Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 14:01:00
Şagirdlərini əyləndirərək öyrədən müəllim: “Gah aktrisa oluram, gah müğənni, gah da...” – “Kənddə gələcək yetişdirənlər!”  

Bölgələrimizdə çalışan müəllimlərin fəaliyyəti, kənd yerlərində təhsilin səviyyəsi, tədris prosesinin çətin və zövqlü tərəfləri barədə “Kənddə gələcək yetişdirənlər” rubrikasına start verdik. Məlumdur ki, müəllimlik bütün ölkələrdə və cəmiyyətlərdə yüksək, şərəfli və ali peşələrdən biri sayılır

 

Rubrikamızın ilk müsahibi Qazax rayon, Daş Salahlı kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Həsənova Lamiyə Rövşən qızıdır. Lamiyə Həsənova ADPU-nin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını bitirib. 2014-cü ildən İmişli rayon Kürdmahmudlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıb. Həmin məktəbdə 3 illik pedaqoji fəaliyyətini başa vurduqdan sonra 2017-ci ildə müəllimlərin yerdəyişməsi müsabiqəsində 51 bal toplayaraq Daş Salahlı kənd 2 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. O, artıq 3 ildir ki, doğma məktəbində ona dərs deyən müəllimlərlə birgə çalışır.

“Müəllim elə bir zirvədədir ki, onun durduğu yerdə heç kəs dura bilməz”

 

- Müəllimlik hər zaman hörmətli, dəyərli və uca peşə olub. Bu sahəni seçməyiniz öz istəyiniz idi, yoxsa ailənizdən, ya da kənardan hansısa məsləhətlər olmuşdu?

 

-Uşaqları çox sevirəm, onlara bildiklərimi öyrətmək mənə sevinc bəxş edir. Həmişə eşidirdim və oxuyurdum ki, “müəllim elə bir zirvədədir ki, onun durduğu yerdə heç kəs dura bilməz”. Bəlkə də, həmin zirvənin arzusu ilə bu gün müəllim adını daşıyıram. Atam və müəllimlərim məni riyaziyyatçı kimi  görmək istəsələr də, sevdiyim peşəni seçdim.

 

“İbtidai sinif müəllimliyi bütün ixtisaslardan maraqlı və çətindir”

 

-İbtidai sinif müəllimliyinin çətin tərəfləri varmı və hansılardı? 

 

- İbtidai sinif müəllimliyi hərtərəfli və rəngarəng peşədir. Özümü bağçaya toxum səpmiş bağban kimi hiss edirəm. O toxumları sevgi ilə yetişdirirəm. Ümumiyyətlə, müəllimlik çətin, eyni zamanda şərəfli peşədir. Deyərdim ki, ibtidai sinif müəllimliyi bütün ixtisaslardan maraqlı və çətindir. Bu sənətin çətinlikləri çox olsa da, körpə fidanların sevinə-sevinə məktəbə gəlməsi, ümid və sevgi dolu baxışlarla mənə baxması peşəmin bütün çətinliklərini unutdurur. Çox xoşbəxtəm ki, bu peşənin sahibiyəm. Bu peşənin ən gözəl tərəfi gül balalardır, onların çirkaba batmayan saflığıdır.

 

“Sənətini və şagirdlərini sevən müəllim kənd-şəhər fərqi qoymamalıdır”

 

- Rayon və ya kənd yerində müəllim kimi işləməyin hansısa çətinliyi varmı? 

 

-Sənətini və şagirdlərini sevən müəllim kənd-şəhər fərqi qoymamalıdır. Əlbəttə, rayon xüsusən də kənd yerində işləməyin bəzi çətinliyi olur. Amma peşəkar müəllim bu çətinliklərin öhdəsindən çox asanlıqla gələ bilər.

 

-Kənddə təhsilə maraq hansı səviyyədədir?

 

-Bizim kənd rayonun ən böyük kəndlərindən biridir. Kəndimiz görkəmli şəxsiyyətlər, ziyalılar, alimlər yetişdirib. Həmin ənənə bu gün də davam edir. Bəli, kənd yeri olmağına baxmayaraq təhsilə böyük maraq və istək var. Hər il məktəbimizdən çoxlu sayda şagird ali məktəblərə qəbul olunur.

 

-Ailəlisiz və 2 övladınız var. Ailə, uşaqlar və müəllimlik sizə çətinlik yaratmır ki? 

 

-Bəzən çətinliklər olur, ancaq çalışıram ki, bu çətinlikləri aradan qaldırım. Düşünürəm ki, bunu bacarıram.

 

“İndiki şagirdlər məntiqi,tənqidi və yaradıcı təfəkkürün inkişafı baxımından fərqlənirlər”


-İstərdim bir az da kurrikulum sistemindən danışaq. Bu sistemi necə qiymətləndirirsiz? Bəzi müəllimlər kurrikulumun çox çətin olduğunu söyləyirlər...

-Ənənəvi təhsil sistemində müəllim olaraq çalışmasam da həmin sistemdə təhsil almışam.Müqayisə olaraq deyə bilərəm ki, o dövrün şagirdləri ilə indiki şagirdlər arasında məntiqi,tənqidi və yaradıcı təfəkkürlərinin inkişafı baxımından böyük fərqlər var. O dövrün müəllim-şagird münasibəti arasında da fərq mövcuddur. Fikrimcə, bu kurrikulumun tətbiqinin nəticəsidir. Nəzərə alsaq ki, informasiya və texnologiya əsrində yaşayırıq, dünyamız inkişaf edir, bu zaman təhsilimizə də inkişaf  lazım idi. Kurrikulumun tətbiqi müasir məktəbin fəallıq mexanizmi kimi qəbul edilməlidir. Şagirdlər sərbəst düşünərək, axtarışlar apararaq, qərarlar qəbul edərək fəal dərsin aparıcı qüvvəsinə çevrilirlər. Bunun nəyi pisdir? Kurrikulumun tətbiqindən sonra valideyinlə məktəb arasında daha möhkəm bağ yarandı. Bu sistem şagird-müəllim, müəllim -valideyin əlaqələrinin mərkəzində dayanaraq onların məhsuldar fəaliyyətini tənzimləyir. Düzdür, əvvəllər bu yeniliyi bir az çətinliklə qəbul etsək də, işlədikcə öyrənirik. Artıq o qədər də çətinliyimiz olmur. Təcrübə qazandıqca bütün çətinlikləri geridə qoyacağıq. Bu baxımdan da müasir dövrün müəllimi olaraq daim inkişaf etməli və yeniliklərə açıq olmalıyıq.

 

“Sinfimi uşaqların zövqünə uyğun bəzəmişəm”

 

-Kifayət qədər aktiv kadrsız. İbtidai təhsilə nə kimi yenilik gətirmisiniz?

 

-Əlimdən gələn qədər aktiv omağa çalışıram. Fərqliliyi sevirəm. Dərslərimi əsasən oyunlar üzərində qururam. Bəzən şagirdlərə aktrisa oluram, bəzən isə  müğənni. Onlarla uşaq kimi oyunlar oynayıram, dost-sirdaş oluram. Sinfimi uşaqların zövqünə uyğun bəzəmişəm. Şagirdlərimə aktiv dərs üçün əlçatan mühit yaratmışam.

 

“Əlimdən gələn bütün imkanlardan istifadə edərək şagirdlərimi onlayn dərslərimə cəlb edirəm”

 

-Karantin rejimi ilə əlaqədar onlayn dərslərin keçirilməsində hansısa çətinliklə üzləşdiniz? 

 

-Bəli, hazırki vəziyyətlə əlaqədar şagirdlərimlə məsafədən tədris olan virtual məktəb platformasındayıq. Onlayn dərslərimiz gündəlik cədvəl üzrə davam etdirilir. Müəyyən çətinliklər olur, çətinlik nə bizdən, nə də bu layihədən irəli gələn çətinliklərdir. Nəzərə alsaq ki, kənd yerində yaşayırıq, çox evlərdə internetə çıxış yoxdur, ya da internet çox zəifdir. Əlbəttə, bu hal çətinlik yaradır. Buna baxmayaraq əlimdən gələn bütün imkanlardan istifadə edərək şagirdlərimi onlayn dərslərimə cəlb edirəm. Evdə qalsaq da, təhsildən qalmırıq.

 

“Əyani vasitələrin, rollu oyunların, audio və videoların köməyi ilə etməyə çalışıram ki, uşaqlarda maraq yarada bilim”

 

-Bəzən təhsil azyaşlılar üçün yorucu ola bilir. Fərqli üsullardan, həvəsləndirici metodlardan istifadə edirsinizmi? 

 

-Əlimdən gələni edirəm ki, şagirdlərimi öyrədə bilim. Bunu hazırladığım müxtəlif  əyani vasitələrin, rollu oyunların, audio və videoların köməyi ilə etməyə çalışıram ki, uşaqlarda maraq yarada bilim. Nəticəni də görürəm. Dərsə bu cür yanaşma şagirdlərin əylənərək öyrənməsinə səbəb olur.

 

“Çətin tapşırıqları sinifdə, çətinliyi az olan tapşırığı isə evə verirəm”

 

-Validyenlər çox zaman ibtidai siniflərdə dərs yükünün çoxluğundan gileylənirlər. Bu barədə nə düşünürsüz?


-Valideynlər evə verilən tapşırıqları nəzərdə tuturlarsa, deyərdim ki, şagirdlərə ev tapşrığının verilməsi mütləqdir. Çünki yeni mövzunun tam mənimsənilməsi üçün şagird evdə də çalışmalıdır. Bu şagirdlərin dərsə daha məsuliyyətli yanaşması üçün bir vasitədir. Amma həddən artıq verilən tapşırıq şagirdi həm bezdirə, həm də zəiflədə bilər. Ona görə də tapşırıq verərkən şagirdin fərdi bacarığını nəzərə alıram. Həmişə istər iş dəftərindəki , istərsə də dərslikdəki nisbətən çətin tapşırıqları sinifdə, çətinliyi az olan tapşırığı isə evə verirəm. Tətil günlərində isə maraqlı kitablar, xüsusən də nağıl kitabları oxumağı tövsiyyə edirən .Çünki həftə içi yorulan şagird beyni həftə sonu istirahət etməlidir.

 

-Son zamanlar təhsildə onlayn sistemə üstünlük verilir. Amma kənd yerində bu, bir qədər mürəkkəbdir. Sizcə, bu məsələ həllini necə tapa bilər?

 

-Son iki ay ərzində gördüm ki, bütün valideyinlər övladlarını onlayn təhsilə cəlb etməkdə çox maraqlıdırlar. İnternetə çıxış olmayan evdə yaşayan valideynlər öz hesablarına meqabayt alıb uşaqlarının dərslərdən kənarda qalmasına imkan vermirlər. Məncə bu hal zamanla öz həllini tapacaq.

 

“Neçə gənc müəllim tanıyıram ki, şagirdlə davranışda kobuddur və şagird onu görmək istəmir”


-Bəzən yaşlı müəllimlər şagirdlər tərəfindən rəğbətlə qarşılanmır. Amma gənc müəllimlər xüsusilə azyaşlı şagirdlərin sevimlisi olur. Sizcə də belədirmi?

 

-Müəllim mehribanlığı, səmimiyyəti, sevgisi ilə şagirdi özünə cəlb edir. Məncə, bunun yaşla heç bir əlaqəsi yoxdur. Uşaq psixologiyasını bilən, uşaqla davranmağı bacaran bütün müəllimlər onların sevimlisinə çevrilə bilər. Neçə gənc müəllim tanıyıram ki, şagirdlə davranışda kobuddur və şagird onu görmək istəmir.

 

-Bəs, ibtidai sinif müəllimləri ən çox hansı səhvlərə yol verirlər?

 

-Valideynlərlə əlaqə zəif qurulur. Halbuki, müəllim valideynlə daim əlaqədə olsa, şagirdinin istər dərslərindəki, istərsə də davranışındakı qarşılaşdığı problemlər az olar və tez həllini tapar.

 

“Gəlin bünövrəni möhkəm edək ki, o bünövrənin üzərində gözəl gələcək görək”


-Son olaraq istərdim ki, həmkarlarınıza məsləhətlərinizi izhar edərdiniz...

 

-Bilirik ki, təhsilin bünövrəsi ibtidai sinifdən başlayır. Ona görə də gəlin bünövrəni möhkəm edək ki, o bünövrənin üzərində gözəl gələcək görək. İşimizi vicdanla, səbrlə görək. Hər bir şagirdi öz doğmamız hesab edək, onlarla övladımızmış kimi davranaq.(Sherg.az)