Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 12:33:00
Peşə təhsilində avtomobil sahəsi üzrə əmək bazarının tələbatı, iş və təhsil imkanları müzakirə olunub

Mayın 15-də Peşə Təhsili üzrə Dövlət Agentliyi avtomobil istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları ilə bağlı maarifləndirici vebinar təşkil edib.

 

AzEdu.az  xəbər verir ki, vebinarda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimov Azərbaycanda avtomobil servisi sahəsində ixtisaslı peşəkar kadrlara ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsası qoyulanda avtomobil sahəsindəki ixtisaslara üstünlük verilib. Mərkəz texnika və texnologiyalarla tam təchiz olunub. Əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirmək üçün hər cür şərait yaradılıb.

 

 

Orxan Rəhimov məlumat verib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 10-a yaxın avtomobil şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu, həmin şirkətlərdə tələbələrin təcrübə keçməsinə, məzunların işlə təmin olunmasına imkan verir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov qeyd edib ki, avtomobil həyatımızın ayrılmaz hissəsi olduğu üçün əmək bazarında müvafiq sahə ilə bağlı peşələrə daha çox ehtiyac var. Çalışırıq ki, işəgötürənlərlə sıx əməkdaşlıq çərçivəsində ehtiyac olan peşələri müəyyənləşdirək və qəbul planında bu istiqamətdə ixtisaslara üstünlük verək.

 

Zamin Bədirxanov bildirib ki, avtomobil sənayesinin sürətli inkişafı yeni peşələrin ortaya çıxmasına səbəb olur. Əmək bazarının tələbini düzgün müəyyən etmək isə işəgötürənlərlə əməkdaşlıq olmadan mümkün deyil. Agentlik bu tələbləri nəzərə alaraq yerli və xarici aparıcı şirkətlərlə əməkdaşlıq edir.

 

“Mercedes-benz” Abşeron avtomobil mərkəzinin servis şöbəsinin rəisi Toğrul Salmanov diqqətə çatdırıb ki, peşə təhsili müəssisələri ilə əməkdaşlıq şirkətlərin ixtisaslı, peşəkar kadrlarla təmin olunmasına kömək edir. Əməkdaşlıq çərçivəsində tələbələr şirkətdə təcrübə keçirlər. Bu isə işəgötürənlərə uğurlu seçim imkanları yaradır. Çünki təcrübə prosesində tələbələrin tədrisdə qazandıqları bilik və bacarıqların təcrübədə tətbiqinə birbaşa şahid oluruq. İşə qəbul zamanı dil biliklərinə də xüsusi önəm verilir. Çünki mütəxəssis istehsalçının dilini bildikdə bu, onun peşəkarlığını daha da artırır.

 

“Toyoto” Abşeron mərkəzinin servis rəhbəri Tofiq Abdullayev məlumat verib ki, avtomobil sənayesinin inkişafı yeni peşələrə ehtiyac yaradıb. Son dövrlərdə Azərbaycanda hibrid avtomobillərin istifadəsində artım hiss olunur. Hazırda servislər bu sahədə işçiyə olan tələbatı daxili gücləri ilə qarşılayırlar. Lakin gələcəkdə bu sahədə ixtisaslı kadrlara ehtiyac yarana bilər. İnanıram ki, biz Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində kadr ehtiyacını düzgün müəyyənləşdirərək təmin edə biləcəyik.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanan vebinarda izləyicilərin sualları cavablandırılıb.