Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 13:02:00
“İmtahanlar onlayn keçirilsə, bir çoxunun təqaüdü kəsilər” Tələbələr niyə narahatdırlar?-SORĞU  

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bir çox universitetlərdə təhsilin davamlılığını təmin etmək üçün uzun müddətdir ki, dərslər distant formada təşkil olunur.

 

Bəs maraqlıdır, görəsən, onlayn təhsil tələbələri nə dərəcədə qane edir?

 

Tədrisin bu forması onlarda nə kimi çətinliklər yaradır?  

 

Bakı Mühəndislik Universitetinin tələbəsi Nərmin Quliyeva AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Martın 29-dan etibarən BMU-da dərslər distant şəkildə keçirilməyə başlayıb və hələ də davam edir. Bütün fənlərin onlayn şəkildə tədrisi təşkil olunub. Onlayn şəkildə keçirilən dərslər, təbii ki, ənənəvi üsulla keçirilən dərslər qədər keyfiyyətli deyil. Doğrudur, universitet rəhbərliyi və müəllimlər mümkün qədər dərslərin keyfiyyətli təşkili üçün bacardıqlarının ən yaxşısını edirlər, amma bununla belə, tədris prosesində davamiyyəti tam təmin etmək mümkün olmayıb. Bəzi tələbələrimizin internet problemi var, dərslərdə, ümumiyyətlə, iştirak edə bilmirlər.

 

Bəzi fənlər davamlı olaraq iştirak tələb edir, çünki bir mövzunu anlamasaq, növbəti bəhsi də  öyrənmək mümkünsüzdür.

 

Yaranan texniki problemlər səbəbindən bu fənlərdən bəzi mövzuların izahını dinləyə bilmirik ki, bu da digər dərslərdə iştirak üçün həvəssizlik yaradır. Doğrudur, hər dərsin video qeydi aparılır və müəyyən müddətdən sonra “Google Classroom” platformasında yerləşdirilir və ya e-mail vasitəsilə tələbələrə göndərilir. Lakin bu video qeydləri izləmək və ya cihazın yaddaşına yükləmək üçün də internetə ehtiyac var. İnternet təchizatı olmayan tələbələr tamamilə izləyə bilmir, bu problemi həll edənlər isə sonradan izləyə bilir ki, bu da vaxt itkisinə və dərslərdən geri qalmalarına səbəb olur”.

 

Nərmin xanım qeyd edib ki, imtahanların da onlayn şəkildə keçirilməsi nəzərdə tutulur. Bu səbəbdən tələbələr təqaüdlərinin kəsilməsi ilə bağlı narahatdırlar:

 

 

“İnternet problemi təkcə tələbələrdə deyil, bəzən müəllimlərdə də yaşanır. Bu səbəbdən dərs cədvəlində qarışıqlıq yaranır və bəzi tələbələr standart proqramdan kənar olan dərslərdə iştirakı unudurlar.

 

Ayın əvvəlindən artıq bizdən TSİ (Tələbənin Sərbəst İşi) tələb olunmağa başladı və 10 may son tarix kimi elan edildi. Bu müddət ərzində onlayn dərslər də davam edir. Təbii ki, tələbələrimiz üçün hamısını çatdırmaq çox çətindir. 11-31 may tarixləri aralığında SDF ( Semestr Daxili Fəaliyyət) imtahanı keçiriləcək. Bu keyfiyyətdəki dərslərlə, təbii ki imtahanlara hazır deyilik. İlk başda bizə dərslərdə iştirakın sadəcə könüllü şəkildə keçirildiyi deyildi və heç bir imtahan barədə xəbərdarlıq olunmamışdı. Qaydalar getdikcə sərtləşdirilir. Fikrimcə, bu gedişlə final imtahanlarımız da onlayn şəkildə təşkil olunacaq. Tələbələr ən çox təqaüdlərlə bağlı narahatdırlar. O təqaüdə, həqiqətən, ehtiyacı olan tələbələrimiz var, şəraiti nəzərə alıb, güzəştlər edilməlidir. Karantin müddətində hər gün eşitdiyimiz yoluxma statistikası, COVİD-19 təhlükəsi tələbələrdə yetərincə gərginlik yaradır. Bir də imtahan, TSİ tələblərinin gətirdiyi stress və həyəcan yetərincə sağlamlığımız və mənəvi rifahımız üçün təhlükədir. Unutmayaq ki, cəmiyyətimizdə ən çox maddi və mənəvi cəhətdən qayğıya və dəstəyə ehtiyacı olan təbəqə tələbələrimizdir”.

 

“Bizim institutda təxminən martın sonlarından onlayn dərslərə başlanıldı; bu tədris üsulu məni qismən qane edir. Bunun əsas səbəbi də internet probleminin olmasıdır. Bəzən internetdə yaranan nasazlıqlara görə müəllimin sözlərini aydın eşidə, özünü aydın görə bilmirik. Bu da dərsin keyfiyyətini aşağı salır”, - bunu Elmlər Akademiyasının Fizika İnstitutunda təhsil alan Zəhra Məmmədova deyib:

 

“Bəzi tələbə yoldaşlarım “Wifi” ilə deyil, mobil internetlə dərsə qoşulmalı olurlar. Ali məktəblərdə ən az 6-7 fənn tədris edildiyini nəzərə alsaq, bunun necə məsrəfli olduğunu görə bilərik. Həmçinin, elə fənlər var ki, onlar olduqca qəlizdir və onlayn şəkildə tədris edildikdə başa düşülməsi daha da çətin olur. Başqa bir səbəb isə odur ki, bəzi yaşı çox olan müəllimlər var ki, onlar internetdən, kompüterdən və onlayn dərslər zamanı istifadə edilən aplikasiyalardan istifadə edə bilmir. Bu da həm müəllimlər, həm də tələbələr üçün vəziyyəti çətinləşdirir”.

 

Tələbə xanım onlayn təhsilin üstün və çatışmayan cəhətlərindən də bəhs edib:

 

“Onlayn təhsili ənənəvi təhsillə müqayisə etsək, bəzi müsbət və mənfi cəhətləri ortaya çıxır. Əsas müsbət tərəflərindən biri odur ki, biz evimizdə oturaraq, rahat bir şəkildə təhsilimizi davam etdirə bilirik. İkinci müsbət tərəfi isə oxumaq, öyrənmək və araşdırmaq üçün daha çox vaxtımız, enerjimiz olur. Lakin bununla yanaşı, mənfi tərəfləri də mövcuddur. Mənə görə ən pis tərəfi odur ki, müəllimlə birbaşa göz kontaktı qura bilmirəm. Bu da mənim gözümdə dərsin keyfiyyətini azaldır. Mənim düşüncəmə görə, real, yəni ənənəvi dərslər zamanı müəllimlər fikirlərini daha aydın izah edir və dərsi tələbələrə daha yaxşı çatdırırlar”.

 

“Ən çox çətinlik çəkdiyim mövzu əvvəl də qeyd etdiyim kimi, bəzi çətin fənlərin tədrisi ilə əlaqəlidir. Ənənəvi təhsildə elədir ki, biz başa düşmədiyimiz bir məsələni dəfələrlə müəllimdən soruşa bilərik və o bizə lövhə üzərində geniş izahlar verə bilər. Onlayn təhsildə isə imkanlarımız məhduddur. Buna baxmayaraq, bütün müəllimlərimiz bacardıqları qədər çalışırlar ki, biz təhsilimizdən geri qalmayaq. Onlar əllərindəki məhdud imkanlarla öz işlərini sevərək davam etdirir və bizə təhsilimizdə kömək edirlər. Bunun üçün də bütün müəllimlərimə öz təşəkkürümü bildirirəm”, - deyə Zəhra Məmmədova sözlərinə əlavə edib.

 

Bakı Avrasiya Universitetinin tələbəsi Ceyhun Qasımov isə bildirib ki, onlar nazirin qərarından 1 həftə sonra onlayn dərslərə başlayıblar:

 

“Bizim universitetdə Təhsil Nazirinin qərarından 1 həftə sonra onlayn dərslərə başlanıldı. Onlayn təhsil bizi tam şəkildə qane etmir. Həm müəllimlər öz dərslərini yüksək səviyyədə keçə bilməkdə çətinlik çəkir, həm də bəzi tələbələr dərslərdə iştirak edə bilmirlər. Ənənəvi təhsilin yerini heç nə verə bilməz. Ənənəvi təhsildə tələbə-müəllim ünsiyyəti formalaşır. Ancaq buna baxmayaraq, nəsə öyrənməyə çalışırıq, bu böyük qlobal problem qarşısında aciz qalmırıq”.

 

AMEA-nın Fizika İnstitutunda “Nanoelektronika” ixtisası üzrə təhsil alan Arzu Zülfüqarovanın sözlərinə görə, onlayn təhsili qənaətbəxş hesab etmək olar:

 

“Martın 29-dan etibarən onlayn dərslər keçirik. Dərslərimizin bu şəkildə davam etməsi tam olmasa da, müəyyən qədər bizi qane edir. Ənənəvi təhsillə müqayisədə üstünlükləri əyani şəkildə göstərilməsi mümkün olmayan vəsaitlərin internet üzərindən göstərilə bilməsi, həm də evdən keçirildiyi üçün vaxt itkisinin olmaması, əksiklikləri isə tam dərs mühiti olmadığı üçün bəzən diqqəti dərsə yönəldə bilməməkdir. İnternetin zəif olması və onlayn dərs üçün nəzərdə tutulmuş proqramlarda çox yüklənmə olduğu üçün bütün tələbələrin eyni anda dərsə qoşulması bəzən vaxt aparır. Bütün fənlər onlayn şəkildə tədris olunur. İmtahanların onlayn keçirilməsi ilə bağlı isə hələ heç bir məlumat verilməyib”.