Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 14:36:00
Elmi-populyar və kütləvi-pedaqoji ədəbiyyata maraq niyə azalıb?-Mütəxəssislər danışdı

Pandemiya dövründə evdə qalmağa məcbur olan şəxslərin asudə vaxtlarını dəyərləndirdikləri ən yaxşı vasitə kitab oxumaqdır. Bu da nəşriyyat evlərini daha çox kitab çap etməyə sövq edir. Lakin son aylar ərzində pedaqoji-kütləvi və elmi-populyar ədəbiyyatların nəşrində azlıq müşahidə olunur.

 

AzEdu.az bunun səbəbini öyrənmək üçün nəşriyyat evlərinin rəhbərlərinin fikirlərini öyrənib.

 

Hədəf Nəşriyyat evinin direktoru Səbuhi Şamursoy mövzu ilə bağlı fikirlərini bildirib.

 

“Məsələ belədir ki, bu, təkcə "Hədəf Nəşrləri" və "XAN" nəşriyyatının deyil, bütünlükdə Azərbaycan kitabçılığının qarşılaşdığı problemdir. Mənə elə gəlir ki, bu ölkədə heç SSRİ dövründə də qeyri-bədii ədəbiyyat bədii ədəbiyyat qədər təlabatlı olmayıb. İndi də ümumi Azərbaycan nəşriyyatlarının kataloquna baxsanız, barmaqla sayılacaq qədər elmi-populyar kitaba rast gələrsiniz.

 

Bildiyiniz kimi, "Hədəf Nəşrləri" metodiki ədəbiyyat nəşrləri ilə Azərbaycanda məşhurdur. Bunlar əsasən cari ilin dərslikləri və çox aktual təhsil məsələlərinə həsr olunan kitablar olur. Amma biz eyni zamanda müxtəlif pedaqoji kitablar da nəşr edirik ki, bunlar kitab bazarında müəyyən marağa səbəb olur. Məsələn, hazırda dünyada geniş yayılan "sürətli oxu" texnikasına həsr olunan silsilə kitablarımız var. Bu sahənin peşəkarları olan Toni Buzan, Reha Oğuz Türkkan və Toğrul Türkkan kimi müəlliflərin kitablarına yerli oxucular maraq göstərir. Psixologiya elminə aid olan bir sıra pedaqoji kitablar da nəşr etmişik (Co Novarro, Martin Kollins, Piter Kouter, Andrey Kosenko və s. müəlliflərdən).

 

Təəssüflər olsun ki, pedaqoji və elmi-populyar ədəbiyyata oxucular kimi, yerli müəlliflər də az maraq göstərir, yəni bu cür janrlarda elmi araşdırmalara söykənən, keyfiyyətli yazılan yerli kitablara da az-az rast gəlirik, hətta yazılanlar belə, öz sahəsi üzrə ölkədən kənara çıxarılası halda olmur. Bu mənada "Hədəf Nəşrləri" yeniliklərə imza atmağa iddialıdır. Məsələn, bu yaxınlarda işıq üzü görəcək Şəmil Sadiqin "İnsan mühəndisi" kitabından çox gözləntimiz var. Bu kitab müasir dünyada gedən təhsilyönümlü prosesi izləyərək, yerli təhsil modelinin təklifi əsasında yazılıb. İnanırıq ki, "İnsan mühəndisi" kitabı qeyd edilən sahədə oxucular üçün faydalı olacaq”.

 

Altun Kitab evinin rəhbəri Rafiq İsmayılov bu istiqamətdə çap olunan kitablardan söz açıb.

 

“Son dövrdə nəşriyyatımızda "Sinifdənxaric oxu" və "Tarixi yaradanlar" seriyalarından bir neçə kitab nəşr olunub. S-x oxu 1, 2, 3-cü siniflər üçün interaktiv oxu kitablarıdır (mətnlərə sual və tapşırıqlar qoyulur). "TY" 12 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulub. Onların cild şəkillərini göndərirəm. Əslində “Pedaqoji-kütləvi" deyilən bir kitab kateqoriyası yoxdur. Əlavə tədris ədəbiyyatını nəzərdə tutulur. Bu sahədə də nəşrlərimiz də kifayət qədərdir”.

 

Nəticə olaraq qeyd edək ki, elmi-populyar və kütləvi-pedaqoji ədəbiyyat insanların intellekt səviyyəsini artırmağa hər zaman kömək edir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları