Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 14:59:41
“Müəllimlər yeni tələblərə uyğunlaşmaq üçün üzərlərində işləməlidirlər” – “Diaqnostika” problemləri

“Bir çox müəllim ənənəvi dərslikləri “ möhkəm tutub" yeni dərslikləri bəyənmir” 

Bu sözləri AzEdu.az-a açıqlamasında Hədəf Kurslarının Elm və Tədris işləri departamentinin direktoru Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, Müəllimlərin Diaqnostik Qiymətləndirilməsində bir çox müəllimin aşağı nəticə göstərməsi onların öz üzərlərində işləməməsindən qaynaqlanır: 

“Bir neçə ildir ki, orta məktəb dərsliklərinin mahiyyəti  tamamilə dəyişib və yeni kurikulum əsaslı dərsliklər  istifadəyə verilib. Bu dərsliklərin tələb  etdiyi  dərs qurma şərtləri əvvəlki dərsliklərdən fərqlənir. İndi tələb olunan bacarıq və vərdişlər də fərqlidir. Bu baxımdan müəllimlərimiz yeni tələblərə uyğunlaşmaq üçün üzərilərində işləməlidirlər. Təəssüf ki, bir çox müəllim ənənəvi dərslikləri "möhkəm tutub" yeni dərslikləri bəyənmir. Halbuki, diaqnostik imtahanlar onu göstərir ki, əksər müəllimlərin ənənəvi dərsliklərlə bağlı bilikləri qənaətbəxş deyil”. 

Elxan Nəcəfovun sözlərinə görə, uzun müddətdir, əzbərçilik üzərində qurulan tədris bacarıqları artıq özünü doğrultmur: 

“Yeni tələblər əsasında müəllimlər də özlərini yetişdirməli, tələb olunan yeni bacarıqlara yiyələnməlidirlər. Həmçinin, müəllimlərin istər peşə bacarıqlarını artırmaq, istərsə də ixtisas bacarıqlarını möhkəmləndirmək üçün Təhsil Nazirliyi tərəfindən sistemli seminarlar, dərslər təşkil olunmalıdır. Xüsusilə ali məktəblərin pedaqoji ixtisaslarında yeni tələbləri daha mükəmməl şəkildə tədris etmək lazımdır. Bu halda həm yeni müəllimlər, həm də hazırda müəllim kimi çalışanlar daha çox uğurlara imza ata bilərlər”.

Qeyd edək ki, mayın 26-da müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. İbtidai sinif müəllimlərinin imtahanı 26-27 may tarixlərində keçirilib. Hazırda digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə davam edir. 29 may tarixində keçirilən imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə isə 2 bal olub. 55 nəfər isə 10 baldan aşağı nəticə göstərib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları