Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 15:20:00
“Təhsilin metodologiyası və kurikulumla bağlı terminlər lüğəti hazırlanacaq” – Sayalı Sadıqova

İnteqrasiya gedir, təhsil inkişaf edir  və yeni terminlər dilimizə daxil olur. Buna görə də həmin təhsil terminlərini əhatə edəcək lüğət davamlı olaraq hazırlanmalı, alınma terminlərin dilimizdəki qarşılığı əsas götürülməlidir”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O, təhsilin metodologiyası ilə bağlı lüğətin hazırlanmasına ehtiyac gördüyünü bilirib: 

“Bizdə elmi təşkilatın fəaliyyəti haqqında da bir lüğət çıxıb. O, çox yüksək səviyyədə 2007-ci ildə nəşr olunub. Hazırda bu lüğətin üzərində yenidən iş gedir. Amma qeyd edim ki, artıq bir dəfə nəşr olunub.

Əlbəttə, metodika, tədrislə bağlı lüğətlər mütəmadi olaraq hazırlanmalıdır. Bunu icra etmək daha çox Təhsil Problemləri İnstitutunun üzərinə düşür. Məsələn, pedoqogika ilə bağlı terminoloji lüğət səhv etmirəmsə, 2016-cı ildə nəşr olunub. Hazırda müxtəlif sahələrlə bağlı lüğətlər müzakirə olunur, bir neçəsi isə artıq nəşr edilib. Elə indi bizdə masanın üstündə  4 lüğət var. Amma bildiyimiz kimi, inteqrasiya gedir, təhsil inkişaf edir və yeni terminlər dilimizə daxil olur. Buna görə də həmin terminləri əhatə edəcək lüğət davamlı olaraq hazırlanmalıdır”.

O, kurikulumla bağlı dilimizə xeyli terminlərin daxil olduğunu, kurikulum terminləri lüğətinin üzərində isə işlər getdiyini deyib:

“Təhsil Problemləri İnstitutu kurikulumla bağlı bir lüğət  hazırlamışdı. Bu, təxminən 2014-cü ildə olub. Həmin lüğət müzakirə olundu və yenidən işlənməyə göndərildi. Çünki lüğətin hazırlanması uzunmüddətli prosesdir. O, uzun müddət müzakirə olunur. Müzakirə zamanı  müəyyən alınma sözlərin dilimizdə olan qarşılığı təklif olunur.  Geniş müzakirədən sonra kitab yenidən işlənməyə verilir. Yəni, hələ ki kurikulum terminləri lüğətinin üzərində iş gedir”.

Sayalı Sadiqova təhsil terminləri lüğəti hazırlanarkən diqqət ediləcək məqamlardan da söz açıb: “Biz lüğətlərin müzakirəsi zamanı tez-tez bu haqda danışırıq. Əsasən buradakı sözlərin təhsildə işlənən, ehtiyac duyulan sözlər olmasına fikir vermək lazımdır. Lüğətlərdə alınma sözlərə daha çox üstünlük verilir. Onların Azərbaycan dilində qarşılığı yaradılmalı, dilimizin daxili imkanları, söz yaradıcılığı prosesi əsas götürülməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları