Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 14:04:00
SSRİ PEA-nın ilk və son  azərbaycanlı akademiki: Mehdi Mehdizadə

Bu gün Azərbaycan pedaqoq alimlərinin ilk nəslinin qüdrətli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, SSRİ Pedaqoji Elmlər Akademiyasının ilk və son azərbaycanlı akademiki 23 il  Maarif naziri olmuş Mehdi        Məmməd oğlu Mehdizadənin vəfatından 36 il keçir.

 

Mehdi Məmməd oğlu Mehdizadə 5 yanvar 1903-cü ildə Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub. İlk təhsilini  kəndlərində rus-tatar (Azərbaycan) məktəbində  alıb. 1919-cu ildə  həmin məktəbi bitirən Mehdi Mehdizadə əmək fəaliyyətinə kənd qiraət komasının müdiri kimi başlayıb. Cəbrayıl qəza mərkəzindəki altıaylıq pedaqoji kursu bitirən Mehdi Mehdizadə doğma kəndlərindəki I dərəcəli məktəbdə (ibtidai məktəbdə) müəllim işləməyə başlayır, məktəbyaşlı oğlan və qızları  təhsilə cəlb edir. 1923-cü ildə qəza məktəblərindən yaxşı işinə görə 6 nəfər gənc müəllim  mükafatlandırılır ki, onlardan biri də Mehdi  Mehdizadə olur. 1923-cü ilin mayında Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilən yeddi nəfərdən biri də o, olur. Pedaqoji kursu bitirdikdən sonra Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Ali Pedaqoji Kişi İnstitutunun hazırlıq kursuna göndərilir. 1924-cü ildə hazırlıq kursunu uğurla başa vurur, imtahan verərək institutun Fzika-riyaziyyat fakültəsinə qəbul edilir. Ali təhsilini uğurla başa vuran Mehdi Mehdizadə Qaryagin (indiki Füzuli) şəhərindəki ikinci dərəcəli məktəbə  fizika-riyaziyyat müəllimi təyin olunur.  Müəllimlik fəaliyyəti ilə yanaşı, qəza metodmərkəzinə  sədrlik  də rəsmi olaraq ona tapşırılır. 1930-cu ilin martında Mehdi Mehdizadə Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq maarif komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin olunur. 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində  təşkil edilmiş aspiranturaya (pedaqogika ixtisası üzrə) qəbul olunur, bir il sonra Pedaqoji İnstitutun  aspiranturasına köçürülür. 1934-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda yeni  təşkil edilən Pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edilir. Bir illik səmərəli elmi-pedaqoji fəaliyyət və idarəetmə qabiliyyəti onun daha məsul vəzifəyə irəli çəkilməsinə səbəb olup, ADPİ-nin direktor müavini vəzifəsinə təyin olunur. O, 1934-1937-ci illərdə bu məsul vəzifədə çalışır. "Azərbaycan məktəblərində savad təlimi tarixi" (1941) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır Müdafiədən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tədris işlərinə rəhbərlik ona həvalə olunur.Bu vəzifədə az müddət (may 1941- sentyabr 1942) işləsə də institutda tədrisin səviyyəsinin yüksəldilməsinə çalışır. Mehdi Mehdizadə 1942-ci ilin sentyabr ayından 1946-cı ilin iyun ayına  qədər qanlı döyüşlərin iştirakçısı olur. Müharibədən qayıtdıqdan sonra 1946-1950-ci illərdə ADPİ-də elmi-pedaqoji fəaliyyətini davam etdirir. 1950-1951-ci ilərdə institutun direktoru  vəzifəsinində çalışır.

 

1951-ci ilin noyabrında  Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1952-ci ilin mart ayında Azərbaycan SSR Maarif naziri vəzifəsinə təyin edilir. O, bu vəzifədə cəmi üç il işləyir və 1954-cü ildə yenidən ADPİ-yə  göndərilir. 1956-cı ildə “Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi alır. Bir il sonra pedaqogika kafedrasına professor vəzifəsinə seçilir. 1959-cu ilin sentyabrında o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir. 1960-cı ildə  Azərbaycan Kommunist Partiyasının XXIV qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilir, həmin ilin mart ayında yenidən Azərbaycan SSR Maarif naziri vəzifəsinə təyin olunur. Bir il sonra Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilir.

 

Mehdi Mehdizadə 1961-1965-ci illərdə YUNESKO-nun Yaşlıların Təhsili üzrə Məsləhət Komitəsinin daimi üzvü olmuş,  Polşa, Hollandiya, Fransa və Afrika ölkələrdə rəsmi səfərlərdə olmuşdur.

 

Mehdi Mehdizadə pedaqogikanın tarixi və nəzəriyyəsi ilə bağlı  fundamental və sistemli tədqiqatların müəllifidir. 1941, 1958-1959-cu illərdə onun iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət "Pedaqogika" dərs vəsaiti hazırlanıb nəşr olunub. “Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr” (1958), “Orta məktəb şagirdlərinin əmək tərbiyəsi haqqında” (1960), “Azərbaycan məktəbləri yenidənqurma yollarında" (1960), "Məktəbdə təlim-tərbiyə işlərinin yenidən qurulması" (1961) "Azərbaycan xalq maarifi yeni yüksəlişdə" (1967), “Müasir dərsə verilən tələblər” (1971), “Dərsin təkmilləşdirilməsi yolları” (1979), “Azərbaycan xalq maarifinin sürətli inkişafı” (1980) "Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin yolları" (1982) kitabları, "Azərbaycan məktəbi", "Sovetskaya pedaqoqika", "Narodnoye obrazovaniye" və başqa jurnallarda nəşr etdirdiyi silsilə məqalələri ölkəmizdə məktəb quruculuğunun, xalq maarifinin təşkilinin, təhsil-tərbiyə işinin məzmun və metodlarının təkmilləşdirilməsinin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılmasında mühüm rol oynayıb. Onun 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"da, Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji Ensiklopediya"da, 2 cildlik "Pedaqoji lüğət"də, “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi” çoxcildliyində  milli təhsil və pedaqoji fikir tarixi, təhsil-tərbiyənin nəzəri və praktik məsələləri ilə bağlı xeyli məqaləsi nəşr olunub.

 

Prof.Mehdi Mehdizadə 9 avqust 1967-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk və son azərbaycanlı  alimdir.  Akademik Mehdi Mehdizadənin yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olmuş, onun rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. O, eyni zamanda Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında müdafiə edilən onlarla namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuş, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif komissiyalarına rəhbərlik etmişdir. Azərbaycan müəllimlərinin qurultayının üçünün (VII, VIII və IX) keçirilməsi onun nazir olduğu illərə təsadüf edir.

 

Mehdi Mehdizadə öz ərizəsinə əsasən, 24 fevral 1980-ci ildə Azərbaycan SSR Maarif naziri vəzifəsindın azad edilmiş, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil İnstitutunun) elmi məsləhətçisi olmuşdur. O, təqaüdə çıxdığı ilk gündən institutla əlaqələrini daha da genişləndirmiş, "Mühüm pedaqoji problemlər" mövzusunda elmi-nəzəri seminara rəhbərlik etmişdir.

 

Akademik Mehdi Mehdizadə Lenin ordeni, üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1966, 1972, 1976),  dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif  edilib, beş dəfə (III, V, VI, VII, VIII çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib,  Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1981) fəxri adına, “Əmək veteranı” medalına  layiq görülüb. SSRİ PEA-nın təsis etdiyi “N.K.Krupskaya” medal ilə də təltif edilib.

 

Bakı şəhərindəki küçələrdən birinə, Gəncə şəhərindəki məktəblərdən birinə, Cəbrayıl rayonundakı 1 nömrəli orta məktəbə, Beyləqan rayonundakı 3 nömrəli şəhər orta məktəbinə akademik Mehdi Mehdizadənin adı verilib və məktəbin qarşısında onun büstü qoyulub. Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı 1995-ci ildə akademik Mehdi Mehdizadə adına mükafat təsis edib.

 

Akademik Mehdi Məmməd oğlu Mehdizadə 1 may 1984-cü ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Fərrux Rüstəmov,

pedaqoji elmlər doktoru, professor,

Əməkdar elm xadimi