Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 12:14:16
“Dövlət imtahanları ləğv olunmalıdır” - Mütəxəssis rəyləri

Hazırda Azərbaycanın bir neçə ali təhsil müəssisəsində dövlət imtahanları keçirilir. Bu imtahanların təşkil olunmadığı universitetlərdə isə tələbələr buraxılış işlərini müdafiə etməlidirlər. Lakin bu imtahanlar mütəxəssislər tərəfindən heç də birmənalı qarşılanmır. Çünki dünya təcrübəsində dövlət imtahanı deyilən bir anlayış mövcud deyil.

Məsələ ilə bağlı AzEdu.az-a danışan sabiq millət vəkili, professor Şahlar Əsgərov bildirib ki, dövlət imtahanları Sovet hökumətinin vaxtından qalan ənənədir:

“Sovet hökuməti əvvəllər bütün təhsil haqqını ödəyirdi və universitetlərə pul ayırırdı. 5 ildən sonra da dövlət imtahanları təşkil edirdi. Bu imtahanlarda ali məktəb müəllimlərindən əlavə dövlətin müəllimi də komissiya üzvü kimi iştirak edirdi. Məqsəd də dövlətin ödədiyi pulun biliyə çevrilib-çevrilməməsini yoxlamaq idi. Dünya təcrübəsində təhsilin keyfiyyəti yüksək olan ölkələrdə bu imtahana ehtiyac duyulmur. Çünki hər kursun sonunda tələbə sessiya imtahanları verir və lazım olan balları toplayır. Sonda da topladığı bala görə tələbəyə ali məktəbi bitirdiyinə dair sənəd verilir. Güman edirəm ki, dövlət imtahanı keçmişin ənənəsidir. Təhsildə keyfiyyəti yavaş-yavaş artırmaqla dövlət imtahanlarından imtina edə bilərik”.

Təhsil eksperti Allahverdi Eminovun sözlərinə görə, bu imtahan tələbələrə artıq yükdən başqa bir şey deyil:

“Köhnə sualları təzədən tərtib edirsən, tələbələr də saatlarla, həftələrlə, günlərlə, həmin suallara vaxt itirirlər. Hansı ki, tələbələr aşağı kurslarda bu suallara cavab veriblər. Dövlət imtahanları Sovet sistemindən qalmadır və sadəcə gərginlik yaratmaq üçündür. Mən şəxsən bu imtahanın tərəfdarı deyiləm”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları