Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 16:35:00
“Təhsil dahiləri” - Əyalət məktəbini bütün dünyaya tanıdan pedaqoq – RUBRİKA

 

AzEdu.az bu gündən yeni rubrikaya start verir. “Təhsil dahiləri” adlanan rubrikada  əsasən XX əsr, eləcə də başqa dövlərin tanınmış pedaqoqları haqqında məlumat alacaq, onların həyat və yaradıcılıqları barəsində bilgilər alacağıq.

 

Rubrikanı psixoloq-pedaqoq Əli İbrahimbəyli təqdim edəcək. Əli müəllimin vasitəsilə təhsil dühalarının qələmə aldığı esse və məqalələri də oxuya biləcəyik:

 

 Vasili Aleksandroviç Suxomlinski - Qısa dosye

 

XX əsrin ən görkəmli pedaqoqlarından biri, novator müəllim,  SSRİ PEA-nın müxbir üzvü (1957), pedaqoji elmlər nami­zədi (1955),  Ukraynanın Əməkdar müəllimi (1958),  Sosialist Əməyi Qəhrəmanı (1968),  Pavlış orta məktəbinin müdiri (1948-1970).

 

 

 V.A. Suxomlinski kasıb kəndli ailəsində dünyaya gəlib,  atası  Aleksandr Yemelyanoviç  Suxomlinski kəndli, əkinçi, dülgər idi. Anası Oksana Avdeyevna evdar qadın olub, xırda dərziliklə  məşğul olub, sonralar kolxozda çalışmışdı. Ailənin dörd uşağının – üç oğul, bir qız – hamısı sonradan müəllimliyi seçdi. 1933-cü ildə yeddiillik Vasilyovka  ibtidai məktəbini bitirdikdən sonra Vasili Kremençuq Tibb Texnikumuna, sonradan isə buradakı təhsilini yarımçıq qoyaraq və fəhlə fakültəsinə qəbul olunub.

 

 1938-ci ildə Poltava Pedaqoji İnstitutuna qəbul olub. Təhsilini başa vurduqdan sonra Onufriyev orta məktəbində ukrayna dili və ədəbiyyatı müəllimi işləyib.

 

 Böyük Vətən müharibəsi başlayan kimi 17 iyul 1941-ci ildə könüllü cəbhəyə yollanıb, kiçik siyasi rəhbər kimi çalışıb. 1942-ci ilin yanvar ayında Moskva­nın müdafiəsi zamanı ağır yaralanıb, təsadüf nəticəsində sağ qalır. Ancaq qəlpə yaralarını ömrünün sonunadək ürəyində daşıyır. Yenidən cəbhəyə getmək istəsə də, tibb komissiyası onu cəbhə üçün yararsız sayır və yenidən arxa cəbhəyə-maarif sahəsinə göndərilir.

 

1942-1944-cü illərdə Udmurtiya MSSR Uva qəsəbə orta məktəbinin direktoru olub. 1944-cü ildə Ukrayna faşist Almaniyası işğalından azad olunandan sonra Regional Xalq Təhsili şöbəsinin direktoru vəzifəsinə təyin edilib. 1947-ci ildə öz xahişi ilə, sağlamlıq durumuna görə bu vəzifəsin­dən azad ounub, Pavliş şəhər orta məktəbinə direktor təyin olub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

 

V.A.Suxomlinski dünya təhsil tarixində nəzəriyyə ilə eyni vaxtda praktik fəaliyyətlə də məşğul olan tək-tək pedaqoqlardan biri olub, adi bir məktəbi bütün dünyada tanıtmaqla bərabər, müəllimlərin masaüstü kitabı olan onlarla kitab yazmış, öz pedaqoji sistemini yaratmış, təhsil sahəsində bir çox “ilk”lərə imza atıb.

 

 Uşağı şəxsiyyət kimi qəbul etmək, təlim və tərbiyənin yüksək qiymətləndirilməsi, yekdil düşüncəli müəllim və şagird kollektivinə əsaslanan orijinal pedaqoji sistemin yaradıcısıdır. “Gözəlliklə tərbiyə” estetik proqramını tərtib edib. Suxomlinski sistemi avtoritar tərbiyəyə qarşı çıxırdı və rəsmi pedaqoji dairələr tərəfindən “abstrakt humanizmə” görə tənqid olunurdu, buna baxmayaraq, onun ideyaları bir çox məktəblərin praktikasında tətbiq olunurdu.

 

 

Suxomlinskinin təhsil sisteminin əsas təməlini təhsilə mənəvi, humanist yanaşma təşkil edirdi. Bu mənəvi yanaşmaya görə onun şagirdləri insan münasibətlərinə, təbiət gözəlliyinə həssas yanaşır, ətraf mühitə münasibətdə məsuliyyətli davranırdılar.

 

Suxomlinskinin fikrincə uşaqların saflığını qorumaq üçün, onlarda dünyaya müsbət baxış formalaşdırmaq önəmlidir. “Mən tərbiyənin gücünə qətiyyətlə inanıram.”, - deyən Suxomlinski hər bir insanın sonrakı həyatında uşaq vaxtı evdə və məktəbdə aldığı ilk tərbiyəni vacib və həlledici sayırdı.     

 

“Mən çalışırdım ki, hər bir uşaq tədricən şəxsi kitabxanasını yaratsın, mütaliə uşaqların ən mühüm mənəvi tələbatı olsun. Uşaqların ibtidai sinifdə təliminin elə ilk 2 ilində mən hər ailədə şəxsi kitabxana yaradılmasına nail oldum. Bəzi ailələrdə 500-dən çox, digərlərində isə az kitab var idi, lakin kitab sərvəti hər bir evdə aydan – aya artırdı. Əgər bir ay ərzində ailə kitabxanası bir dənə də olsun kitabla zənginləşmirdisə, mən bunu həyəcanlandırıcı hal hesab edirdim ”, - deyən Suxomlinski,  həm müəllim, həm də uşaqlar üçün mütaliəni cox vacib sayırdı və yazırdı:  ”Əgər ailədə uşağın dərsliklərindən savayı başqa kitab yoxdursa, o ailənin və o uşağın gələcəyi yaxşı ola bilməz”.

 

 

Böyük pedaqoq 2 sentyabr  1970-ci ildə - yeni dərs ili başlananda vəfat edib. O, Pavlış qəbristanlığında dəfn olunur. 22 il rəhbərlik etdiyi Pavlış orta məktəbi Sovet İttifaqında nümunəvi bir təhsil ocağı olmaqla yanaşı, həm də bütün müəllimlər üçün bir ziyarətgah yerinə çevrilir. Hər il burada böyük pedaqoqun şərəfinə Beynəlxalq simpoziumlar, konfranslar keçirilir, bu novator-pedaqoqun yaratdığı sistem təbliğ olunur, minlərlə müəllim burda təcrübə keçir.

 

  Onun son işi – yeni tədris ili üçün məktəbin illik planı olub; onun sonuncu şagirdləri  özünün yaratdığı “Fərəh məktəbi”ndə məşğul olduğu altıncılar idi;  sağlığında işıq üzü görən sonuncu məqaləsi “Pravda” səhifələrində dərc olunmuşdu.  Məqalə ölümündən bir gün öncə çıxmışdı.     

    

V.A.Suxomlinski 40 monoqrafiya, 600 elmi məqalə, 1200 hekayə və nağılın müəllifidir.

 

Müəllif, əsasən, elmi əsərlərini rus dilində, bədii əsərlərini isə ukrayna dilində yazırdı.

 

“Ürəyimi uşaqlara verirəm.” kitabı 1974-cü ildə Ukrayna Dövlət Mükafatına layiq görülmüşdür.

 

Suxomlinski adına Beynəlxalq Assosiasiya və Suxomlinski tədqiqatçıları Beynəlxalq Birliyi təşkil edilib, Pavliş məktəbinə Suxomlinskinin adı verilib və  pedaqoji Muzeyi yaradılıb (1975). 2003-cü ildə Nikolayevsk Milli Universitetinə Suxomlinskinin adı verilib, binanın qarşısında büstü qoyulubdur.

 

Müəllifin müxtəlif dillərdə 4 milyon nüsxədən artıq kitabı çap olunmuşdur. Çox təəssüf ki, bu böyük Müəllimin əsərlərinin xeyli hissəsi hələ də azərbaycan dilinə tərcümə olunmayıb.

 

       Əsas əsərləri:

  1. “Seşilmiş əsərləri” 5 cilddə. (“Избранные произведения в 5 томах.”)
  2. “Ürəyimi uşaqlara verirəm.” (1969) (“Сердце отдаю детям”)
  3. Əqli tərbiyə haqqında. (“Oб умственном воспитании”)
  4. Müəllimə 100 tövsiyyə. (“Сто советов учителю.”)
  5. Vətəndaşın doğulması. (“Рождение гражданина.”)
  6. Valideyn pedaqogikası. (“Родительская педагогика.”)
  7. Tərbiyə haqqında. (“О воспитании. ”)
  8. Oğluma məktublar. (“Письма к сыну. ”)
  9. Kollektivin tərbiyəsi metodikası. (“Методика воспитания коллектива.”)
  10. Əsl insanı necə tərbiyə etmək lazımdır. (“Как воспитать настоящего человека”)
  11. Vicdan haqqında kitab. (“Книга о совести”)
  12. Etikadan müntəxabat. (“Хрестоматия по этике”)

 

 

  Böyük pedaqoqdan seçmə fikirlər:

 

“Mənim həyatımda nə əsas olub? - Fikirləşmədən cavab verirəm: uşaqlara məhəbbət”

 

“Yer üzündə həkim və pedaqoq peşəsindən humanist peşə yoxdur”.

 

“Müəllim sözü şagird ruhuna təsir edən ən gözəl alətdir”.

 

“Tərbiyə məharəti özündə ilk növbədə danışmaq məharətini insan ürəyinə xitab etməyi cəmləndirir”.

 

“Mən əminəm ki, bir çox məktəb konfliktləri müəllimin öz şagirdi ilə dil tapa bilməməsindən irəli gəlir”.

 

“Müəllim sözünün effektivliyi - onun dürst olmağıdır. Şagirdlər müəllim sözünün dürüstlüyünü incəliklə hiss edirlər, həssaslıqla dürüst sözə cavab verirlər. Yalan və ikiüzlü sözü uşaqlar daha da incəliklə hiss edirlər”.

 

“Uşağın mənəvi dünyasını tədrisə, oxumağa sığışdırmaq olmaz. Əgər biz çalışsaq ki, uşağın bütün ruhu dərslər üzərində kilidlənsin, bu halda onun həyatı dözülməz şəkil alacaq. O, təkcə məktəbli olmaq deyil, həm də ilk öncə çoxtərəfli maraqları, istəkləri, hədəfləri olan insana çevrilməlidir”.

           

 

“Əməyin fərəhi qüdrətli tərbiyəvi qüvvədir. Uşaqlıq illərində hər bir uşaq bu nəcib hissi dərindən keçirməlidir”.

              

 

“ Hər bir müəllim uşaq ağlının bacarıqlı tərbiyəçisi olmalıdır: Bu qanundur və ona riayət etməyən məktəb  məktəb deyil. Məktəb həyatının bir çox bədbəxtliyi və çətinlikləri müəllimin acizliyinin köklərinə  gedir və bu da özünü onda göstərir ki, müəllim bilikləri öz başından şagirdin başına yerləşdirir, amma bu başda nələrin olmasından xəbəri olmur”.

 

 

“Müəllim yaxşı dərsə ömrü boyu hazırlaşır. Bu bizim əməyimizin texnologiyasıdır və bizim ixtisasımızın fəlsəfi və ruhi özəyidir: şagirdə bilik qığılcımı vermək üçün müəllimə işıq seli hopmalıdır”.

 

 

 “Kollektivin intellektual zənginliyinin mənbəyi ilk növbədə müəllimin individual mütaliəsidir. Əsl pedaqoq kitabsevərdir”.

 

 

“Hər uşaq bir dünyadır – tamamilə özəl, nadir”.

 

 

“Mən dərindən əminəm ki,  daha dəqiq tərif  bu  şəkildə ola bilərdi: tərbiyə prosesi  tərbiyəçinin və tərbiyə  olunanların mənəvi həyatının vəhdətində - onların ideallarının, hədəflərinin, maraqlarının, düşüncələrinin, yaşantılarının vəhdətində ifadə olunur”.

 

 

“Hər bir pedaqoq yalnız müəllim deyil, həm də tərbiyəçidir. Müəllimin və yeniyetmələr kollektivinin mənəvi ümumiliyi sayəsində təlim prosesi bilik verməklə qurtarmır, çoxcəhətli münasibətlərə çevrilir. Biz müəllimlərdən hər birimizi  yeniyetmələrlə ümumi intellektual, əxlaqi, estetik, ictimai-siyasi mənafe  əlaqələndirirdi”.

 

 

“Dərs – hər şeyi bilmək və əxlaqi əqidə məşəlini yandıran ilk qığılcımdır”.

 

 

 “Məktəb yalnız o zaman əsl mədəniyyət ocağı olur ki, orada dörd pərəstiş olur: Vətənə pərəstiş, insana pərəstiş, kitaba pərəstiş və doğma sözə pərəstiş”.

 

 

“Tərbiyə adlandırdığımız hər bir şey, özünü insanda təkrarlamaq yaradıcılığıdır”.

 

 

Balaca insanın daxili aləmini elmə yönəltmək olmaz. Əgər biz uşağın ruhunun bütün gücünü dərsə sərf etməsinə çalışsaq, onda onun həyatı dözülməz olar. O, yalnız məktəbli deyil, həm də hərtərəfli istək və arzuları, tələbatı olan insan olmalıdır.

 

 

Yalnız yaxşı tərbiyəçi olduqda, yaxşı müəllim də ola bilərsən. Tərbiyəvi işdə iştirak etmədikdə bütün pedaqoji mədəniyyət, bütün pedaqoji biliklər ölü yük sayılır. Müəllim ən məsuliyyətli məsələ üzərində işləyir. O, insanı formalaşdırır.

 

 

Müəllim uşaqlara yalnız bilik və bacarıq verən deyil. Uşaq yaşamağı ata və anadan olduğu kimi, ondan da öyrənir. Uşaqlar həyatı əsasən hər gün gördükləri, onların qayğısına qalanların, qarşıların­da tələb qoyanların davranışından dərk edirlər. Müəllim nüfuzu ata-ana nüfuzundan heç də az deyil , bəzən hətta daha çoxdur. Uşaq müəllimdə öz idealını görür, onun hər sözünə inanır. Qeyri şərtsiz onun tələblərini yerinə yetirir və əgər müəllim öz davranışı ilə ona olan inamını itirirsə, onda uşaq qəlbində ilk faciə baş verir: ürəyinə şübhə düşür, inamsızlıq yaranır.

 

 

Mən getdikcə daha çox inanırdım ki, yeniyetmənin əxlaqi siması insanın uşaqlıq illərində necə tərbiyə olunmasından, anadan olandan 10 – 11 yaşına kimi onun qəlbinə nə qoyulduğundan asılıdır. Öz təbiətinə görə uşaqlıq yaşı valideynlərə və tərbiyəçilərə yeniyetmələrin verdiyi çətinlikləri verə bilməz. Yeniyetmə, obrazlı deyilərsə, bir çiçəkdir; onun gözəlliyi bitkiyə qulluq edilməsindən asılıdır. Çiçəyin gözəlliyi üçün o, açılmağa başlamazdan xeyli əvvəl qayğı göstərmək lazımdır.

 

 

Uşaq heç vaxt cinayətkar olmur, heç vaxt şüurlu şəkildə cinayət etmir (patoloji hallar xüsusi öyrənilmə tələb edir), lakin mən məhz ona görə mümkün qədər çox iş görməyə çalışmışam ki, məni şagirdim yeniyetmə olarkən cinayət etməyi özünə rəva görməsin. Tərbiyə işində xüsusi yaradılmış, nəzərdə tutulmuş, “qurulmuş” çoxlu insani münasibətlər olmuşdur; bu münasibətlərdən məqsəd şagirdlərin qəlbində ən qiymətli sərvət olan insana hörmət yaratmaqdır, insanın uşaqlıqdan başqa insana dost, yoldaş, qardaş olmasıdır.