların sadə dildə izahını edib:

 

Ali və orta ixtisas təhsili pilləsinə aid olan əsas qərarların sadə (qeyri-normativ) dildə izahını təqdim etmək məqsədəuyğun olardı:

  1. Bakalavriat:

 

İmtahan sessiyalarının təşkili qaydaları ali təhsil müəssisələri tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir. İmtahanlar ənənəvi və ya onlayn şəkildə təşkil edilə bilər.

  1. Bakalavriat (buraxılış ili):

 

Bir qayda olaraq tələbələrin yekun attestasiyası dövlət imtahanı və ya buraxılış işinin müdafiəsi şəklində təşkil olunur.

 

Dövlət imtahanın keçirilməsi nəzərdə tutulan ixtisaslarda hər hansı bir imtahan keçirilməyəcək. Əgər tələbə tədris planının bütün şərtlərini yerinə yetiribsə (o cümlədən, əvvəlki imtahanlardan müvəffəqiyyətlə keçibsə), o zaman təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq dövlət imtahanından keçmiş hesab olunacaq. Bu nəticə ilə razılaşmayan tələbələr üçün onların fərdi müraciətləri əsasında dövlət imtahanı təşkil edilə bilər.

 

Buraxılış işinin müdafiəsi nəzərdə tutulan ixtisaslarda tələbələr buraxılış işini kağız daşıyıcı və ya elektron formada ali təhsil müəssisəsinə təqdim etməlidir. Buraxılış işinin məzmununa, yazılmasına və müdafiəsinə (onlayn və ya ənənəvi) qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir.

  1. Magistratura:

 

İmtahan sessiyalarının təşkili qaydaları ali təhsil müəssisələri tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir. İmtahanlar ənənəvi və ya onlayn şəkildə təşkil edilə bilər.

  1. Magistratura (buraxılış ili):

 

Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə (kağız daşıyıcıda şəxsən və ya poçt vasitəsi ilə) və müdafiəsinə (onlayn və ya ənənəvi) qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir.

 

Magistrlik dissertasiyasının müdafiəsi ilə yekunlaşmayan ixtisaslar (MBA) üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ÜOMG-yə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur. Bu nəticə ilə razılaşmayan tələbələr üçün onların müraciəti əsasında dövlət imtahanı təşkil ediləcək.

  1. İmtahanda iştirak etməyə hazır olmayan tələbələr

 

İmtahanda bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrin müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftə müddətində, əyani şəkildə və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq. Bu mühazirələrin nəticəsi əsasında bu tələbələr üçün növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunacaq. Əlavə olaraq tələbə əvvəlki semestrlərdə yaranmış akademik borcu (kəsiri) ödəmək üçün iki fənn üzrə də imtahanda iştirak edə bilər. Tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olacaq.

  1. Təqaüd

 

Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilməlidir. Yaz semestrinin nəticələrinə görə akademik borcu (kəsiri) yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

  1. İmtahanların təşkili qaydası

 

İstənilən ənənəvi imtahan yalnız “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə uyğun şəkildə təşkil edilə bilər.