Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 14:12:00
Dezinformasiya yayan təhsil qruplarının qarşısı necə alınmalıdır?-Müəllimlər açıqladı

Sosial şəbəkələr günümüzün ayrılmaz hissəsinə çevrilib. Bir çoxlarımız məlumatları məhz sosial şəbəkələrdən alırıq. Təhsillə bağlı oxunan informasiyaların çoxu isə facebook sosial şəbəkəsində olan qruplarda paylaşılır. Lakin bu qruplarda rəsmi xəbərlərlə yanaşı yalnış informasiyalar da olur.

 


AzEdu.az dezinformasiya yaymaqla məşğul olan qrupların qarşısını almaq üçün hansı tədbirlərin görülməsini bilmək üçün ekspertlərin fikirlərini öyrənib.

 

Təhsil eksperti Almaz Həsrətin məsələ ilə bağlı fikirlərini bölüşüb.

 

“Savadı, mütaliəsi yerində və güclü intellektə sahib olan şəxs sosial şəbəkədə yayımlanan yalnış məlumatlara inanmaz. Çünki internetdə elə xəbərlər vardır ki, onlar səhv informasiyalardır. Mənbəsi məlum olmayan səhifələr yalnız oradan-buradan eşidilən fikirləri əsas götürürlər. Əsl təhsil işçisi rəsmi mənbələrdən məlumat oxumalı və Təhsil Nazirliyinin saytına, onun tərəfindən yaradılan sosial şəbəkə qruplarına baxmalıdır. Əgər nüfuzlu şəxs tərəfindən qrup yaradılarsa və o daima nəzarətdə saxlansa onu oxumaq olar. Əgər insanın biliyi yetərlidirsə o, yalnış məlumatlara məhəl qoymaz.

 

Mən bu tip səhifələrə üzv olmuram. Əgər kimsə məni o tip səhifələrə üzv etsə, oradan uzaqlaşıram. Mənbəsi məlum olmayan qruplarda yetərincə müəllimlər toplanarsa, deməli problem onların özündədi. Əgər söhbət müəllimdən gedirsə, o dövlət tərəfindən verilən xəbərlərə daha çox fikir verməlidir. Bunun qarşısının alınması üçün müəllimlər savadları ilə digərlərini üstələməlidilər. Onlar söyləməlidir ki, bu qrupa üzv olmağa dəyməz. Belə olduqda oraya üzvlük də azalacaq. Həmçinin , bizim çox sanballı təhsil səhifələrimiz var. Onlar rəsmi məlumatları əsas götürərək ekspertlərin rəyini öyrənirlər. Savadı olan şəxs bu qədər informasiya bolluğunda azmaz”.

 

Astara rayonu Qapıçıməhəllə kənd məktəbinin müəllimi Həbib Əlizadə məsələnin bircə çıxış yolu olduğunu deyir.

 

“Rəsmi məlumatlar operativ və ətraflı şəkildə verilməlidir. Əgər informasiyalar yetərli olarsa şayələr azalacaq. Amma eyni zamanda təhsil sahəsində olan bütün idarəçilər düzgün məlumat verməlidir. Bəzən bəzi təhsil idarəçilərinə ictimaiyyət inanmır. Eyni zamanda təhsil sahəsində işləyən məmur özü saxta adlarla olan hesablardan müxtəlif formada məlumat yayır. Məsələn, şəxsən mən də rəsmi şəxslərin olduğunu bildiyim qrupda saxta hesabla və ya öz adıyla qara piar aparan, nifrət, kin yazıları olub. Təbii ki, həmin rəsmi şəxslərin icazə ilə həmin statuslar təsdiqlənir. Qısacası rəsmilər buna şərait yaratmamalıdır”.

 


Laçın rayon Taxtakörpü kənd məktəbinin müəllimi Şəbnəm Cəbrayıl təhsil səhifələri haqqında fikirlərini bildirib.

 

“Bəzi təhsil ekspertləri özlərini münəccim hesab edirlər. Aralarında düzgün mövqedə olanlar olsa da, təəssüf ki, səhv məlumatla insanlar arasında çaşqınlıq yaradanlar da çoxdur. Bir də təhsil sahəsinə aid qruplarda qərəzli yazılar gördüyüm zaman , bir müəllim kimi çox üzülərəm. Yaxşı olar ki, düzgün araşdırmalardan sonra , haqlı yazılar paylaşılsın. Haqsız yazılar yazılması da çox böyük yanlış anlaşılmalara gətirib çıxarır. Əvvəlcə həmin adamların özünə , fəaliyyətinə baxılsın, sonra şikayətlərinə “.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları