Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 14:08:00
“Misir Mərdanov qadağan etdi, biz də “Əlifba” bayramını illərdir, keçirmirik”- Məktəblərdə qərarsızlıq

Əvvəllər orta məktəblərin birinci siniflərində  əlifba bayramı qeyd olunurdu və bu ənənə indi də davam edir.

Adətən bu tədbirlərin ssenarisi şagirdlərin şeir, rəqs və kompozisiyalarından ibarət olardı. Sonradan bəzi məktəblərdə bu tədbirlərin keçirilməsinə son qoyuldu. Amma dərs  ilinin sonu yaxınlaşdığına görə bəzi məktəblərdə bu mövzu hələ də gündəmə gəlir.

Bəs,  Bakının hansı məktəblərində əlifba bayramı indi də qeyd olunur?  Onlar buna necə hazırlaşırlar?

AzEdu.az  orta təhsil müəssisələri arasında bu haqda keçirdiyi sorğunu təqdim edir:

Bakı şəhər 9 saylı orta məktəbin nümayəndəsi burada əlifba bayramının keçirilməməsini keçmiş nazirin əmri ilə əsaslandırıb:

“Bizim məktəbdə xeyli vaxtdır ki, əlifba bayramı keçirilmir. Əvvəllər nazir Misir Mərdanov bununla bağlı əmr vermişdi. Biz də elə o vaxtdan belə tədbirləri yığışdırdıq”. 

33 saylı orta məktəbin nümayəndəsi Əlizamin Ağamalıyev hazırlıq işlərinin getdiyini deyib: 

“Məktəbimizdə əlifba bayramı keçiriləcək, amma bunu hələ tam təsdiq etməmişik. Hələ heç hazırlıq işləri də tamamlanmayıb.  Nə vaxt keçiriləcəyi isə 1-2 günə dəqiqləşəcək”. 

44 saylı məktəbin nümayəndəsi Baxşıyeva Leyla bu məqsədlə geniş tədbirlər planının hazılandığını qeyd edib:

“Məktəbimizdə üç ibtidai sinif var. Hələ ki, əlifba bayramı keçirilməyib. Amma  1 iyun  Uşaqların Beynəlxalq Müdafiə günündə həm ibtidai siniflərin əlifba bayramı, həm də uşaqların müdafiəsi günü ilə bağlı  məktəb tədbirimiz olacaq. Orada ibtidai şagirdlərin il boyu  aldıqları sertifikatlar, təltifnamələr  veriləcək. Yəni bu, sırf əlifba bayramı deyil, sadəcə sabah ümumi tədbir keçiriləcək. Bu, əsasən ibtidai siniflərin il ərzində olanlarla bağlı hesabat tipli tədbiridir. Sonda isə şagirdlər əlifbanı öyrəndikləri haqda çıxış edəcəklər. Ssenaridə şeirlər də, kompozisiya da var. Yekunda  isə inşa, rəsm, idman  müsabiqələrində qalib gələn şagirdlər mükafatlandırılacaq.  Bu tədbirə valideynlər də dəvət olunub. Bütün  siniflərin valideyn komitələri cəlb olunub ki, onlar da məktəbimizin uğurlarını görsünlər”.

80 saylı məktəbin nümayəndəsi Vüsalə Abdullayeva isə səbəbini bilməsə də məktəblərində illərdir əlifba bayramı keçirilmədiyini bildirib:

“Xeyir, bizdə əlifba bayramı neçə ildir ki, keçirilmir”.

144 saylı məktəbin nümayəndəsi isə əlifba bayramı xüsusi olaraq qeyd olunmasa da, müəyyən tədbirlər zamanı xatırladıldığını deyib:

“Əlifba bayramı ayrıca eçirilmir. Amma müəyyən mövzular ətrafında olan  tədbirlərdə birincilərin əlifbası da qeyd olunur”.

217, 137 saylı orta məktəblərdən də neçə illərdir ki, birincilərin əlifba bayramının qeyd olunmadığını, heç bir tədbirin planlaşdırılmadığını bildiriblər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları