Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 15:09:00
Sertifikasiya qaydaları müəllimləri küsdürəcəkmi? – Ekspertlər narahatdırlar

“Əsas məsələ müəllimləri küsdürməməkdir. Qaydalar sərt qoyulsa da, tətbiqi çox mülayim olmalıdır. Bunun üçün müvafiq yollar da araşdırıla bilər. İndidən sertifikasiya üçün müəllimlərə hədəflər verilməli, ani şəkildə ediləcək mənbə və qaynaqlar bildirilməməlidir”, - Bəhman Məmmədov – kurikulum təlimçisi, təhsil mütəxəssisi

Sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurasıdır.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilən standartlara uyğun tətbiq edilən, məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır. Əmək Məcəlləsinə təklif olunan 67-2 (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) maddəsində bildirilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulan qaydada sertifikasiyaya cəlb olunurlar. 

Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhman Məmmədov, müəllimlərin sertifikasiyası üçün dünya təcrübəsini araşdırmağı təklif edir.

Bu, yol göstərici mahiyyət kəsb edə bilər…

“Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi keçirildikdən sonra gündəmdə sertifikasiya məsələsidir. Burada münasib hədəfə çatmayanlar cəza ala bilər. Ümumiyyətlə, bunun üçün digər dövlətlərin sertifikasiya məsələsində atdığı addımları araşdırmaq da faydalı ola bilər. Sadəcə, müəllimlər deyil, dövlətə tabe olan hər ixtisas sahibi öz ixtisasında nəzarətə tabe tutulmalıdır, müəllimlər də həmçinin. Bu 3 ildən bir də ola bilər, 5 ildən bir də. Əsas olan güvənci təmin etməkdir. Bunun üçün ciddi sistemlilik əsasdır. Güvən təmin olunduqdan sonra geriyə sadə məsələlər qalır”.

Pedaqoq əlavə edir ki, Amerikada professorlar 5 ildən bir sertifikasiya tipli qaydaya tabe edilirlər.

Bu, inkişaf üçün zəruri amildir…

“Hər bir fənn müəllimi hansı qaynaqdan imtahana tabe tutulacağını mütləq şəkildə ən azı 1 il öncədən bilməlidir.Təsadüfi qaynaqlardan sertifikasiyaya cəlb olunmaq münasib deyil. Amerikada professorlar da 5 ildən bir sertifikasiya tipli qaydaya tabe edilirlər. Çünki bu gün elm ciddi sürətlə inkişaf edir. Dünən doğru dediyimizə, bu gün səhv deyirik və ya əksinə”.

Onun sözlərinə görə, hər bir anlayış, qavram aptekdə satılan dərman, mağazada satılan mal kimidir:

“İstehsal tarixi və son istifadə tarixi var. Elmdəki qaydalar da belədir. Anadan olur, inkişaf edir və ölür. Ona görə də dərsliklər də 5 ildən bir yenilənir. Dəyişməz olanlar olduğu kimi durmadan yenilənənlər, əvəz edilənlər də olur. Buna görə də son istifadə tarixi keçmiş anlayışlar ortadan qaldırılmalıdır. Bunun üçün, müəyyən aralıqlarla müəllimlər də sınaqdan keçirilməlidir”.

Bu, inkişaf üçün önəmli bir strategiyadır…

“Könüllü, sevərək öz üzərində durmadan işləyən müəllimlərimiz çoxdur. Amma digər müəllimləri sürətləndirən mənbə dövlət olmalıdır. Onların inkişafına nəzarət edilməlidir. Əsas məsələ müəllimləri küsdürməməkdir. Qaydalar sərt qoyulsa da, tətbiqi çox mülayim olmalıdır. Bunun üçün müvafiq yollar da araşdırıla bilər. İndidən sertifikasiya üçün müəllimlərə hədəflər verilməli, ani şəkildə ediləcək mənbə və qaynaqlar bildirilməməlidir. Dövlət öz müəlliminə, müəllim də dövlətinə sevgi və güvən içində olmalıdır. Hər bir müəllim ixtisası üzrə, əsasən də yenilikçi tərzdə nəzarətdən keçirilməlidir. Heç bir zaman istifadə etməyəcəyi kənar anlayışlardan da uzaq tutulmalıdır”, - deyə B. Məmmədov əlavə edir.

Qeyd edək ki, bu prosesin 2020-cu ildə həyata keçirilməsi nəzərdə tutulur.