Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 18:12:00
Amerika və Britaniya alimləri koronavirus peyvəndini meymunlar üzərində sınaqdan keçiriblər

ABŞ və Böyük Britaniyadan olan alimlər koronavirusa qarşı eksperimental vaksini makakalar üzərində uğurla sınaqdan keçiriblər. Peyvənd koronavirusa yoluxmadan sonra meymunları pnevmoniyanın inkişafından qoruyub.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat elmi materiallar dərc edən bioRxiv resursunda yerləşdirilən tədqiqatın nəticələrində yer alıb.

 

“Biz sübut etdik ki, vaksinin bir dozası SARS-CoV-2 virusuna yoluxma zamanı ağ ciyərlərin zədələnməsinin qarşısını alır. Tədqiqat zamanı, həmçinin vaksinin makakaları pnevmoniyanın inkişafından qoruduğu da məlum olub”, - deyə tədqiqatda bildirilir.

 

Sınaqların gedişində altı meymuna vaksin vurulub. Bundan sonra alimlər antikorun əmələ gəlməsi üçün 14-28 gün gözlədikdən sonra makakaları əsl koronavirusa yoluxdurmağa çalışıb. Heyvanlar SARS-CoV-2 virusu ilə yoluxdurulduqdan sonra məlum olub ki, vaksin virusun ağ ciyərlərə daxil olmasının qarşısını alır. Onların heç birinin tənəffüs orqanlarında patologiya və ya virus pnevmoniyası inkişaf etməyib. Bundan başqa, heç bir makakanın ağ ciyərlərində SARS-CoV-2 koronavirusunun antikoru aşkarlanmayıb.

 

Vaksinin uğurlu sınağı alimlərə artıq aprelin 23-dən klinik sınaqların ilk fazasına başlamağa imkan verib. Mayın 13-dək sınaqlarda mindən çox könüllünün iştirak etdiyi bildirilir.

 

Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 16:20-yə olan məlumatına əsasən, dünyada 4 milyon 454 mindən çox yoluxma və 298 min 847 ölüm faktı qeydə alınıb, sağalananların sayı isə 1 milyon 676 nəfəri ötüb.