Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 14:01:00
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində onlayn seminar

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin hesabat tipli onlayn seminarı keçirilib.

 

BDU-dan AzEdu.az-a bildirilib ki, seminarda Mərkəzin direktoru Mustafa Muradov yanvar-may aylarında əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işləri, dərc edilən və nəşrə hazırlanan məqalə və tezislər, təqdim olunmuş layihələr haqqında ətraflı məlumat verib, qarşıda duran planlardan söz açıb.

 

Elmi-tədqiqat işlərini daha da genişləndirmək, səmərəliliyini artırmaq məqsədilə ölkədaxili və beynəlxalq layihələrin əhəmiyyətindən bəhs edən BDU-nun rektoru Elçin Babayev mövzu seçimində sənayenin müasir problem və tələblərinin nəzərə alınmasına diqqət çəkib. Həmçinin əlavə edib ki, pandemiya (COVID-19) dövründə bu tip virusların araşdırılmasına yönələn tədqiqat işlərinin sayı artmaqda davam edir və bu mövzuda müxtəlif fondlar tərəfindən irəli sürülən yeni çağırışların vacibliyini nəzərə almaq lazımdır.

 

Seminarda Mərkəzin direktor müavini, dosent Zöhrab Ağamalıyev təşkilati işlər və perspektivlərdən, veb-platformanın yaradılmasından, nəzərdə tutulan yeni elmi araşdırma istiqamətlərindən danışıb. Qeyd olunub ki, tətbiqi xarakterli elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı həm beynəlxalq, həm də yerli təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.

 

Onlayn tədbirdə müxtəlif təkliflər müzakirə edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.