Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 11:38:53
Diaqnostik qiymətləndirmədə biabırçı NƏTİCƏ - Anasının əvəzinə imtahana gələn də var,  2 bal yığan da

“Müəllimlərimiz bizi nəticələri ilə təəssüf və təəccübləndirməkdə davam edir. Bildiyiniz kimi, 26 maydan Təhsil Nazirliyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanını keçirir.29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışa qədərki hazırlıq rəhbərləri iştirak edib”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil üzrə eksperti Kamran Əsədov özünün "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, iki  müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub:

"Onlar qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd ediblər. Həmçinin Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləri olublar. Bundan əlavə, bir gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə bu həkətini anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib. Təbii ki, həmin gənc xanımın "səlahiyyətli nümayəndə" qismində imtahanda iştirakına icazə verilməyib. 60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər.
29 may tarixində keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə isə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib”.

Ekspert qeyd edib ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücləri ilə çalışırlar:

“İmtahan zamanı iştirakçıların öz aralarında söhbəti, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlanıb. Bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara layiq olmayan, təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışırlar. Onlar müəllimdir, hər addımında nümunə olmalı şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər.
Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?”

Qeyd edək ki, mayın 26-da müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. İbtidai sinif müəllimlərinin imtahanı 26-27 may tarixlərində keçirilib. Hazırda digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə davam edir.