Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 13:50:00
Oksfordda təhsil alan azərbaycanlılar – Qısa siyahı

Oksford Universiteti (University of Oxford) dünyanın ilk, ingilisdilli ölkələrin isə ən qədim universiteti hesab edilir. Oksford Universiteti Böyük Britaniya universitetlərinin elmi-tədqiqat şəbəkəsi olan Rassel Qrupunun, Beynəlxalq Tədqiqat Universitetləri Alyansının, Avropanın 40 universitetinin təmsil olunduğu Koimbra Qrupunun, Avropa Tədqiqat  Universitetləri  Liqasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür.

Bu ali təhsil müəssisəsinin Azərbaycanla sıx əlaqələri formalaşıb. Bir çox azərbaycanlı tələbə hazırda bu universitetdə təhsil alır. Oksfordun azərbaycanlı məzunları və orada dərs deyən müəllimlər sırasında da tanınmış elm adamlarının və hazırda vəzifədə olan şəxslərin adlarına rast gəlmək mümkündür. 

AzEdu.az Oksford  Universitetini bitirən və orada dərs deyən bir neçə azərbaycanlını diqqətə çatdırır: 

Böyük Britaniyanın bu qədim elm mərkəzi ilə elmi əlaqələrin inkişafında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, akademik Nərgiz Paşayevanın xüsusi əməyi var. Professor N.Paşayevanın təşəbbüsü ilə Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi yaradılıb. Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir.

Qeyd edək ki, Nizami Gəncəvinin Oksford Universitetinin Bodleyn kitabxanasının əlyazmalar fondunda saxlanılan “Xəmsə”sinin XVI əsrdə tərtib olunan əlyazmasının elektron versiyasından nəfis tərtibatda hazırlanan nüsxə AMEA-nın kitabxanasına hədiyyə edilib.

Vaxtilə Azərbaycan Universitetinin rektoru olan Fərid Əhmədov isə iki il müddətində Oksfordda dərs deyib.

O, 2008-ci ildə doktoranturanı xaricdə  oxumaq üçün Böyük Britaniyaya gedib. 2009-cu ildə isə Azərbaycana qayıdaraq Dövlət İdarəçilik Akademiyasında elmi iş müdafiə edib və hüquq elmləri üzrə fəlsəfə doktoru adını qazanıb. Daha sonra isə yenidən İngiltərəyə qayıdıb. 2009-2011-ci illərdə İngiltərədə - Oksfordda Xarici İşlər Nazirliyinin əməkdaşları üçün “Foreign Service Program”ına qatılaraq, dünyanın müxtəlif yerlərindən gələn diplomatlara magistr pilləsində iki il Beynəlxalq ümumi hüquqdan dərs deyib. Fərid Əhmədov eyni zamandan Oksford Universitetində dünyanın nüfuzlu “Weidenfeld” təqaüdçüsü olub.  

Bu təqaüdü hər il dünyada cəmi 5 faiz adam qazana bilir. 

Fərid Əhmədovla yanaşı, Davud Azad fars musiqisi və onun formaları haqqında Oksford Universitetinə dəvət olunan və dərs deyən ilk cənubi azərbaycanlı müəllimdir. O, Cənubi Azərbaycanda, daha dəqiq Urmiyada doğulub.

Davud Azad həm də, dünya şöhrətli musiqi festivallarında da iştirak edib. "BBC proms”, "Müqəddəs səslər”, "Sir John Taverners” festivallarında və İngiltərədə "Oksford Hərəkətləri Festivalı”, Norveçdə "Nord Sənət Festivalı”, Macarıstanda "Dünya Xalqaları Festivalı”, Şotlandiyada "Edinburq Mənəvi Festivalı”, Fransada "Mon de Ərəb İnistututu Festivalı”nda olan çıxışları ilə dünyanın tanınmış musiqiçiləri ilə bir sıraya daxil olub.  

Müəllifin 6 musiqi albomu var. İlk albomunu 25 yaşında çıxarıb. Təsəvvüf, İran və Azərbaycan musiqilərinə müasir şərhlər əlavə edərək, özünə məxsus bəstələr edən Azad yalnız ilham gəldiyi vaxtlarda musiqi bəstələyir. Tələbələrinin və musiqiçi dostlarının sözlərinə görə, o, bəstələrinin üzərində uzun zaman işləmir. Müəllimin yaradıcılığı musiqi ilə kifayətlənmir. O həm də "Təbriz Tar Məktəbi” və "Setar xalq musiqisinin Hormozey məqamı” adlı kitabların da müəllifidir.  

Azərbaycan Dövlət Neft Şirkətinin “Təlim və inkişaf” şöbəsinin rəisi Tural Əliyev Oksford Universitetində elektron təhsil ixtisası üzrə magistratura pilləsini başa vurub. 

Tural Əliyev Napoli şəhərində “Avropa Məsafəli və Elektron Təhsil Şəbəkəsi” təşkilatı tərəfindən keçirilən konfransın fəal iştirakçısı olub.

45 ölkədən 200 nümayəndənin qatıldığı konfransda Tural Əliyev “Davranış sistemi üçbucağının perspektivi baxımından təhsilin idarə edilməsi” mövzusunda prezentasiya ilə çıxış edib. Çıxış böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin Böyük Britaniyanın Oksford Akademik Birliyinin üzvüdür. 

Eldar Babayev 1993-cü il mayın 1-də Ukraynanın Kiyev şəhərində anadan olub.  Əvvəlcə Bakıdakı 264,  138 nömrəli tam orta məktəblərdə, VII sinifdən  Dədə Qorqud Özəl Türk liseyində oxuyub. 2010 - 2012-ci illərdə Bakı Dövlət Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb.  2012 - 2015-ci illərdə Böyük Britaniyanın  London Universitet Kollecində riyaziyyat ixtisası üzrə bakalavr təhsilini davam etdirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük  Britaniyanın Oksford Universitetində kompüter elmləri ixtisası üzrə magistr  təhsili alıb; 

Tərlan Süleymanov   1993-cü il  avqustun  1-də Göyçay şəhərində  anadan   olub.  2010-cu ildə  Ağdaş Özəl Türk Liseyini bitirib.  2010-cu  ildə  ali məktəblərə qəbul  imtahanında  690  bal  toplayaraq  Qafqaz   Universitetinin  ingilisdilli   kompüter mühəndisliyi  fakültəsinə  qəbul  olunub.  2011-2015-ci illərdə  Böyük  Britaniyanın  Şeffild   Universitetinin  kompüter   elmləri  fakültəsində bakalavr  və magistratura səviyyələrində təhsil alıb.  Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində doktorant  səviyyəsi üzrə təhsil alıb; 

Toğrul Kərimov  1998-ci ildə Zaqatala şəhərində anadan olub. 2008-2013-cü illərdə Nəsimi rayonundakı   Texniki-Humanitar Liseydə, 2013-2015-ci illərdə Xəzər Universitetinin Dünya Məktəbində təhsil alıb.  2015-ci ildə bu məktəbi qızıl medalla bitirib.  Dünya Məktəbinin  Beynəlxalq Bakalavriat Diplom Proqramından (İnternational Baccalaureate Diploma Programme)  məzun olub. Hazırda  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük  Britaniyanın  Oksford Universitetində kompüter  elmləri ixtisası üzrə  bakalavr  təhsili alır; 

Cahangir Məmmədov  1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü  ildə  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kompüter elmləri üzrə  Böyük  Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları üzrə magistr təhsilini başa vurmaqdadır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları